Ey Allahı sevənlər
Qulaq asın haqdan gələn səslərə, Qulaq olun, ey Allahı sevənlər. Qucaq açın Allah deyən kəslərə, Qucaq olun, ey Allahı sevənlər!
Allah olsun dilinizin duası, Allah olsun gözünüzün şüası. Allah olsun qəlbinizin mayası, Çıraq olun, ey Allahı sevənlər!
Gözəlliyin taxtı-tacı qurulsun, Vurulanlar dönsün bir də vurulsun. Sizə baxsın, bulananlar durulsun, Bulaq olun, ey Allahı sevənlər!
Çeşmə duru, dəniz duru, qum duru, Gül üstə şeh göz yaşından dumduru. Hikkənizi içinizdə dondurun, Uşaq olun, ey Allahı sevənlər!
Dinsizlərin insafından, dinindən, Nifrətindən, qəzəbindən, kinindən, İblisindən, şeytanından, cinindən, Uzaq olun, ey Allahı sevənlər!
Göyə baxın dan ulduzu doğanda, İşıqlanın, nur zülməti boğanda. Haqqın nuru yağış kimi yağanda, Torpaq olun, ey Allahı sevənlər!
Ayaz dəymiş yanaqları qızdırın, Şaxta vurmuş barmaqları qızdırın, Buza dönmüş otaqları qızdırın, Ocaq olun, ey Allahı sevənlər!
Yükünüzü, çəkinizi tanıyın, Allah adlı təkinizi tanıyın, Yerə baxın, kökünüzü tanıyın, Budaq olun, ey Allahı sevənlər!
Könül dostum bir Günəşdi, bir Aydı, Qəlbimdəki haqdan gələn haraydı. Zəlimxanın ürəyi bir saraydı, Qonaq olun, ey Allahı sevənlər!