Əsas məzmuna keç

Heca şeiri

Ey mənim sevdiklərim

Zəlimxan Yaqub

1

Ömrüm, həyatım boyu sizə ehtiyacım var, Siz ehtiyac oldunuz, ey mənim sevdiklərim. Gözə işıq, qəlbə nur, ürəyə od, cəsarət, Dərdə əlac oldunuz, ey mənim sevdiklərim.

Udduğum havasınız, çəkdiyim nəfəssiniz, Sözsünüz, fikirsiniz, nəğməsiniz, səssiniz. Ordulardan güclüyəm, ordulara bəssiniz. Başımda tac oldunuz, ey mənim sevdiklərim.

Sonsuzluq olarsınız, ömür sürmək istəsəm, Pilləkən olarsınız, haqqı görmək istəsəm, Eşqimin meyvəsini nə vaxt dərmək istəsəm, Barlı ağac oldunuz, ey mənim sevdiklərim.

Sizi duydu varlığım, sizi gördü gözlərim, Üstümə dağ çöksə də, bükülmədi dizlərim. Əlvan bir xalı kimi toxunanda sözlərim, Əriş-arğac oldunuz, ey mənim sevdiklərim.

Ana qucağı kimi isti bir qucaqsınız, Üşüyən ürəyimi qızdıran ocaqsınız, Tapındığım qiblətək haqlısınız, haqsınız, Sevgimə tac oldunuz, ey mənim sevdiklərim. Peyğəmbər yolu kimi sizə dəydim qayıtdım, Eşqə merac oldunuz, ey mənim sevdiklərim.

2001, 8 yanvar Altıağac

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.