Ey dadmayan zəmanə ara eşq şərbətin
Ey dadmayan zəmanə ara eşq şərbətin, Bəs ağzının haçan bilisən söylə ləzzətin? Get rahat ol, səninlə bizim yoxdu karımız, Qoy biz çəkək bu badiyənin bari-möhnətin. Biz xazini-əmanəti-eşqik ki, kirdgar, Sənduqi-sinəmizdə qoyubdur əmanətin. Eşq olmasaydı, olmaz idi hüsn müştəhir, Hüsn olmasaydı, eşq itirmişdi şöhrətin. Ərz etdi hüsn aləmə məşuqeyi-əzəl, Eşq eylədi qəbul onun dərdü zəhmətin. Eşq idi kim, Xəlilini hifz etdi nardən, Söndürdü bir xitab ilə narın hərarətin. Məcnunu hüsni-Leyli idi dərbədər qılan, Eşq idi artıran buların bunca rütbətin. İsanı çərxi-çarümə qalxızdı eşqi-həqq – Kim, vasil etdi xaneyi-xurşidə rüfətin. Şirinin eşqi eylədi Fərhadı təlxkam, Əzra həvası Vamiqin artırdı xiffətin. Hüsn idi Yusifi eləyən şöhreyi-cahan, Eşq idi artıran o Züleyxa məhəbbətin. Hüsn ilə eşq olmasa, hasil nə dəhrdən, Bieşq kimsə anlamayıb sirri-xilqətin. Sövt ilə hüsn nuri-əla nurdur gözüm, Məndən soruş bu töhfələrin qədrü qiymətin. Davud hüsni-sövtini Talutdən soruş, Calut anlamaz bu işin sirrü hikmətin. Ləhni-hudilə şurə gəlir naqeyi-ərəb, Ey şeyxi-kəcməniş, oxu bari rəvayətin, Ey şeyx, sanma eşqi-məcazi bu eşqi sən, Bu nüktənin məcazdə gördüm həqiqətin. Hər yerdədir xudayi-əhəd nuru cilvəgər, Vəhdət gözilə bax, biləsən sirri-vəhdətin. Ğeyr əzvicudi-həqq yox imiş cilvə göstərən, Gördüm mən, eyni vəhdət imiş cümlə kəsrətin. Aləmdə olsa idi xudabin olan gözün, Hər şeydə sən görərdin əyan həqq surətin. Ol gün ki gördü yarımı Adəm, behiştdən Düşdü həvayi-vəslinə, tərk etdi cənnətin. Axırda oldu mötəkifi-babi-dövləti, Darüssəlamə vasil olub tapdı behcətin. Seyr et Nəcəf diyarını, qap dürri-vəhdəti, Bundan ziyadə mən nə açım yar söhbətin? İnsanı xəlq eylədi öz surətində həqq, Bax arizi-nigarıma, gəl gör əlamətin. Varımdı Misri-qəlbdə bir Yusifi-əziz, Həqq doldurubdu könlümə mehrü müvəddətin. Ol Yusif eşqi eylədi vadar kim, məni Təhrir edim bu növ ilə Yusif hekayətin Gəh qazeyi-kəlam qılar hüsni-Yusifi, Gəh faş edər o mahə Züleyxa iradətin. Şayəd ki, rəmzdən olan agah halıma, İzhar edə bu aşiqi-zarə inayətin. Ey dil, bu halə gətdi səni badeyi-vila, İnkar qılma piri-muğanın kəramətin. Seyyid, bir özgə rəmz göründü bu nəzmdən. Hal əhlinin bu rəmz füzun etdi halətin.