Eylə
Yeri, göyü, ərşi, kürşü yaradan, Adil padişahsan, ədalət eylə! Könlümün nöqtəsin çıxart qaradan, Məni doğru yola dəlalət eylə!
Bir sövdaya düşdüm, candan usandım, Heç kəsə demədim, ürəkdən yandım. Bir təmiz ad ilə ellər dolandım, Nə "çor" deyən oldu, nə "qələt" eylə.
Qəddim əyib, qəm xirqəsi geyirəm, Məhəbbət odundan taam yeyirəm, Leyli-nahar "ya hu!", "ya hu!" deyirəm, Çıxıbdı qəlbimdən "ibadət eylə".
Nə bəlaya düşdüm mən baxtı qara; Məhəbbət oduna heç olmaz çara. Qalmışam zindanda aciz, avara, Günahkar, sərgərdan, xəcalət eylə.
Xəstə könül, sürün dost irahına, Müşkülün həll edən qul pənahına. Ələsgər, yön çevir şahlar şahına, Yapış ətəyindən, şikayət eylə!