Əsas məzmuna keç

Qoşma

Etiraf

Zəlimxan Yaqub

1

Gəlib düşdüm genişlikdən darlığa, Neylədisə mənə şəhər eylədi. Sığışmazdım yerə, göyə, varlığa, Şəhər məni lap birtəhər eylədi.

Qəlbim, ruhum təmiz deyil, saf deyil, Tüstülərdən, dumanlardan göz açmır. Qələmim də zəhərlənib elə bil, Neçə vaxtdır çiçəklərdən söz açmır.

Dar qəfəsdə könül gəlməz həvəsə, Dar küçəyəm, dar döngəyəm, dar dalan. Bu dərdimi söyləmərəm heç kəsə, Kimdi burda dərd dağıdan, dərd alan.

Mən şəhərdə, xalq əkində, biçində, Torpağıma bənd olmağım gözəlmiş. Şəhər oldum bu şəhərin içində, Kəndə dönüb kənd olmağım gözəlmiş!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.