Əsgər qardaşım
Dünən sinə gərdi atan düşmənə, Bu günə sinəni sən gər, qardaşım! Vurulan yaralar heç sağalmayıb, Qanlı-qadalıdı səngər, qardaşım!
Mən qardaş demərəm sənə ürəkdən, Hər gün ayıq gəzib, sayıq olmasan. Cavanşir elinə, Babək yurduna, Həzi torpağına layiq olmasan!
Uzaq sahillərdə keçsə də ömrü, Mehdi xəyalından uzaq olmasın. Cəmili xatırla, Mərdanı düşün, Kök varsa, mümkünmü budaq olmasın?!
Analar cəbhəyə məktub yazanda, “Susdurun, durmasın yağılar!” – dedi. “Zalımın sarayı, zülmün binası Haqqın əlləriylə dağılar”, – dedi.
Oğullar and içdi al bayraqlara, Fürsəti yağıya, yada vermədi. Milyonlar ömrünü bada versə də, Qeyrəti, şərəfi bada vermədi.
Vətən o vətəndi, torpaq o torpaq, Bir sözün mənası sənə bəs olsun! Onun hər qarışı qoy səndən ötrü, Daha da müqəddəs, müqəddəs olsun!
Sülhün keşiyində dayanan əsgər, Önə bax, çəkilmə bir addım geri. Qoru gözün kimi, bəbəyin kimi, Baxdığın səmanı, gəzdiyin yeri.
Ağlın kəsə-kəsə, göz görə-görə, Dünya neçə dəfə yanıb, son olub. Birinci gülləni səpiblər yerə, Cücərib bəhrəsi neytron olub.
Əsrin, insanlığın səadətini İtirmək asandır, qazanmaq çətin. Əsgər şərəfini qorumaq gərək, Həm ağlın işləsin, həm cəsarətin!
Bir də alışmasın dilsiz körpələr, Düşün Buhenvaldı, düşün Xatını. Bu torpaq güc versin biləklərinə, Möhkəm sıx döşünə avtomatını!