Ey müsəffa şişeyi-cövlaneyi-firuzəfam
Ey müsəffa şişeyi-cövlaneyi-firuzəfam, Mə’dəni-yaquti-səhba, gülbüni-gülbərgi-cam!
Qönçeyi-gülzari-hikmət, höqqeyi-şəhdi-səfa, Dürci-dürri-mə’rifət, me’yari-idraki-təmam.
Pərdədari-düxtəri-raz, dayeyi-bintül-inəb, Məhrəmi-sultani-mey, mətbui-əbnayi-giram
Əl dutub, düşmüşləri bir-bir əyağə duğruzan, Sərf edən varın könüllər açmağa hər sübhü şam.
Nazənin dilbər kimi əhbabə qanlar yudduran, Dərd ilən aşiq kimi qanlar tökən gözdən müdam.
Vəh, nə cövhərsən ki, bilməz hiç kim xasiyyətin, Əczi-övsafındadır təqsirə qail əqli-tam.
Gəh gülüb qəh-qəh, tər eylərsən dimağın məclisin, Gəh əgilüb xəlqə üzrilə qılırsan ehtiram.
Nə duadır bilməzəm qülqül deyib zikr etdiyin K’ol duanın hörmətin vacib bilibdir xasü am.
Əql alırsan, can bağışlarsan kəmali-sehr ilə, Divi salıb şişəyə, odu qılırsan suyə ram.
Gah durmaq, gah əgilmək, gəh əyağə düşməgin, Zahir eylər gəh sücudü gəh rüku’ü gəh qiyam.
Bir riyayi zahidə bənzər sülukin kim, ola Dışrası təqva ilən ziyba, içi dolu həram.
Yox, yox, ətvarin münəzzəhdir riyadən, şübhəsiz, Səndə müzmərdir xəvasi-şərbəti-yöhyül-izam.
Qılmasınlar tə’nə, gər meyxanələr seyr eyləsən, Sufiyi-safidərunsan, zairi-Beytül-həram.
Əl’əmanət, ey çiraği-əhli-qədrü e’tibar, Əlmürüvvət, ey nizami-əhli-izzü ehtişam.
Çün səfayi-niyyətin tövfiqi-hüsni-siyrətin, Qıldı qürbilən səni bəy xidmətində şadkam.
Umduğun sərmənzili-məqsuduna basdın qədəm, Kimsə məhrəm olmayan dərgahdə dutdun məqam.
Xatirindən çıxmasın məhrum olan üftadələr, Tanrıçün yadında tut gər düşsə təqribi-kəlam,
Ərzə qıl məndən dua ol mə’dəni-insafə kim, Feyzi-ədlilə pərişan mülk tapmışdır nizam.
Harisi-mə’mureyi-Bağdad, qütbi-əhli-Rum, Hamiyi-mülki-Həma, müstəhfizi-sərhəddi-Şam,
Veys bəy həzrətləri, xurşidi-övci-iqtidar, Şəhriyari-nikrə’yü nikbəxtü niknam.
Əmri-iqbalın mürəttəb qılmağa olmuş ona, Şam bir hindu kənizək, sübh bir rumi qulam.
Ol biri təzyini-xəlvətgahinə iqdam edib, Bu biri tərtibi-eyvanına eylər ehtimam.
Camə qılmış Cəm sifarişlər ki, yetgəc bəzminə, Öp əlin, ixlasımı ərz et, yetir məndən pəyam.
Badəyə Cəmşid əmanət yukləmiş kim, Tanrıçün, Görgəc onu düş əyağinə, yetir məndən səlam.
Ey xuraman sərv kim, ta dövrə gəlmişdir qədəh, Görməyibdir sən kimi bir türfə sərvi-xoşxüram.
Sağəri-xülqin nəsimindən müsəffadır dimağ, Badeyi-lütfin şəmimindən müəttərdir məşam.
Qanda kim, girdisə düşmənkam çıxdı cami-mey, Şükri-lillah kim, sənin bəzmində oldu dustkam.
Özgələr dövründə çox qan yuddurubdur sağərə, Dövri-zalim verməyib tərtib olan bəzmə dəvam.
Dövləti-cavid imdadilə firsətdir bu gün, Sağər iste’cal edib dövrandan alsa intiqam.
Sərvəra, fariğ deyil səndən Füzuli bir zəman,
* * *
Lüğət: Dəni – alçaq; Yaquti – əzmər – qırmızı yaqut; Səhba – şərab; Gülbün – gül budağı; Şəhd – saf bal; Dürc – sandıqça; Yari – can – sədaqətli dost; Düxtəri – rəz – tənək qızı, şərab; Raz – sirr; Bintül – inəb – üzüm qızı, şərab; Məhrəmi – raz – sirrə məhrəm, sirdaş; Şam – axşam; vilayət adı; Can – ruh, bədən; Müzmər – gizli; Xəvas – seçilmişlər, möhtərəmlər; Zair – görüşə gələn, ziyarət edən; Beytül – həzən – qəm evi; dini rəvayətdə Yəqubun Yusif həsrətində dörd yol ayrıcında qurduğu koma; Çiraği – məclisi-ğilmanü şəm’i-məhfilihur – qılmanlar məclisinin çırağı, hurilər yığıncağının şəmi D; Əhli – raz – sirr əhli, sirdaş; Qədr – dəyər, qiymət, məziyyət; Hüsni – göftar – söz gözəlliyi X; Şadkam – sevincək; Üftadə – yıxılmış, düşmüş; Təqrib – təxmin; Haris – əkinçi; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Niknam – yaxşı adlı, şöhrətli; Mürəttəb – tərtib edilmiş; Təzyin – zinətləndirmək, yaraşıq vermək; Pəyam – xəbər, peyğam; Badə – şərab; Sağər – qədəh, piyalə; Xülq – təbiət; Müəttər – ətirli; Qanda – harada; Cami – xoşgüvar – ləzzətli şərab; Sərvər – başçı; Fariğ – asudə