Ey könül, ol qovm kimdir, dutmağa kişvər gəlib
Ey könül, ol qövm kimdir, dutmağa kişvər gəlib Kim, o qövmün hasili daim fəsadü şər gəlib?
Gah ölüb, gahi dirilmiş hər biri ol kəslərin Kim, girib bir başqa rəngə, misli-cadugər gəlib.
Artıq-əskik olmamışlar bir-birindən heç zaman, Bir boya, bir ölçüyə malik olub, yeksər gəlib.
Şərqdən bə’ziləri əzm eyləmiş hində tərəf, Bə’zi hindli həm olubdur azimi-xavər gəlib.
Dəstə-dəstə rumlularla zəncilərdir, hər biri, Saf çəkib dörd cərgə bu meydanda sərtasər gəlib.
Öz evində həbsə salmış düşməni bə’ziləri, Bə’zisi düşmən evində həbsi qəmpərvər gəlib.
Ol qədər incə oyun, əlvan naxışlar göstərib Kim, təmaşa etməyə ay üzlü min dilbər gəlib.
Aləmə məşhurdur, duzəxdə var yeddi qapı, Bunlarınsa duzəxi nə sirridir, şeşdər gəlib?
Onların hər fərdinin şəxsi hesabi var, odur, Bu hesabi çəkməyə meydanlara məhşər gəlib.
Yan-yana evlər olan bir şəhrdir meydanları, Hər evi bir gəncdən tapmış zərü ziyvər gəlib.
Ixtiyarında on iki xanə var hər dəstinin, Seyr edər meydani hər fərdi necə əxtər gəlib.
Üç nəfər biganə daim onlara fərman verər Bu üçə üç on nəfər xidmətçi fərmanbər gəlib.
Hər üçü bir mərkəbin üstündə tutmuşdur qərar, Mərkəb ol meydanə hər dəm sanki bazigər gəlib.
Həm səvarini salar təşvişə rəqsi mərkəbin, Həm də mərkəb başqa bir tə’sirdən müztər gəlib.
Müxtəlif işlər o iki atlıdan zahir olur, Sanki, ulduzlar fələk dərbarinə ziyvər gəlib.
Bir mühərrik var ki, xaricdən qatar əl işlərə Varlığı meydandakı hər bir işə rəhbər gəlib.
Hasili yox fitnədən başqa bütün bu işlərin, Leyk, bunlar xilqətin övzainə məzhər gəlib.
Bütpərəst olmuşlar onlar adətilə cümləsi, Şər’i-peyğəmbərdən əl çəkmiş, olub kafər gəlib.
Pak bir gövhərdir ol seyyid ki, peyğəmbərlərin, Cümləsinə rəhbər olmuş, onlara sərvər gəlib.
Qəlbi dəryadır, ədalət nəqşi tapmışdır kəmal, Hər elə, hər ölkəyə bu nəqşdən ziyvər gəlib.
Pak mö’minlər səxavət feyzinə nail olub Qırmağa kafərləri əldə tutub şeşpər gəlib.
Sinəsində hər kəsin mehri onun yer tapmamış, Bir qırıq nərd taxtasıdır, layiqi-azər gəlib.
Sərf olubdur sə’yi daim dinə qüvvət verməyə Bu deyil nərd oynamaq ki, qəsdi ancaq zər gəlib.
Hüsn bəzmində bütün dilbərləri məğlub edib, Valehi olmuş o kəs kim, aləmə dilbər gəlib.
Dövləti-iqbalı ilə ey cəhanə nur saçan, Hikmətin səhralərə, dəryalərə ləngər gəlib.
Hər nə ki, bu dəhrdə üç ünsürün məhsuludur, Sən edibsən arzu, keçmiş əsr, illər gəlib.
Hər o kəs ki, asitanında sənin məskən salıb Asitaninə onun min sahibi-əfsər gəlib.
Hər hünər varsa cəhanə bəxş edibdir hümmətin, Bu bisati-aləmə təb’in hünərpərvər gəlib.
Rəhm qıl, şahım, Füzulinin pərişan halinə, Nərd daşından da onun vəziyyəti bədtər gəlib.
Axtarıb daim qəzanın zərlərindən kamini, Çatmamış kamə, qəzadən başinə qəmlər gəlib.
Bağlamış ümmidini biçarə, xaki-payinə, Kuyinə, etmiş dilində vəsfini əzbər, gəlib.
* * *
Lüğət: Kişvər – ölkə, məmləkət; Azim – əzm edən, bir tərəfə gedən; Xavər – gündoğan; Gənc – xəzinə; Xanə – ev; Fərd – tək; Əxtər – ulduz; Mərkəb – minik; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Müztər – çarəsiz N; Məzhər – bir şeyin zahid olduğu yer; Sərvər – başçı; Azər – od, atəş; Dəhr – zaman, dünya, aləm; Əfsər – tac; Təb – qızdırma; Xaki – tirə – qara torpaq