Əmrah dayı
Qışın oğlan vaxtı bir hava çaldın, Açıldı könlümdə yaz, Əmrah dayı. Bulaqlar qaynadı, gözlər süzüldü, Gözəllər elədi naz, Əmrah dayı.
Min ömür uzadıb, ömür üzməyib, Yersiz oynamayıb, yersiz süzməyib. Usta bağlamayıb, zərgər düzməyib, Sənə haqdan gəlib saz, Əmrah dayı.
Adın bir şöhrətdir obaya, elə, Zəlimxan adına nə yazıb hələ. Yüz il yaşasan da sən indən belə, Az olar yenə də, az, Əmrah dayı.