Əllərin nəğməsi
Sizə gülmü deyim, çiçəkmi deyim, Gül yığan, gül açan, gül dərən əllər. Qüdrəti insanı qanadlandırıb, Əməli insanı güldürən əllər!
Sizə dilmi deyim, ürəkmi deyim, Danışan, oynayan, oxuyan əllər! İlmələr atanda nəğməyə dönüb, Gəbələr, kilimlər toxuyan əllər!
Sizə tülmü deyim, ipəkmi deyim, Qışda zərifləşən, incələn əllər! Doqquz ay çöllərə meydan oxuyub, Üç ay otaqlarda dincələn əllər!
Sizə əlmi deyim, ətəkmi deyim, Tez-tez dolan əllər, boşalan əllər! Dolusu hər yerdə bərəkət tapar, Başı ucaldarmı boş olan əllər!
Sizə çölmü deyim, çörəkmi deyim, Sünbülün saçını darayan əllər! Ömrümün şöhrəti, gözümün nuru, Elimə, günümə yarayan əllər!