Əsas məzmuna keç

Qəsidə

Ey üzü, qəddi, ləbi, xətti cahanə şur salan

Məhəmməd Füzuli

1

Ey üzü, qəddi, ləbi, xətti cahanə şur salan, Sərv qədsən, lalə üz, reyhan xətü, qönçə dəhan.

Nəqşü xəttü xalü şövqü zövq ilə dolmuş bu gün, Qəlb lövhü, göz kitabı, cism dürcü, gənci-can.

Göydə Ay, dəryadə dür, Çində sənəm, gülşəndə gül, Oldu zibü ziynətü hüsnü cəmalından nəhan.

Qoymamış rəftarü nazın, şiyvə həm qəmzən sənin: Təndə can, başda ağıl, qəlbimdə tab, canda təvan.

Rəngü rüxsarınla zülfü kakilindən borc alıb: Iy bənövşə, tab sünbül, ətr gül, rəng ərğəvan.

Xəttü rəftarü dişinlə ləblərinə rəşk edər: Müşk Çində, sərv bağda, dür dənizdə, lə’li-kan.

Olmamış lə’li-ləbin, ağzın, saçın, qəddin kimi Lə’l şirin, dürc xəndan, müşk tər, sərvi-rəvan.

Rəhm qıl kim, dağü dərdü zülmü cövründən olub Iş-peşəm fəryadü nalə, həmdəmim ahü fəğan.

Çıxdı canım, başda, gözdə, qəlbdə, canda durur, Qəm haman, sevda haman, möhnət haman, həsrət haman.

Neyləyim, çarəm nədir, necə dözüm, həmdərd hanı? Xəlq yaman, qəlbim dolu, sən yad, fələk namehriban.

Yox səbatü taqətü tabü təvanım kim, çəkəm, Yar edə naz, çərx edə cövr, xəlq tə’nə, dil fəğan.

Tapdı xəttü xalü rüxsarü gözündən daima: Göz işıq, qəlbim fərəh, ruhim qida, cismim təvan.

Yaxa xəttü xalü rüxsarü gözünü ol şəhin Damü divarü qapı, kəndarına sürtdün bir an.

Kim, zühurilə Iraqü, Çində, Rumü Farsdə Alçalı Xaqan, Qübadü Qeysərü Nuşirəvan.

Lütfü, elmi həm səxası, helmidir peyğəmbərin, Ram olub vəhşilə quş, aram tapmış insü can.

Sirri-fürqanındadır Tövratü Incülü Zəbur, Cəm olub ol nüsxədə cahü cəlalü qədrü şan.

Sərvəri, sərdari, sədri, seyyidi insanların, Mərkəzi-qütbi-cahandır, nüqteyi-dövri-zəman.

Ismü rəsminə, süfatü zatinə mədyun olub, Əvvəl, axır, aşikar, gizlin o şahın bigüman.

Üç məvalid, iki aləm, on üqul, səkkiz behişt, Yeddi ulduz, altı səmt, dörd təb’, doqquz asiman.

Ədlü ünsürdən, fələkdən nəfsdən əvvəl gəlib Tutdu ərşü kürsiyü lövhü qələm üstə məkan.

Cəbrəili, Rəfrəfi, Mikaili, Israfili Etdi meyli, mehri, zövqi, şövqi yolçu hər zaman.

Aləmi-lahutü nasutu, cəhanı, göyləri Seyr edib, görmüşdür, öyrənmişdir, etmiş imtahan.

Bağlıdır hökminə şimşək, ildırım, yağmur, bulud, Su, külək, torpaq, oda ol şah olmuş hökmran.

Şərqdə, qərbdə, şimal ilə cənubda hər nə var, Il və ay, gündüz, gecə quldur o sultanə, inan.

Tapdı meylü təb’ü rə’yinə mizacından nizam, E’tidal ilə keçər yay, qış, bahar ilə xəzan.

Feyzü lütfü xeyrü hüsnündən onun hasil olar: Istilik, şaxta, quraqlıqla rütubət eyni an.

Zülmü, cövrü, büğzu kini məhv qılmaq istəsə, Dərk edər vəhşilər ədlü, mərhəmət, əmnü aman.

Fil, ilan, aslan gözündə, sərv şaxində tutar: Milçək ev, qarışqa yer, ahu vətən, bayquş məkan.

Müslimü cəbrü yəhudi ya məcus olsun, bilir, Mö’cizini ol şəhin övrət, kişi, pirü cəvan.

Fikri, zikri, həm xəyalü mədhi iman əhlinə Ruh verər, nəş’ə verər, asudə eylər, kamran.

Münhəsirdir təl’ətü xülqinə, lütfü qəlbinə: Sürət hüsnü, xülq lütfü, incə qəlb, şirin zəban.

Açdı Musayə, Xəlilə, Isəvü Davud üçün Lütfü ehsanü kərəm lütf ilə bir süfrə haman.

Izzəti, qədri, məqamı, e’tibarı bəzminə, Adəmi, Idrisi, Nuhi, Xizri etdi mihman.

Sevgini, tə’zimi, lütfü, ülfəti, qəlbə səfa, Büğzü, kini, nifrəti, ikrahidir cismə ziyan.

Sirdə, sözdə, gedişdə, seyrdə dörd yar ona Yoldaş olmuş, həmnişindir, həmüzəngi həminan.

Sülh, də’va, əzmü təmkinə odur surət verən, Ömrü nəhyin, həllü əqdin nüktəsinə, tərcüman.

Qabilü məqbul, təqva, paklığın dörd qütbüdür, Elm, dinü, şər’ü adət xəznəsinə pasiban.

Huriyə, qilmanə, qəsrə, cənnətin gülzarinə, Rəhbər olmuş, həm bələdçi, həm dəlil, həm yol tapan.

Zatının mədhi, sifatın şə’ninə sığmaz sənin Nə rəqəmlər, nə hesabü, nə qiyasü, nə güman.

Xəlq ədlü lütfü cudu rəhni saxlar, necə kim Bəbəyi göz, gözü baş, başı bədən, cismisə can.

Dövlətin, cahü cəlalü qədr qəsri damına Əqlü nəfs, ünsür və göylərdən gərəkdir nərdivan.

Küfrü şirkü məkrü hiylə əhli qarşında sənin, Hər ələ alsa kəməndü, gürzü peykanü kəman,

Onları qırmaq, dağıtmaq, susdurub əzmək üçün, Hökmünə tabedir Ay, Ulduz, Günəşlə Kəhkəşan.

Şükr kim, qəlbində şövqü zövqü mehrin, dostluğun, Baqidir, həm də silinməz, sabit olmuş cavidan.

Sayəsində lütfü mehrü şəfqətinlə, bəxşişin, Kamə yetdim, kamım aldım, kamiranəm, kamiran.

Ay və il, axşam, səhər ta var, Füzuli xəstədə Qəlbdən, dildən əsər, ya cism ilə candan nişan,

Şövqü eşqü fikrü mədhin daima olsun ona, Ruh qidası, baş tacı, can mərhəmi, virdi-zəban.

* * *

Lüğət: Ləbi – meygun – qırmızı dodaq; Dəhan – ağız; Dürc – sandıqça; Gənc – xəzinə; Can – ruh, bədən; Sənəm – büt; gözəl; Tab – taqət; işıq; qıvrım; Kan – mədən yeri; Xəndan – gülən; açılmış; Rəvan – gedən; axan; ruh; Namehriban – məhəbbətsiz, vəfasız; Dil – ürək; Rüxsar – yanaq S; Qədr – dəyər, qiymət, məziyyət; Sərvər – başçı; Sədri – səfi-əzhar – çiçəklər səfinin başçısı; Mədyun – borclu; Bigüman – şəksiz, şübhəsiz; Təb – qızdırma; Kamran – xoşbəxt, arzusuna çatan; Xülq – təbiət; Zəban – dil; İkrah – iyrənmək; Həmnişin – yoldaş; Qabil – qabiliyyətli, ağıllı; Dəlil – yol göstərən; sübut; Əhli – raz – sirr əhli, sirdaş; Gürz – toppuz; Peykan – oxun ucundakı dəmir; Baqi – həmişəlik, qalan, daimi

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.