Əsas məzmuna keç

Qəsidə

Ey olan parlaq zəkası kainatın aynası

Məhəmməd Füzuli

1

Ey olan parlaq zəkası kainatın aynası, Öylə sirr yox ki, şüurundan tuta gizlin hicab.

Ənbər iyli bir niqab içrə o xamən dilbəri, Yüz gözəl əsrar üzündən qaldırar hərdəm niqab.

Surətinlə tapdı surət mə’rifət mülkü tamam, Etdi mə’na gəncini miftahi-kilkin fəthi-bab.

Sərvərim! Bir ömrdür ruhum bədəndə titrəyir, Ölmək üçün xaki-payindən çəkir hey iztirab.

Səndən ayrı, dərdə düşdüm üzrümü gəl et qəbul, Bu zəif tənlə, nə etmək, çəkməli oldum əzab.

Mən uzaq qalsam da, səndən qalmaram qəflətdə, bil, Var sənin dərgahinə ərzi-niyazım bihesab.

Yazmışam hali-dilim, amma kim, etmir bir əsər, Şərhi-dil göndərmişəm, amma ki, yoxdur bir cəvab.

Nə qədər xaki-dərindən duymayım xidmət iyi, Olmayır qarşında neyçün bu dualər müstəcab?

Xoş olar yazsa mənim ünvanımı mişkin qələm, Ya dilin mən barədə bir söz desə, eylər səvab.

Dəryadə adət budur uzaq, yaxın fərq qoymadan, Lütf ilə hər möhtacı, feyzindən eylər kamyab.

Kim yaxınsa bəxş edər dürrü sədəf, ikram ilə, Kim uzaqsa göndərər həm öz suyundan bir səhab.

Çeşmeyi-xurşiddə də vardır bu adət kim verər; Həm uzaq, həm də yaxın əşyayə surət, abü tab.

Göydə nurindən alır öz payını dövri-qəmər, Yerdə də ondan alır öz rəngi-alın lə’li-nab.

Ey səxavətdə olan yüksək, Günəşdən, dəryadan, Qoy sənə ehsanda olsun qul bu dərya, Aftab.

Mən uzaqda qalmışam yaxından artıq lütf qıl, Bu uzaqlıq təqsirin əfv eylə, gəl etmə itab.

Mən uzaqda olduğumçun lütfünə çox möhtacam, Ay Günəşdən dur olarkən nurlanar çox, mahtab.

Sən mənə lütf eylə bir fərmanla şad et könlümü, Çünki göydən hər zaman nazil olar ərzə kitab.

Ta nə qədri yerdə vardır böylə təmkinü sübat, Ta fələkdə adət olmuş böylə dövrü inqilab.

Dönməsin bir qəm qapından bəxtü iqbalın üzü, Yüksəlişlər etməsinlər taleyindən ictinab.

Hey dua eylər Füzuli gecə-gündüz bəxtinə, Başqa iş bilməz deyər: vəllahu ə’ləm bissəvab.

Lüğət: Hicab – pərdə; utanma; Xamə – qamış, qələm; Əsrar – sirlər; Gənc – xəzinə; Kilki – təqdir – qəzanın qələmi; Bab – qapı; fəsil; Sərvər – başçı; Xaki – tirə – qara torpaq; Dili – tirə – qaranlıq könül, tutqun könül; Dil – ürək; Mişkin – xoş qoxulu, qara rəngli; Fərq – baş; İkram – hörmət göstərmək; Çeşmeyi – həyat – dirilik bulağı, həyat bulağı, abi-həyat; Tab – taqət; işıq; qıvrım; Qəmər – ay; Nab – xalis, saf; İtab – danlaq, töhmət; Dur – uzaq; Mahtab – ay işığı; Qədr – dəyər, qiymət, məziyyət

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.