Eşq divanəsiyəm bişələr olmuş çəmənim
Eşq divanəsiyəm bişələr olmuş çəmənim, Rişteyi-eşqilə zəncirlənib nəxli-tənim. Fariğəm əql qəmindən, nə qəmim var mənim «Pənbəi-daği-cünun içrə nihandır bədənim. Diri olduqca libasım budur, ölsəm kəfənim».
Hər məcaz əhlinə aşiq demək olmaz ey dil, Eşq sahiblərinə can gərək olmaz ey dil. Bax yanan atəşə, pərvanə tək olmaz ey dil, «Canı canan diləmiş verməmək olmaz ey dil, Nə niza eyləyəlim ol nə sənindir nə mənim».
Can xilasın diləməm qeydi-qəmim tovqundan, Xoşdur üşşağə bəla riştəsi məşuqundan. Qaynaşır şişəyi-qəlbim ələmin zövqündən, «Daş dələr ahım oxu şəhdi-ləbin şövqündən, Nola zənbur evinə bənzəyə beytül-həzənim».
Aşiqəm şöhrətü fəxrim də cünuniyyətdir, Aləmi-eşqdə hüşyarlıq ən qəflətdir. Vərtəi-bəhri-xirəd dərdü qəmü möhnətdir, «Tövqi-zənciri-cünun dairəi-dövlətdir. Nə rəva kim məni ondan çıxara zəfi-tənim».
Vadiyi-pürxətəri-eşqdə heyran gəzərim, Həmdəmim ahu fəğan, zəmzəməi-nalələrim, Ağlaram, göz buludundan tökülür eşqi-tərim, «Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim. Bir hübabəm ki, havadan doludur pirəhənim».
Ey salan eşqə məni min qəmə yarım sənsən, Lövhi-qəlbimdə mənim nəqşü nigarım sənsən. Gülşəni-ömrüm ara lalə üzarım sənsən, «Bülbüli-qəmzədəyəm bağu-baharım sənsən, Dəhanü qəddü rüxün, qönçəvü sərvü səmənim».
Yox Şəfai, deyiləm aşiqi hər əyyarın, Can fədayəm rəhi-eşqində fəqət əxyarın, Yağsa da başıma tiği-sitəmi əğyarın, «Edəməm tərk Füzuli səri-kuyun yarın Vətənimdir, vətənimdir, vətənimdir vətənim».