Əsas məzmuna keç

Qəsidə

Ey könül, kuyində mə’va qılduğun, yə’ni ki, nə?

Şah İsmayıl Xətai

2

Ey könül, kuyində mə’va qılduğun, yə’ni ki, nə? İtlərin kuyində qövğa qılduğun, yə’ni ki, nə?

Sakin olmaq Kə’beyi-kuyində yegdir dilbərin, Hər gərəkməz yerə pərva qılduğun, yə’ni ki, nə?

Qanlu yaşımnı yüzüm üstə rəvan edib müdam, Razi-pünhanım hüveyda qılduğun, yə’ni ki, nə?

Könlümi qıldun müşəvvəş bir tükənməz fikr ilən, Bu pərişan zülfi sevda qılduğun, yə’ni ki, nə?

Əşki-xunin bəhrə döndü çeşməsindən çeşmimin, Subesu yaşımnı dərya qılduğun, yə’ni ki, nə?

Vəchin əyyamında bu bəxti-siyahimni, şəha, Nibətini leyli-yəlda qılduğun, yə’ni ki, nə?

Hər dəm, ey Leyli nigarım, bəndəni Məcnun təki Valehi ğəmginü şeyda qılduğun, yə’ni ki, nə?

İstədim kuyində can verəm, şəha, tə’xir edib, “İnnə ənhəlhüm rüveyda” qılduğun, yə’ni ki, nə?

Xaki-payində məni ədnadən ədna eyləyib, Özüni ə’ladan ə’la qılduğun, yə’ni ki, nə?

Öldürüm derdin bu gün – danla məni, çıxdın xilaf, Bilməzəm imruzü fərda qılduğun, yə’ni ki, nə?

Lövhi-dildə böylə təskin dapmış ikən qəmləri Bir dəxi yenlədən inşa qılduğun, yə’ni ki, nə?

Çünki rəhmin yox məzarim üstinə bir daş edib, Ey vəfasız ani tuğra qılduğun, yə’ni ki, nə?

Gül yüzün övraqini gülşəndə xəndan eyləyib, Bülbüli-məhzuni guya qılduğun, yə’ni ki, nə?

Asmağ içün canımı bir qıl ilən, ey novnəhal, Sərv tək qəddini peyda qılduğun, yə’ni ki, nə?

Çünki dildən yoxdurur meylin məni-dilxəstəyə, Mərhəba əhlən və səhla qılduğun, yə’ni ki, nə?

Çak edib gün tək giribanini hər dəm gözünə Sübhdəm yüzini peyda qılduğun, yə’ni ki, nə?

Çünki dövr etməz əyaği məclisi-üşşaq ara, Ləblərin cami-müsəffa qılduğun, yə’ni ki, nə?

Qüdrətidir sanei-pakin, ona insan demə, Sən ani manəndi-əşya qılduğun, yə’ni ki, nə?

Leyli zülfinin xəyali-eşqilən Məcnun təki Məskənini kuhü səhra qılduğun, yə’ni ki, nə?

Səcdə qılmağçün dilərsən qaşları mehrabini, Özünü sən əhli-təqva qılduğun, yə’ni ki, nə?

Valideynin mə’nisin yad eyləyib hər dəmbədəm Cahidül-ləfzində fənna qılduğun, yə’ni ki, nə?

Ayağı tozunda ol sərvi-rəvanın, ey könül, Vermək içün can mühəyya qılduğun, yə’ni ki, nə?

Sidrə birlən müntəhayə qəddini təşbih edib, Qədrini “Vətturi-Sina” qılduğun, yə’ni ki, nə?

İstər idim qurtulam gəldikcə bir-bir qüssədən, Günbəgün dərdim müsənna qılduğun, yə’ni ki, nə?

Eşigində binəvayə iltifatın kəm qılıb, Hüsn ilən özüni qərra qılduğun, yə’ni ki, nə?

Ey Xətayi, xak ilən yeksan olub ol mah içün, Əzmi-sevdayi-Sürəyya qılduğun, yə’ni ki, nə?

Lüğət: Pərva – qorxu, rəğbət; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Müdam – davamlı, həmişə; Razi – dil – ürək sirri; Hüveyda – bəlli, aşkar; Müşəvvəş – qarışıq, həyəcanlı; Vəch – səbəb, üz; Leyli – yelda – qışın ən uzun gecəsi; Nigar – sevgili, bəzəkli; Şeyda – vurğun; Ədna – alçaq; İmruz – bu gün; Fərda – sabah; Tuğra – gerb, dövlət nişanı; Xəndan – gülən; Peyda – aşkar, tapılmış; Çak – yırtıq; Müsəffa – saflaşdırılmış; Manənd – bənzər, tay; Mehrab – məsciddə qiblənin istiqamətini göstərən dairəvi yer; Müsənna – ikili, iki hissə; Hüsn – gözəllik; Xak – torpaq; Yeksan – bərabər, düz; Mah – ay

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.