Etməmişdir zövqümün şəhdini aludə həva
Etməmişdir zövqümün şəhdini aludə həva, Arizu etməz könül şə’nim ucalsın bir daha.
Hər kədər yetdi, könül min şövq ilə etdi qəbul, Keçdi ömrüm qəmdə, oldu qismətim dərdü bəla.
Səbr möhnətdən ağırdır, mən çox etdim imtahan, Artdı dərdim, möhnətim, etdikcə səbrə iltica.
Xilqətim xəlqin rizasını qəbul etmiş mənim, Vay o kəsdən kim, həyatında işi olmuş riya.
Xeyrxah insanlara verməz həsəd əhli aman, Yağdırar tə’nə oxu xeyr işlərə, qılmaz həya.
Istərəm pünhan olam gözdən, məzəmmət etməyin, Dəhrdə darül-əmandır, təkcə künci-inziva.
Mən həyasızlar əlindən qaçdım üzlət mülkünə, Bu alınmaz qəl’əni onlar mənə etmiş əta.
E’tibar əhlinə tə’nə dərd olur, təhqir olur, Tə’nəyə tab eyləyən kəslər gərək rüsvay ola.
E’tibarı at, qəbul et dəhrdə rüsvaylığı, E’tibar insanları min dərdə eylər mübtəla,
Hər acı möhnət mənim bir sağəri-səhba kimi, Könlümə ləzzət verər, həm ruhuma zövqü səfa.
Əql üzündən vadiyi-heyrətdə sərgərdan ikən Eşq çatdı dadimə, oldu mənə bir rəhnüma.
Bir qədəh içdikdə eşqin saf meyindən, anladım Mən kiməm, hansı məqamə layiqəm bu dəhr ara.
Zayil oldu lövhəsindən qəlbimin qəm izləri, Yetdi şadlıq dəmləri, oldu qəmin hali fəna.
Aşiq oldum qaməti sərvi-rəvan bir dilbərə, Göydəki aydan gözəldir sevdiyim ol məhliqa.
Qəlbimin mülkündə eşqi bir ulu sultan olub, Başqa bir hissə könüldə qalmamışdır yer daha.
Əks edib hüsnün kəmali ay cəmalında onun, Bu məqamin sahibi yox hüsndə səndən səva.
Sən’ətimlə xəlq olunmuş eşqimin ülviyyəti, Şövq ilə, vəcd ilə hər bir qəlb mədyundur ona.
Cilvəgər oldu cəmali, nuri tə’sir etdi kim, Eşqi məskən tutdu qəlbimdə, gözüm tapdı ziya.
Alnı hüsnün mülkünün təxtində tutmuşdur qərar, Qaşları dərban olubdur ol böyük şahənşaha.
Qaşları mehrabə oxşar, qarşısında diz çöküb Məqsədə çatmaq ümidilə hamı eylər dua.
Səf çəkib kirpikləri, sanki müəzzin səsləmiş, Hüsnünə səcdə üçün qalxın namaza bir daha.
Mən “təşəhhüd” söyləyirkən, bu qara barmaqlarım Xətt kimi bir sayə salmış səfheyi-rüxsarına.
Hüsnünün vəsfində insanlar elə aciz qalıb Kim, zəka əhli onun təhqiqini gərmüş rəva.
Söyləyər bə’ziləri: xalilə o, şöhrət tapıb, Xal ilə aşiqləri məftun edib rüxsarına.
Başqası söylər: çəkərkən hüsnünün təsvirini, Xətt gözəl düşsün deyə, ol nöqtəni qoymuş qəza.
Qəddi ruhin bağçasında ətrli bir şaxədir, Göz yaşilə aşiqin daim tapar nəşvü nəma.
Başinə döndüm onun ömrüm boyu pərvanə tək, Hasili oldu fəqət bu sə’yimin cövrü cəfa.
Qaməti-mövzununa könlüm vuruldu, bilmədi Kim, o nəxlin meyvəsini nəhy qılmışdır xuda.
Kim onun gül cismini oxşatsa ruhə, səhv edir, Kim belə təşbihə yol versə olar əhli-xəta.
Fikrini görmək olardı saf qəlbində, əgər Olmasaydı cisminə pərdə kimi hayil qəba.
Bu lətafət kim, onun cismində var, idrak ilə Bir nəzər sal, hisslərdən qüvvələr olmuş cüda.
Vəhmlə saldım nəzər, gördüm lətafətdə onun Paltar altında bərabərdir vücudi yoxluğa.
Paltarı altında cismi incəlikdən qeyb olub, Sanki bir qətrə sudur, çökmüş yağışdan torpağa.
Nail olmaq vəslinə əl çatmayan bir qayədir, Vəslinə talib olanlar dərdə olmuş aşina.
Hər qədər əhli-vəfa var, hüsnünə olmuş əsir, Bir əsirə meyl qılmaz, ehtiyacı yox ona.
Gəl məni öldür!– dedim, susdu, sevindim, çünki mən Bu sükutunda onun dərk eylədim rəmzi-riza,
Qəlbimə bir cür’ə damdı saf suyundan eşqinin, Yə’simi ümmidə təbdil eylədi ol kimiya.
Nə nəsihət dinlədi könlüm, nə söz etdi qəbul, Mane oldum, baxmadı, şurə gəlib etdi nəva.
Istəməz qəlbim kədərdən, qüssədən olsun xilas, Hər qədər çox olsa da, dərdilə etməz iktifa.
Ol qədər düşmüş zəif qəlbim ki, incə fikr ilə, Yoxluğundan varlığı təcrid edilməz mütləqa.
Rədd qıldı hər öyüd verdimsə, düşdüm heyrətə, Mən susarkən ağladı, qəm şö’lə saldı canıma.
İstiqamətdən uzaqdır məndəki həssas ürək, Səbr ilə, təşviş ilə olmuş bəlayə mübtəla.
Olsa hər kəs mübtəla aləmdə hicran dərdinə, Çox çətindir çarəsi, vəsli-ruxi-yar olmasa.
Sevgilimdən ayrı düşdükdə qəmim tüğyan edər, Vəslinə talib olarkən can olur təndən cüda.
Iczimə tədbiri-dərmanımda, etdim e’tiraf, Vəsli də, hicranı da tə’sir qılmaz halına.
Hər təbibə dərdimi açdım, mənə verdi cəvab: Bir elə dərdə düşübsən kim, ona yoxdur dəva.
Bəlkə Allah lütf edə, sən tək günahkar bəndənin Dərdinə öz iltifatilə edə dərman əta.
Ol rəhimin əfvidir hər bir günahı məhv edən, Hər ağır dərdə onun əfvində sən axtar şəfa.
Ol kərəmi-mültəqin vacib olubdur bizlərə, Fəzlinə həmdü səna vird eyləyək sübhü məsa.
Hikməti elmi-kəmalın həddini aşmış onun, Hansı dil qadirdir etsin vəsfini sözdə əda?
Vəslinə müştaq olan bimar olur, dilbərlərin Vəslilə hicranda aşiqlər duyar xovfü rica.
Qəlbi hüsnə müştəri olmuş bütün aşiqlərin, Vasitə olsun bu sevdadə gərək əhdü vəfa.
Hər bəlayə aşiqin təb’i, şüuru meyl edər, Ol səbəbdən hüsni-bazari qızışmışdır daha.
Barilahi, meylimi artır mənim dilbərlərə, Qeydi-təqvadən məni lütfünlə sən eylə rəha.
Qəlbimin amalı tək mə’şuqimin didaridir, Qoy məni aləmdə məşhur eyləsin bu macəra.
Ol qədər düşmən kəsilmiş kim, həsəd əhli mənə, Eşqimi nöqsan sayıb, haqqımda söylər iftira.
Surəti-halimdə görsən də cünundan bir əsər, Qəlbimə ziynət verər ancaq mənim sidqü səfa.
Fəzlim ilə mən bütün dünyada şöhrət tapmışam, Heç füzulluq bilmərəm adım Füzuli olsa da.
Əhli-şərrin iftirasından məni eylə xilas, Barilahi, sən bihəqqi-əhli-beyti-Mustəfa.
Sən cəmal əhlində qıldın aşikar öz hüsnünü, Tapdı təqva əhlinin çeşmi gözəllərdən ziya.
Kim fəsad ilə qıyas eylər gözəllər eşqini, Xoşdurur böylə fəsad üçün verilsə hər cəza.
Mən gözəl surət görəndə şövq üzündən hər zaman, Söylərəm: səlli əla bər itrəti-Ali-əba.
* * *
Lüğət: Şəhd – saf bal; Ariz – yanaq; İltica – sığınmaq; Əhli – raz – sirr əhli, sirdaş; Pünhan – gizli; Dəhr – zaman, dünya, aləm; Darül – əman – sığınacaq yeri; Üzlət – yalqız yaşamaq; Əta – bəxşiş; Tab – taqət; işıq; qıvrım; Sağər – qədəh, piyalə; Səhba – şərab; Vadiyi – ğəm – qəm səhrası; Rəhnüma – yol göstərən; Ara – bəzəyən; Qaməti – mövzun – yaraşıqlı boy; Rəvan – gedən; axan; ruh; Mədyun – borclu; Sayə – kölgə; Nəxl – xurma ağacı, fidan; Sal – il; Talib – tələb edən; rəğbət göstərən, istəyən; Can – ruh, bədən; Bəndə – qul, kölə; Rəhim – bətn; Məsa – gecə; Dil – ürək; Xovf – qorxu; Müştəri – Saturn ulduzu; Təb – qızdırma; Hüsni – göftar – söz gözəlliyi X; Amal – əməllər, arzular; Didar – üz, camal, görüş; Cünun – dəlilik Ç; Beyt – ev; şerin iki misrası; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli