Əsas məzmuna keç

Heca şeiri

Əsgər qardaşıma məktub

Zəlimxan Yaqub

2

Arxaya çəkilsən, arxa – uçurum, Kənara dayansan, kənar – ölümdü. Kişinin qeyrəti coşar – qələbə, Kişinin vüqarı sınar – ölümdü!

Yurdun iti hürməz, atı kişnəməz, Keşikdə igidi, əri yoxdusa. Torpağın altında rahat yatammaz, Torpağın üstündə yeri yoxdursa!

Unutma amansız bir həqiqəti, Vətəndaş yoxdursa, Vətən də yoxdur. Torpaq olmayanda, daş olmayanda, Köklü ağac olub bitən də yoxdur!

Yadların yeminə, suyuna döndük, İçilə-içilə gedirik elə. Böyüyə-böyüyə tarixə gəldik, Kiçilə-kiçilə gedirik elə!

Tüstü burum-burum yüksəlir göyə, Duman içindədir Azərbaycanım. Şübhələr, gümanlar yedi, doğradı, Güman içindədir Azərbaycanım!

Özün qaz səngəri, özün aç yolu, Dumandan, gümandan çıxart milləti! Ən güclü ordunun zərbəsinə dön, Ən ağır zamandan çıxart milləti!

Qələbə pay deyil, hədiyyə kimi, Gətirib hardansa verələr sənə. Özün qazanmasan lənət oxuyar, Bu dağlar, bu düzlər, dərələr sənə!

Güvənə bilməsən öz qüdrətinə, Oyuncaq əllərdə oyun olarsan. Ordunun içində məğrur bir kişi, Sürünün içində qoyun olarsan!

Gördük qazancını qoyun olmağın, Mən bu gün möhtacam şir oğlu şirə. Torpağı silkələ, göyü parçala, Döndər məmləkəti ocağa, pirə!

Zaman göstərəcək öz aynasında, Nelədi, kim hansı tərəfə döndü. Kim xalqı tapşırdı şərəfsizlərə, Kim xalqın yolunda şərəfə döndü!

Mənim şah damarım, mənim sağ gözüm, Mənim dağ tərəfim sən olmalısan. Millət taleyini tapşırıb sənə, Ən böyük şərəfim sən olmalısan!

Satqına, alçağa, xainə dönsən, Düşmənin oxuna, yayına dönsən, İblisin, şeytanın tayına dönsən, Sən də qurtarmasan Vətəni dardan, “Yoxdur umacağım pərvərdigardan!!!”

Misra Səməd Vurğunundur.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.