Elm ocağı, alim nəfəsi
Çata bilməyəndə evə, eşiyə, Ocaq qalamışıq bəzən qar üstə. Od varsa, qoyarmı ürək üşüyə, Uzanıb əlimiz alovlar üstə.
Bu elə ocaqdır, çör-çöpdən deyil, Közü ürəkdəndir, nuru ağıldan. Danışır insana nəsilbənəsil, Min bir həqiqətdən, min bir nağıldan.
Alim nəfəsindən od alır bura, Adı elm ocağı, nur ocağıdır. Qoynunda tarixlər boyanır nura, Bu yer insanlığın gur ocağıdır.
Ovcumun içitək xatırlayıram İlk dəfə qoynuna gəldiyim günü. O gündən qaynadı gözlərimdə kam, Başlandı qəlbimin toyu-düyünü.
İlk dəfə görürdüm həyatımda mən, İşığın bu qədər bol olduğunu. İlk dəfə görürdüm bircə ürəkdən Milyon ürəklərə yol olduğunu.
Ana qucağından ayrılsam da mən, Ən isti, ən geniş qucağa gəldim. Göz üstə yer verdi oğluna Vətən, O çağdan ayrılıb bu çağa gəldim.