Əyilməz
Öz eşqi var hər ucalan zirvənin, Dağa təpə deyilməz ki, deyilməz. Şimşəklərin pəncəsində didilməz, Sel ağzında yeyilməz ki, yeyilməz.
Diri var ki, tez bükəsən ağlara, Ölü var ki, dayaq olub sağlara, Qarğaları qaldırasan dağlara, Qartal kimi öyülməz ki, öyülməz.
Hər ucalıq bir alçağa dərd olar, Üzdə gülər, ürəyində pərt olar. Ömrü boyu mətin olar, mərd olar, Sərt qayalar əyilməz ki, əyilməz!