Əsas məzmuna keç

Qoşma

Əvəzə əvəz

Zəlimxan Yaqub

1

Ömrümün barlı bir bağ-bostanı var, Arası kəsilmir daş atanların. Görəsən Allahdan xəbəri varmı, Qəlbində şeytanı yaşadanların.

Kinlə, küdurətlə kim daş atıbsa, Sevgimlə o daşı aş eyləmişəm. Qoyub o nifrəti ayağım altda, Sevgimi hər şeydən baş eyləmişəm.

Üzümün nurunda gizlətdim qəmi, İçimdən çürütdü bu dərdlər məni. Dedi-qoduların oduna yandım, Rahat buraxmadı namərdlər məni.

Mən Allah yolunu tutum əzəldən, Ondan güc gəlirsə boşuna gəlmir. Heyf ki, Allahın xoşuna gələn, Heç yerdə şeytanın xoşuna gəlmir.

Zirvəyə çıxmağım asan olmadı, Yoxuşlar dizimi apardı getdi. Ətimdən ət kəsdi qarayaxmalar, Ömrü parça-parça apardı getdi.

Nə qədər fürsətlər çıxıb əlimdən, Bir gün də canımdan nəfəs çıxacaq. Bir vaxt sevindirdi bu dünya məni, Bir gün qəmləndirib əvəz çıxacaq.

2010, 5 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.