Əsas məzmuna keç

Heca şeiri

Ən böyük qəhrəmanlıq

Zəlimxan Yaqub

1

Qanqalların içində çiçək ömrü yaşamaq, İblislərin içində mələk ömrü yaşamaq, Ən böyük qəhrəmanlıq!

Hiylədən uzaq olmaq məkrin odu içində, Dili təmiz saxlamaq dedi-qodu içində, Ən böyük qəhrəmanlıq!

Qarasında batmamaq qəlbi, ruhu hislərin, Toruna ilişməmək tamahdan hərislərin, Ən böyük qəhrəmanlıq!

Başsızların içində salamat baş saxlamaq, Huşsuzların içində iti yaddaş saxlamaq, Çiyində dağ gəzdirib, ürəkdə daş saxlamaq, Ən böyük qəhrəmanlıq!

Qarnına nökərlərin, mədəsinə qulların, Var-dövlətin içində mənəvi yoxsulların, Qara qəpiyə dönmüş dəbdən düşən pulların, zamanında yaşamaq, Göz tökən xəbislərin dumanında yaşamaq, Ən böyük qəhrəmanlıq!

Nə qədər əlləşirsə, çəkilmir bu dumanlıq, Eh, birdimi, beşdimi insan tutan yamanlıq. Yamanlığın içində yaxşılığı bacarmaq, Ən böyük qəhrəmanlıq!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.