Əməyin hökmü cahan mülkünü abad etdi
Əməyin hökmü cahan mülkünü abad etdi, Yeri var hakim ola aləmi-imkanə, əmək.
Məhz hikmətdir əmək gördüyü işlər hamısı, Yaşadır xəlqi bu dünyadə, həkimanə, əmək.
Gör nə qüdrət var əməkdə, nələr icad eləmiş, Çıxarıb bunca bu sənətləri meydanə əmək.
Bir dərindən düşün ərz üzrə dəmir yollarını, Nəql edir sürətilə hər şeyi hər yanə, əmək.
Quş kimi aeroplanlar uçuşur göylərdə, Dolanır şəmi-hünər başına pərvanə, əmək.
Olmasaydı əmək insanlığa çatmazdı bəşər, Qiyməti-tam əta eylədi insanə, əmək.
Əməyin qədrini bil, salma özün qiymətdən, Ki, dəyər minlərə bir andakı bir danə, əmək.
Ey əməkdaşlar, əməkdir yaşadan insanı, Yaşasın, olmasın heç kimsəyə biganə, əmək.
Dost əməkdir sənə, ən düşmən əməksizlikdir, Qoyma alçalsın o qəddarə zəlilanə, əmək.
Zilləti canə qəbul etmə, əməksizlik ilə, İstə rəhbərliyi versin, bu şirin canə, əmək.
Uçulur başə, əməksizlik evindən həzər et, Qoy o viranəni etsin, daha viranə əmək.
Məskən eylə özünə şanlı əməkxanələri, Ta peyapey sənə lütf eyləyə peymanə, əmək.
Meyi-məqsudivi nuş eylə, əmək camından, Çatdırır kama səni, ol meyi-məstanə, əmək.
Saqilər camına göz tikmə, Şəfai, yalnız əmək Cam əməkdir, mey əmək, badəvü meyxanə əmək.