Əsas məzmuna keç

Qəsidə

Ənis ül-qəlb

Məhəmməd Füzuli

1

* * *

Mənim könlüm sədəfdir, sözlərimdir dürri-qəltani. Dənizdir elmim, Allah feyzidir neysan barani.

Təaləllah, nə incə incilərdir kim, bəzək vurmuş, Qulaqla boynuna onlarla dəhrin əhli-ürfani.

Dilin guya bu dəryayə, bu dürcə bir yolu vardır Ki, hər saət səxavətlə bəzər dürr ilə dünyani.

Əgər heyvan danışmazsa, ona insan deyən olmaz, Könül əhli dil ilə eyləyir bilməz təşxis insani.

Nədir illət ki, heç kəs öz dilinin qədrini bilməz, Təbiidir ki, lə’lin qədrini bilməz onun kani.

Sözün şə’ni o əndazə böyükdür ki, müəllimlər, Sözün məhsulu bilmişlər düani, vəhyi, Qur’ani.

Sən ey söz dilbərinə ziynətü ziyvər verən insan, Libasi-mə’rifətdən qılma gəl məhrum o canani.

Kifayətlənmə səslə, hərflə, mə’nada feyz axtar Ki, Davudi nübüvvətdir əziz etmiş, nə əlhani.

Rəva görmə canın çıxsın bədəndən kəsbi-ürfansız Ki, irfan kəsbinə canın bədən olmuş dəbistani.

Demə bir zərrə torpaqdır bədən, diqqətlə seyr etsən, Görərsən eyləmiş yüz Xizri avarə biyabani.

Çalış ürfan qazan, ta əql olsun hökmünə tabe, Büsati bərhəm ustadın əlində olmaz imkani.

Demə can boş qəfəsdir, bir düşün, əslini tədqiq et, Bəsirət əhlini gör kim, bu sirrin olmuş heyrani.

Biliksiz olduğuna e’tiraf et, alim olsan da Ki, nadandır demişlər görcəyin məğrur danani.

Riyakarlıq gətirsə zöhdi təqlid etmə, qıl nifrət, Təkəbbür artırarsa elm, yeydir məncə nisyani.

Deyil Allah üçün zahid edirsə məscidi tə’mir, Təşəxxüs satmağa istər işə salsın o dükkani.

Çevirsə barmağı təsbih, aldanma, riya bil sən, Sayır görsün çatırmı almağa dünyani, imani.

Əgər peymanəsi dolsa həmişə meylə bir rindin, O, şeyxdən yaxşıdır ki, xaliq ilə süsdü peymani.

Əgər bir kəs vurarsa elmdən dəm, bil ki, cahildir, O hardan anlayır hikmətdəki əsrari-pünhani?

Elə gizlənməmişdir ki, həqiqət sirri gözlərdən Ki, açsın hikmət əhli əql üzündən bu müəmmani.

Güman etmə ki, hikmətdən xəbərdar idi Əflatun, Həqiqət elmdən agah alim sanma Loğmani.

Yaranmış sə’d ilə, ya nəhs ilə hər şəkl fitrətdə, Çətindir uğrasın təğyirə dövr etməklə dövrani.

Cəhalətdir səbəb rəmmal hər yerdə məkan salsa, Bütün işlərdə hakim zənn edər ənkisü Ləhyani.

Münəccim əqlinin naqisliyindən iddia eylər Ki, hər işdə müqəssir tutmalı Bərcisü Keyvani.

Gözəl, ya çirkin olsun hikmətin hər hökmü baqidir, Xələl yetməz ona çərxin yerindən qopsa ərkani.

Həris axmaqlığından zənn edər tənbəl həris olmuş, Və ya öz sə’yi sərvət sahibi etmiş çalışqani.

Təbib nadanlığından iddia eylər ki, hər dərdə Səbəb pəhrizi pozmaqdır, bilər pəhrizi dərmani.

Gözü doymaz hərisin dəhrdə, çünki həris insan Olarsa şahi-Iran, tutmaq istər mülki-Turani.

Tamahla odlanan bir qəlbin heç vaxt atəşi sönməz, Qızıldan ötrü şiddət kəsb edər hər ləhzə böhrani.

Cahan asayişi təkmilinə bir kəsdə yox qüdrət, Odur sonsuz yola salmış tamah aləmdə insani.

O kəs ki, arzular xəlqin malından hər saat, hər gün Bəzəkli süfrədə olsun kəbabi, həm də büryani,

Onun qəlbi yanarmı zülmdən büryan olan qəlbə, O rəhm eylərmi görsə xəlq udur qəmdən cigər qani.

Olarsa şah zalim, xəlq xoş gün görməz aləmdə, Xilas olmaz bəladən bir qoyun, qurd olsa çobani.

Sənin xeyrin üçün kəndli ağac əkmişdir, ey hakim, Kəsib təxt qurma ondan, eyləmə mə’yus dehqani.

Ləbi qəlbindəki daği sağaldan bir güləndamın, Ləbini dişləmə, ey bimürüvvət, olma gəl cani.

Nə lazımdır sənə bir təxt kim, qayıq kimi axsın O göz yaşı selində kim, tökər məzlum müjgani.

Şərik tək pay alırsan kəndlinin daim qazancından, Sənin borcundur olmaq kəndli malının nigəhbani.

Onun malı talandıqda cərimə çəkməli sənsən, Cərimə kim çəkər, indi ki, sən etdin bu talani?

Kim istər şahlara olsun yaxın, mətləb gülü dərsin, Görər yolda tikan düzmüş çomaqdan şah dərbani.

Xəzinə tapmaq ümmidilə bir insan rəvadırmı, Zəhərli əjdəhalar çənginə salsın şirin cani?

Gədani gözləyərsə təhlükə şahlar hüzurunda, Gərək tövbə edib, nə şahi görsün o, nə dərbani.

Gəda öpsün gərək haciblərin hər gün çomağından Ki, hifz etmiş bəladən, mən’ qılmış qürbi-sultani.

Belə bir qayda var, insan qaçar divlər məkanından, Demək insan deyil onlar ki, məskən etdi divani.

Deyilsən şahların halından agah, dərk qılmazsan Ki, şah xəlqi soyar, ancaq verər ə’yanə ehsani.

Zərurət qarşısında verdiyi ehsan səxavətmi? Məgər şah xeyrinə xəlqi çalıb çapmazmı ə’yani?

Səxavət əhlidir ancaq o kəslər ki, riya bilməz Görər bir gözlə ehsan süfrəsində dostla düşmani.

Qızıldandır, gümüşdəndir kərimin atdığı hər ox, Sağaldar yarəsini düşmənin dəydikdə peykani.

Fəqirin olsa idraki, bu sadə əmri dərk etsə Ki, ta sağdır, ona ruzi verər tə’yidi-sübhani.

Nədən ötrü gərək fəğfur ilə xaqanə baş əysin? Nədən ötrü gərək tə’rif etsin Keylə Kəsrani?

Xudadən qeyrinə könlün evində vermə yer, zinhar, Əmini-Kə’bədən bütxanə gəl etmə o mə’vani.

Varınsa əql, özün tək qafili mürşid qəbul etmə, Büt anlarmı gətirmişdir ona iman röhbani.

Sədaqətlə yapışma damənindən ol kəsin, ey dost Ki, qalmışdır təəllüq pəncəsində öz giribani.

Çıxarsa qarşına hər şey onu iynə kimi deş, keç Ki, iynə saxlamış yoldan göyə qalxan Məsihani.

Bir arif aləmə nifrət edərsə, var yeri, çünki Onun hümmət səməndinə gəlir dar dəhr meydani.

Bu alçaq ruzigarə bağlanarmı bir dilavər ki, Vurar doqquz fələk fövqündə idrak ilə cövlani.

Əsasi qəflət olmuşdur həyatın, yoxsa kim istər Bina tiksin, fələk yıxsın, aparsın sellər eyvani?

Tikər eyvanı Kəsra, qaldırar Keyvanə, bilməz ki, Onun hər kərpici təmsil edər bir başqa Kəsrani.

Könül vermə cahanə, varlığı təşvişdir canə, Zəvali bağrı qan eylər, qılar mə’yus insani.

Çəkil, üzlətdə yer tut, kimsəsiz qaldıqda bir insan, Mələklər qorxulu gündə olar ənsarü ə’vani.

Fəna bir mülkdür, asudədir xəlqi hər afətdən, Xilas olmaq dilərsən fitnədən, gəl fani ol, fani.

O kəslər ki, yeməz dünya qəmi, qorxmaz qiyamətdən, Siratin dərdini çəkməz, düşünməz və’zi-mizani.

Malın varsa, onu sərf et, əgər sən kamil insansan, Çatarsan bil kəmalə sərvətin tapdıqda nöqsani.

Deyilsən kəm qəmərdən, keç özündən, vəsli-canandır Ki, ay incəlmək ilə tez tapar xurşidi-tabani.

Fəqir olsan da şad ol, şam kimi gül, odda yansan da, Ki, odla canlanan şəm’in alovdur abi-heyvani.

Ölüm haqdırsa öl üsrətdə, ne’mət dərdinə qalma, Ölüm üsrətdən azad olmağı ne’mət kimi tani.

Olan bir dərdə adətkərdə dərman dərdinə qalmaz, Dəyişməz bir cəhənnəm maliki rizvanə niyrani.

Behişti hər kəsin bir zövqdür, körpə uşaqlarçün Ana ağuşu cənnətdir, bal arxı dayə püstani.

Kəmali-eşqdən dəm vurmağa ol kimsə layiqdir Ki, cananın qəminə nəzr edib qurban edə cani.

Deyil canana aşiq, mütləq öz caninə aşiqdir O aşiqlər ki, can dərdindən istər vəsli-canani.

Ayırsın yaxşını pisdən bəni-adəm – deyə xaliq Nəsihətnamə şəklində bizə göndərdi füqrani.

Fəqət tutsun deyə üstün dəvadən xəlq bu dərdi, Ələm hərfilə hikmət katibi yazdı bu ünvani.

Qəmi olmazsa, heç vəqt xaliqi yad eyləməz bir kəs, Kim Allahi sevər, istər ki, qəmlə keçsin hər ani,

Varın artanda kibr ilə fəqirə az şəmadət qıl, Onunla tez səni yeksan edər bu çərx dövrani.

Gözündən yaş axıt kim, hər muradın cabəca olsun, Yağış feyzilə torpaq bəsləyər sünbüllə reyhani.

Tədarük gər o dünyayə, bu dünyada ki, xoş keçməz Qışı ol kəslərin ki, yayda yad etməz zimistani.

Zəmanə əhlinə bel bağlama hüsni-cəmalınla Ki, Yusif hüsnünə qıldı həsəd namərd ixvani.

Güvənmə qüvvənə, laqeyd baxma məkri-dünyayə Ki, salmışdır tora yüz Rüstəmi bir Zal dastani.

Əgər aqilsən olma hiyləsindən düşmənin qafil, Unutma Adəmi yoldan çıxardan məkri-şeytani.

Düşün, hər danəsi bir zərrə əlvan torpaq olmuşdur, Bu şahlar tacinə ziynət verən lə’li-Bədəxşani.

Zəmanə şahların başına tədriclə səpər torpaq, Uşaq tək aldanar onlar görüncə şəkli-əlvani.

Fələk tərsinə dövr etsə, sən olma əmrinə mayil, Qonaqçın olsa qatil, qaç evindən, olma mehmani.

Başında şur vardırsa, onu hər zövqlə pozma, Ucuz bir qiymətə vermə əlindən gənci-sultani.

Ürəkdə vermə yer dərdinə hər bir lalərüxsarin, Saqın, hər zülfü ənbər dilbərin olma pərişani.

Şoranlıq torpağa səpmə səfa toxmu, olar zaye, Samanda ətr axtarma, gülə oxşatma yovşani.

Sənin tək çoxları dəm vurdular eşqü məhəbbətdən, Dəyişcək surət, oldu eşqinin cümlə peşimani.

Şirin hər vəslin ardınca acı bir ayrılıq vardır, O vəsli istəməz bir kəs düşünsə dərdi-hicrani.

Fəqih Allaha doğru axtarır yol masəvəllahdan, Əcəb naqisdir onlar ki, bilər mürşüd o nadani.

Tapar həqq axtaranlar həqqi fir’onun cəlalından, Bu işdə mö’cüzə vadar edər fir’on Musani.

Əgər bir kəs xudanın varlığına istəyir isbat, Bütün varlıqdır Allah varlığının əsl bürhani.

Rəhimdən başlamış əqlə dolunca hər bir insanın Yetər ruzisi Həqdən lazım olmaz sə’yi tavani.

Vurarkən əqldən dəm, o qədər əqli olar naqis, Sanar ki, sə’yinin məhsulu olmuşdur əti, qani.

Nədən bilməm təkəbbürlə özündən dəm vurar Nəmrud Ki, yox bir milçəyin şərrini dəf etməkçün imkani.

Xudadən qeyri acizdir hamı, fərz et, Süleymandan, O torpaq uddu kim, daim ona cariydi-fərmani.

Əgər bir şəxs insandır, yetər qorxsa bir Allahdan, Əgər divdirsə qorxmaz toplasan da yüz Süleymani.

Fəsadi-küfrdə görmüş səlahi sahibi-hikmət, Onunçun yoxsa hər bir batilin asandı bütlani.

Gül istər bəsləsin dehqan, onu hifz etmək istərkən Tikan divarla hər yandan gərək hörsün gülüstani.

Zəmanə zalimi zalim əlilə məhv edər bil kim, Düyümlü taxtanı həmvar edər nəccar suhani.

Çox iman küfrə mədyundur, bu həqdə Yusifi yad et Ki, büt qaytardı pis yoldan onu, dəf etdi üsyani.

Sən ey Allahın əmrinə itaət etməyən qafil, Sənə layiq deyil, fərq et onu firdövsü rizvani.

Çalış olma o əndazə cəhənnəmdə üzü qarə Ki, nifrət eyləsin səndən cəhənnəm qiri, qətrani.

Soyarkən kafəri hər dəm deyərsən ki, həlal işdir, Sözün indi nədir bəs kim, soyursan hər müsəlmani.

Bu dünya dalğalı dəryadır, ondan bir kiçik qətrə Göründü Nuh dövründə, dedilər Nuh tufani.

Boğulmaq qorxusundan bu dənizdə hər bir avarə, Atar əl-qol, üzər, lakin keçə bilməz bu dəryani.

Muradə çatsın aşiq, qoy cahan ziri-zəbər olsun, Boğulmaq bilməz ördək, dalğa qoy titrətsin ümmani.

Deyil mümkün ola mə’yus bir kəs xaliq əffindən, Deyilsənsə yalançı, naümid olma, onu tani.

Əgər həqq feyzinə müqbil ola qabil, ümidim var Ki, müdbirdə dəxi zahir olar asari-ğüfrani.

Xuda gər əcr versə, hər kəsə əmali qədrincə, Behiştdə görməz heç bir kəs nə hurini, nə qılmani.

Əgər bir səhv üçün məhrum olarsa xəlq cənnətdən, Behişt əhli bilək onda gərək biz təkcə Rizvani.

Çalış xəlqə xeyir ver, xoş sifətlərlə qazan hörmət, Arı bal vermək ilə əldə etmiş şöhrəti, şani.

Bəzərsən cismini bica yerə əlvan libas ilə, Gəlibsən lüt cəhanə, lüt edərsən tərk dünyani.

Muradın hər iki dünyadə səbr ilə olar hasil, Çalış səbr eylə, tə’min eylə dünyani, həm üqbani.

Iki dünya işi öhdəndədir, sən isə acizsən, Qəribə bir işə düşdün, çətindir məncə səhmani.

Məgər Peyğəmbərin pak ruhu lütfən dadına çatsın, Iki dünyada tapsın hər çətinlik rahi-asani.

Nəbidir, haşimidir, əbtəhi, ümmi və məkkidir, Əli din xəznəsinə bir açardır, mərhəmət kani.

Yüz Ibrahim olubdur qəndili şəm’inə pərvanə, Üzü bir eydi-əkbərdir, yüz Ismayil qurbani.

Süleyman mülkünün son sahibidir xacəyi-Səlman, Onun Səlmaninə xidmətçi bilmişlər Süleymani.

Deyil Musa ona tay, Vadeyi-eymənsə Bədhayə, Nə Yusifdir onun misli, nə Kə’bə misli-Kən’ani.

Xudaya, şükr, asayişdən ötrü bir bina tikdim, Ki, səbrü elmü hilmin mayəsindən oldu bünyani.

Bu qəsri tikmədim tək mən, əsasın qoydu üç kamil, Tanıtdı aləmə Şirvani, Dehlini, Xorasani.

Evin üç küncünü Xaqani, Xosrov, Cami tikmişdi, Mən isə eylədim Bağdaddə təkmil ərkani.

Füzuli kamiyab olmazdı öz sə’yilə bu işdə, Yaratdı onların ruhu onunçün böylə imkani.

Ilahi, rəhm qıl avarə bir insanə aləmdə Ki, ömrünü edib zaye, yazar bu hərzə-hədyani.

Xeyr, hədyan deyil, aləm bilir qiymətlidir şe’rim, Odur dərya olan bu qəlbimin dürr ilə mərcani.

Ilahi, könlümə hər elmdən pay ver, bilirsən ki, “Mənim könlüm müəllimdir, mənəm tifli-dəbistani”*.

Çıxardı təb’i kanindən polad bir nəzm Xaqani, Səfa ayinəsində aləmə göstərdi Şirvani.

Ona Xosrov ziya verdi, Xorasanə rəvan etdi, Gəzib əldən-ələ xeyli zaman Dehliylə Məltani.

Cila verdi ona Cami, alıb göndərdi Bağdadə, Bu töhfə şad qıldı xadimani-Şahi-mərdani.

Mənim kor tə’bim ondan bixəbərdi bir zaman, əmma Mən ariflər əlindən qapdım ol yaquti-rəxşani.

Mənim nəzmimlə ol ayinə bir ziynət qazanmış kim, Baxan olmuş camalında kəmali-hüsnün heyrani.

“Ənis ül-qəlb” adı verdim o məhbubə, budur arzum Ki, olsun mə’rifət əhli olan məclisdə cövlani.

Yetər bunca cəmali gizli qaldı pərdə altında, Qoy olsun indi də ariflərin şəm’i-şəbistani.

Onu Iran zəmindən Darül-ədli-Rumə göndərdim Bu ümmid ilə kim, olsun əmin əllər nigəhbani.

Ona tə’sir qılsın dövləti Sultan Süleymanın Ki, ta fəth eyləsin öz şöhrətilə külli-dünyani.

Lüğət: Baran – yağış; Dəhr – zaman, dünya, aləm; Əhli – raz – sirr əhli, sirdaş; Dili – tirə – qaranlıq könül, tutqun könül; Dil – ürək; Qədr – dəyər, qiymət, məziyyət; Nübüvvət – peyğəmbərlik; Dəbistan – məktəb; Can – ruh, bədən; Nisyan – unutmaq; Peymanə – böyük qədəh; Peyman – əhd, söz; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Əsrari – nihan – gizli sirlər; Pünhan – gizli; Nəhs – uğursuz; Keyvan – ulduz adıdır; Baqi – həmişəlik, qalan, daimi; Çərxi – çənbəri – dairəvi səma; Atəşi – bim – qorxu odu; Ləbi – meygun – qırmızı dodaq; Daği – dil – ürək dağı; Tapmaq – ibadət, pərəstiş etmək; Qürb – yaxınlıq; Kərim – səxavətli, kərəmli; Peykan – oxun ucundakı dəmir; Ruzi – həşr – məhşər günü; Zinhar – saqın; Əmin – inanılmış, mötəbər; Giriban – yaxa; Dar – bina, ev; Üzlət – yalqız yaşamaq; Ənsar – yardımçılar; Məhəmmədi Məkkədən Mədinəyə çağıran qəbilələrin böyüklərinə verilən ad; Afət – bəla, gözəl; Kəm – az; Qəmər – ay; Taban – parlaq; Şam – axşam; vilayət adı; Abi – rəvan – axar su, çay; Üsrət – çətinlik; Bal – qanad; Kibr – böyüklük, qürur, təkəbbürlük; Yaş – körpə mənasında işlənilir; Hüsni – göftar – söz gözəlliyi X; Gənc – xəzinə; Lalərüxsar – lalə üzlü, qırmızı yanaqlı; Bürhan – dəlil, sübut; Rəhim – bətn; Mədyun – borclu; Fərq – baş; Rizvan – behiştin xəzinəsi, cənnət; Ümman – böyük dəniz; dərya; Müqbil – taleli; Qabil – qabiliyyətli, ağıllı; Müdbir – talesiz, bədbəxt; Nəbi – peyğəmbər; Xosrov – padşah, hökmdar; Cami – xoşgüvar – ləzzətli şərab; Təb – qızdırma; Rəvan – gedən; axan; ruh; Xeyl – dəstə, tayfa; Bim – qorxu; Yaquti – əzmər – qırmızı yaqut; Rəxşan – işıqlı, parlaq; Ənis – həyan, həmdəm; Şəbistan – yataq otağı; Zəmin – asiman – yer-göy; Darül – əman – sığınacaq yeri

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.