Eşitdi
Eşqimi qəlbimdə saxlayammadım, Çiçəyə sirr açdım, çəmən eşitdi. Yarpağın qoynuna baş qoyub yatan, Torpağın şəhdini əmən eşitdi.
Yel vurdu, titrəşdi ləçəklərdə zər, Gülün yanağında puçurlandı tər. Əlüstü hər yana çatdı bu xəbər, Dağların başında duman eşitdi.
Qara yellər kimi əsmək istədi, Küsdürmək istədi, küsmək istədi, Şeytan aralığı kəsmək istədi, Şübhə qanadlandı, güman eşitdi.
Düşdüm ürəklərə gur işıq kimi, Sarıldım güllərə sarmaşıq kimi. Yaxşını çağırdım bir aşıq kimi, Səs ona çatmamış, yaman eşitdi.
Ölkələr dolaşar fikrin hər anı, Coşdurar həvəsi, qaynadar qanı. Eşqim durnalarla gəzdi dünyanı, Bağdada söz getdi, Yəmən eşitdi.
Sevilən bilir ki, sevən haqlıdır, Fikirlər, xəyallar qol-budaqlıdır. Zəlimxan, asta din, yer qulaqlıdır, Sevgini vaxt duydu, zaman eşitdi.