Əritdi cismimi möhnət, nəsibim oldu fəna
Əritdi cismimi möhnət, nəsibim oldu fəna, Zəfər qazandı məhəbbət, çoxaldı dərdü bəla.
Dedim ki, əql məni qurtarar bu möhnətdən, Tutuşdu eşq oduna yandı, zail oldu o da.
Könül ki, talibi-dərdü qəmü-məhəbbətdir, Çətin ki, onda nəsihət əsər edə peyda.
Səbati-eşqimə yetməz xələl məlamətdən Ki, dərdü qəmlə olar aşiqin məqami uca.
Səlam ola o mübarək cəmalə kim, hər an Məhəbbət aləminin bədridir o mahliqa.
Bütün könüllər olub sərv qəddinə mail, Qərar cahani, qoparsa bir anlığa qovğa.
Sən, ey məhəbbəti könlümdə rişələr atmış, Səbatı ilə edən qəlbimi qərini-səfa.
Mənim yeganə muradım sən oldun aləmdə, Könül bir özgəsinə meyl eyləməz əsla.
Cahanda başqasına salmaram məhəbbətimi, Sənə bu ruh, bu canımla, bu mülkü mal fəda.
Əlim yəqin çatacaqdır vüsal daməninə Ki, səndən hissü əlaqəm deyil bir an da cida.
Səni sevənlər içində bərabərim yoxdur, Səninsə hüsndə yox mislin, ey mələksima.
Sənə cahanda verilmiş məlahət ilə cəmal, Təbiətinlə yarandın yeganə, müstəsna.
Sənin məhəbbətin ilə könül gələr şövqə, Adındır əzbər olubdur dilimdə sübhü məsa.
Bu eşq tazələnər, daima coşub artar, Həqiqidir, əbədidir bu sönməyən sevda.
O qarə xalını məndən gəl etmə pünhan sən Ki, göz həmişə arar gördüyünü aləmara.
İti baxışlı məni sanma kim, xəyalın ilə Gözümdə az qala zülmətsəra olub dünya.
Könül, rəqiblərin hiyləsindən olma əmin Ki, hiylə dostları düşmən edər, salar də’va,
Rəzilə dost olanın hasili rəzalət olur, Həzər qıl aqibətindən, rəzilə dost olma!
Həqir sanma, mənim hər sözüm nəsihətdir, Səmimi dostunam, ixlasımı bilir o xuda.
Füzulinin sözünə diqqət ilə sən qulaq as Ki, həqdir hər nə deyərsə, nə məkrdir, nə riya.
Sığındı bari-təalayə ta ki, hifz etsin, Zəmanə əhli fəsadindən eyləməz pərva.
* * *
Lüğət: Talib – tələb edən; rəğbət göstərən, istəyən; Peyda – zahir, aşkar olmaq; Məlamət – məzəmmət, danlaq; Bədr – on dörd gecəlik ay. Məhəmmədin müharibələrindən birinin adı; Mahliqa – ayüzlü; Rişə – saçaq, kök; Əlim – bilik sahibi; Məsa – gecə; Pünhan – gizli; Aləmara – dünyanı bəzəyən; Əmin – inanılmış, mötəbər; Həqir – etibarsız, aciz; Bari – giran – ağır yük; Əhli – raz – sirr əhli, sirdaş; Pərva – qorxu, kömək