Əsir söz
Elə söz var dilnən demək çətindi, Dilə gəlsə ağızları yandırar. Yazan olsa külə dönər varaqlar, Qələmləri, kağızları yandırar.
Dillə deyə bilmədiyin bir sözü Qaşla demək, gözlə demək çətindi. Dağ yarmağa, daş çapmağa nə var ki, Söz var, onu sözlə demək çətindi.
İçimdə bir daş zindan var, daş qəfəs, Qırx il orda dustaq olan sözüm, vay. Nələr çəkdim mən o sözün əlindən, İradə vay, dəyanət vay, dözüm, vay.
O dustağın keşikçisi özüməm, Ürəyimdə söz girovdu, söz əsir. Canım çıxır, o söz çıxmır dilimdən, Dodağımda yarpaq kimi söz əsir.
Söz canında dustaq olan şairi Özü salıb məşəqqətə, əzaba. Hər şairin qəlbində bir qəbir var, Hər şairin içində bir xaraba.
2007, 10 sentyabr