Əlini üzmə millətdən
Düşəcək düşmən başına, Bu daş iridi, qardaşım. Səsimiz gur çıxan kimi, Çoxu kiridi, qardaşım.
İstisi var nəfəslərin, Qanadı var həvəslərin. Mənim səsim bu səslərin, Mində biridi, qardaşım.
Yoxdu içində hikkəsi, Sevgidi pulu, sikkəsi. Hər kənd bu xalqın Məkkəsi, Hər ev piridi, qardaşım.
Bəd söz çıxar bədniyyətdən, Uzaq qaçar qətiyyətdən, Əlini üzmə millətdən, Bu xalq diridi, qardaşım.