Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi
Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi, Zövqi-didarilə könlümdə qərarım var idi, Bir üzarı mah, zülfü müşkbarım var idi, Ləbləri şəkkər, üzü gül tacdarım var idi, Bir cəmalı rəşki-bağü gülüzarım var idi, Sünbülüm, sərvim, gülüm, bağım, baharım var idi, Bir pəri peykər, mələk rüxsar yarım var idi, Kim hərimi-vəslinə busü kənarım var idi, Yar vəslindən, qərəz, xoş ruzgarım var idi, Eyləməzdim meyli-gül, ol gülüzarım var idi.
Rəşk edib dövri-zəmanə saldı firqət, aqibət, Qoydu ol mahə məni-nalani həsrət, aqibət.
Ey düri-yekta ki, yoxdur aləm içrə qiymətin, Dilrübalıqda tutub cümlə cahanı şöhrətin, Gərçi mən çəkdim rəhi-eşqində rəncü zəhmətin, Verdi hər gün yüz mənə yüz min bəlavü möhnətin, Oldu, ey gül, həm sənin hər xarə meylü ülfətin, Özgələr bəzmin münəvvər qıldı mahi-tələtin, Əlqərəz kim, oldu qismət qeyrə xani-vəslətin, Qaldı mən dilxəstəyə ancaq məlalü xiffətin, Ah, yüz min ah, əgər könlümdə qalsa həsrətin, Qət edər sərrişteyi-ömrümü tiği-firqətin.
Billah örtülməz məzarım ahü zarımdan mənim, Baş çəkər topraqdən əflakə suzü şivənim.
Bəs ki, hər şəb firqətindən eylərəm çox ahü zar, Halıma ağlar dərü divar, yeksər biqərar, Zəf olub qalib, məni dün xab alıb biixtiyar, Xab tutcaq çeşmimi, gördüm səni, ey gülüzar, Eylə bildim ki, degildir xab, sandım aşkar, Yalvarıb öpdüm əlin, düşdüm ayağə xaksar, Eylədim hicran əlindən çox şikayət bişümar, Kim, visalından məni dur etdi devri-ruzigar, Eylər idin Seyyidi həm vəslinə ümmidvar, Nagəh oldum xabdən bidar, gördüm yoxdu yar.
Qüssədən ta sübh olunca zarü bidar ağladım, Oldu cari gözlərimdən əşki-gülnar, ağladım.