Eşqimiz
Alovdur ürəyi, işıqdır canı, Oddan, ildırımdan qopar eşqimiz. Çevrilib Günəşin zərrələrinə, Torpağın ruhuna hopar eşqimiz.
Saz kimi çalınar, ney kimi dinər, Ürəkdən alışar, ürəkdən sönər. Səadət görəndə Fərhada dönər, Qayalı dağları çapar eşqimiz.
Könlünü açsa da çaldığım bu saz, Bizə illər boyu naz eyləyər, naz. Səadət hər zaman qarşıya çıxmaz, Axtara-axtara tapar eşqimiz.
1978, 8 yanvar