Əsas məzmuna keç

Müxəmməs

Eləyib

Aşıq Ələsgər

1

Xaliqi-Ləmyəzəl - Allah Möcüz nümayan eləyib; Görün, bir qətrə mənidən Nə cürə insan eləyib!? Ona fəthi-nüsrət verib, Bəbir pəhləvan eləyib; Səfalının yaylağında Dörd dəfə meydan eləyib; Hər kimə xişm ilə baxsa, Xofu hərasan eləyib.

Xaçpərəstli-müsəlmanlı Cəm oldu Göyçənin eli; Döyüləndə kus - nağara, Xişmə gəlib, oldu dəli; Əlini qoyub köysünə, Hərdən çəkərdi "Ya Əli!" Atdı göyə pəhləvanı, Düşdü yerə, sındı beli; Kalvayı Molla Hümməti Bir dəstə reyhan eləyib.

Meydanalı şövq elədi, Üstüncə bəylər yeridi; Seyistandan Rüstəm qalxıb, Maliki-Əjdər yeridi; Dərya kimi cuşa gəlib, Şir kükrəyib, nər yeridi; Gördü bəylər qafil olub, Aşıq Ələsgər yeridi: - Amandı, girmə meydana, Çoxların peşman eləyib!

İqbalları yeyin olsun Əsədin, Molla Balının; Qasım ilə Nağı bəyin, Mədəd ilə Sevdalının; Müxənnətlər daldasında Gizləndi dünya malının; Kalvay Hüseyn baxıb gördü, Şoru çıxıb şorcalının*; Aşığa bir cəngə verib, Könlünü rövşan eləyib.

Kalvay Hüseyn kimi iyid Gəlməyib ruyi-zəminə; O kişi sidqin bağlayıb Haqqın ismi-əzəminə; Yaşıl yüzlükləri beş-beş Gedir çinelin** dəminə;

Çinellər baş-başa durub, İşi salırlar "çəminə": - İsgəndərə tənbeh yoxdu, Şah belə fərman eləyib.

Yoxdu Göyçə mahalında İsgəndər tək iyid gəzən; Dost yolunda başın qoyub, Düşmənin canını üzən; Yoxsulların əlin tutub, Ac doyuran, əysik düzən; Bir düjün tüfəngin gördüm, Aynalı, berdanqa, süzən… Berdanqaya nabələdəm, Aynalı beş qan eləyib.

Sağ yanında Qararxacın Çox yaxşıdı bir adəti; Samavar qaynayıb coşar, Çatmadan qurtarmaz əti; Hər gələnə hörməti var, Aşığa cöngə xələti; Peyğəmbər süfrəsin silkib, Heç üzülməz bərəkəti; Nəfi mindən-mindən gəlir, Çox gədalar xan eləyib.

Alagöllər, Qaraxaç, Keytidi başın, Səfalı!*

Səndə əylənən xan olur, Gəlir peşkaşın, Səfalı! Çeşmələrin Abi-həyat, Mərcandı daşın, Səfalı! Gözəllərin zinətidi Alın, qumaşın, Səfalı! Aşıq Ələsgər bəyənib, Vəsfini dastan eləyib.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.