Əsas məzmuna keç

Heca şeiri

Etiraf eylə

Zəlimxan Yaqub

2
Bir akademikə tövsiyə

İnanmıram, vicdan adlı silahın olub, İnanmıram, başın üstə Allahın olub, İnanıram, dağlar boyda günahın olub, Çoxlarını sürümüsən belədən-belə, Heç olmasa bircə dəfə etiraf eylə!

Dönə-dönə haqq yolunu azdığın yetər, Dərin-dərin quyuları qazdığın yetər, Düzü tərsə, xeyri şərə yazdığın yetər, Qəzəb seli cəsədini atmamış çölə – Heç olmasa bircə dəfə etiraf eylə!

Həqiqətin meyvələri dərilir indi, Nə əməlin sahibisən, sorulur indi, Öldürdüyün kimlərdirsə, dirilir indi, Daha bəsdi yıxdığın ev, qurduğun tələ, Heç olmasa bircə dəfə etiraf eylə!

Dünən asdın-kəsdin Rəsulzadəni, Qəlbi böyük, ruhu incə, özü sadəni. Bu gün onun şərəfinə vurdun badəni, Necə verdin Müsavatı qırğına, selə – Heç olmasa bircə dəfə etiraf eylə!

Çəkinmədin bu millətin bircə kəsindən, Yurd dağıldı, ocaq söndü bayquş səsindən. Qorx zamanın qəzəb adlı məhkəməsindən, Nə qədər ki, nəfəsin var, gec deyil hələ, Heç olmasa bircə dəfə etiraf eylə!

Sürgünləri, Sibirləri unutmaq olmur, Sibirdəki qəbirləri unutmaq olmur, Daşa dönmüş səbirləri unutmaq olmur, Olanları olduğutək gətirib dilə – Heç olmasa bircə dəfə etiraf eylə!

Alimliyin gələnləri öymək üçünmüş, Arifliyin gedənləri söymək üçünmüş, Yazdıqların yıxılanı döymək üçünmüş, Bu danılmaz dəhşətləri sən bilə-bilə, Heç olmasa bircə dəfə etiraf eylə!

Dağ çeşməsi duruluqdu, axar suya bax, O hikmətə sevə-sevə, duya-duya bax, Təmizlənmək! Təzələnmək! Bir arzuya bax, Hissi duru, beyni təmiz, qəlbi saf eylə, Heç olmasa bircə dəfə etiraf eylə!

Bircə dəfə yüngülləşən günahın olsun, Bircə dəfə vicdan adlı silahın olsun, Bircə dəfə başın üstə Allahın olsun, İnsaf dinin yarısıdı, bir insaf eylə, Heç olmasa bircə dəfə etiraf eylə!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.