Eylədi
Bulaqlar ağlımı başımdan aldı, Suları titrədi, göz-qaş eylədi. Gözəllər üstünə yığılan günü, Məni də gözündə bir daş eylədi.
Çiçəklər Günəşə göz vuran pəri, Ulduzlar göylərin naxışı, zəri. Allahın ilahi gözəllikləri, Çaşdırdı çoxunu çaş-baş eylədi.
Bir dağın gözündən axan yaşları, Sehrə, gözəlliyə əydi başları, Çınqıl qayaları, çopur daşları, Çevirdi, gözümdə daş-qaş eylədi.
Tanrı duaları deyir təbiət, Nurunu dağlara yayır təbiət, Təbiət şairdi, şair təbiət, Məni də özünə sirdaş eylədi.
2010, sentyabr