Əsas məzmuna keç

Gəraylı

Ey təzə qəbrin sahibi

Zəlimxan Yaqub

1

Ey təzə qəbrin sahibi, Sən var idin, yoxsan daha. Çəkən çəkdi, atan atdı, Yaydan çıxan oxsan daha.

Suyu torpağa qatdılar, Göz yaşıyla islatdılar. Gözünə torpaq atdılar, Gözü-könlü toxsan daha.

Yunus kimi dərya bizim, Məcnun kimi səhra bizim, Bu yalançı dünya bizim, Sən haqdasan, haqsan daha.

Ey təzə qəbrin sahibi, Dözümün, səbrin sahibi, İnsaf, iman, din sahibi, Beşcə arşın ağsan daha.

Suyu bulanmış dəhnədi, Bu dünya qanlı səhnədi. Sənin də qəbrin köhnədi, Bir ovuc torpaqsan daha.

2001, 15 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.