Əsas məzmuna keç

Müxəmməs

Ey hərir içrə tənin, mütləq bülur içrə gülab

Məhəmməd Füzuli

1

Ey hərir içrə tənin, mütləq bülur içrə gülab, Köksün abi-rövşən, ol ab üzrə dügməndir hübab. Böyləsən məhbub, yox nəzzarənə aləmdə tab, Vay əgər tezcik çıxıb, sərpib ləçək, salsan niqab, Hiç şək yox kim, səni görcək olur aləm xərab.

Dil çəkib zərrin o tağın, verdi lə’lindən soraq, Tutdu ol göftar içün lə’li-binaguşin qulaq, Zülfünə həmdəm daraq, aşüftə mən ondan iraq, Diş salıb hər piçü tab açdıqca zülfündən daraq, Rişteyi-canımğa rəşkimdən düşür yüz piçü tab.

Ey üzü gül, köynəgi gülgunü donu qırmızı! Atəşin kisvət geyib, odlara yandırdın bizi. Adəm oğılundan sənin tək doğmaz, ey zalım qızı. Ayü gündür hüsn bəhsində cəmalin acizi, Guiya atan məhi-tabandır, anan afitab.

Al saç bağında mişkin saç pərişanhaliyəm, Sim-saq üzrə qızıl xəlxallər pamaliyəm, Sanma xəlxalın kimi mehrindən, ey məh, xaliyəm, Arizin dövründə zərrin silsilən timsaliyəm, Qəmzən oxundan həzin canımda yüz min iztirab.

Sürmədən gözlər qara, əllər hənadən lalərəng, Hiç şahid yox bu rəng ilə ki, sənsən şuxü şəng, Vəsməli qaşın yaşıl tozlu kəman, qəmzən xədəng, Qəmzəvü qaşinə meyl eylər Füzuli bidirəng, Quş əcəbdir qılmamaq tirü kəmandan ictinab.

Lüğət: Hərir – ipək, ipəkdən toxunmuş paltar; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Zərrin – qızıldan qayrılma; Aşüftə – pərişan, dağınıq, özünü itirmiş, qarıxmış; Gülgun – gül rəngli, gül üzlü; Kisvət – paltar; Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Həzin – qəmli, qayğılı, qüssəli; Şahid – gözəl; Vəsmə – qaraltmaq üçün qaşa yaxılan maddə; Xədəng – ox; İctinab – çəkinmək, uzaq durmaq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.