Fələk öz gərdişinə yoxsa peşiman oldu
Fələk öz gərdişinə yoxsa peşiman oldu Ki, bizim arzumuz ilə belə dövran oldu.
Düşmədik möhnət ilə, ğəmlə dolu guşəyə biz, Məskənü mənzilimiz barigəhi-xan oldu.
Ey fələk sayəli, xoş üzlü, günəş seyrətli, Bu fələkdən bütün işlər sənə asan oldu.
Bağdadın dövrəsinə xeymə qurarkən qoşunun Qorxudan əhli-Iraqın dili lərzan oldu.
Sən günəş tək cahana nur səpərkən, bir bax, Düşmənin ləşkəri ulduz kimi pünhan oldu.
Dövlətin Hilləyə qoyduqda qədəm bir anda, Nur alıb qübbeyi-sahib də fruzan oldu.
Bu əziz yerdə göründükdə qoşun əhli, hamı Baxdı bu dəbdəbəyə, qüdrətə heyran oldu.
Xəncərin vurdu Zübeydin sərini bir anda, Diqqətin döndü əcəb afəti-üsyan oldu.
Bayraq açdıqda bu yerlərdə sənin mərhəmətin, Rabiə nahiyəsi rovzeyi-rizvan oldu.
Kim qaçıb səndən uzaq oldusa, fərmanın ilə Tutulub tezlik ilə daxili-zindan oldu.
Kim ki, istərdi səni zaru pərişan oldu. Şükr kim, axır özü zaru pərişan oldu.
Bu ərəb ölkəsinə dəydi mübarək qədəmin, Gül açıb gör necə bir güllü gülüstan oldu.
Düşmənin istər idi ki, suda sən ğərq olasan, Özü axırda belə tö’meyi-tufan oldu.
Su isə oldu sənin əhlinə bir abi-həyat, Düşməni boğdu, ona xəncəri-bürran oldu.
Kim sənə sərkəş olub istər idi fateh ola, O, nəhayət baş əyib, bəndeyi-fərman oldu.
Bənzəyər düşmənin ol kafərə kim, əvvəllər Hərb edib qaçdı, gəlib sonra müsəlman oldu.
Küfrə bel bağlayaraq yoldan azanlar indi, Gördü Məhəmmədi tez sahibi-iman oldu.
Bir səfərdə sən iki qəl’ə alıb yüksəldin, Taleyin də iki qat əsrə nümayan oldu.
Belə tez əldə olan fəthə səbəb mə’lumdur, Səndəki sidqü vəfa, əhdlə peyman oldu.
Belədir qaidə kim, fəthə çatar dünyadə, Kim Əli dərgəhinə bəndeyi-fərman oldu.
Nəcəfin təxtinə sultan o Əlidir, çünki Qapısında nökəri huriyü qılman oldu.
Kim itaət edib ol feyzi-imamə bişək, Həqq önündə günəhi qabili-ğüfran oldu.
Ey Füzuli, sevinib şükr elə kim, eşqi-Əli Dini-islam ilə bu könlünə taban oldu.
* * *
Lüğət: Xan – süfrə, karvansara; Sayə – kölgə; Xeymə – çadır; Əhli – raz – sirr əhli, sirdaş; Dili – tirə – qaranlıq könül, tutqun könül; Lərzan – titrəyən; Pünhan – gizli; Afət – bəla, gözəl; Rizvan – behiştin xəzinəsi, cənnət; Meyi – nab – saf şərab; Abi – rəvan – axar su, çay; Peyman – əhd, söz; Qabil – qabiliyyətli, ağıllı; Taban – parlaq