Əsas məzmuna keç

Müxəmməs

Eləyək

Aşıq Ələsgər

1

Çağır Küküynən* Müxtəri Otağa, yığnaq eləyək! Özgə yerdən gələn varsa, Gətirin qonaq eləyək! Dolduraq istəkanları, Yoldaşları sağ eləyək! Peyğəmbərin qulluğunda Üzümüzü ağ eləyək! Keşişin tərifin deyim, Kef çəkək, damaq eləyək!

Keşiş ağa damaxdadı, Tellərinə şana çəkim! Yazdırın qəzetlərə, Qurdurun zastana** çəkin! Bildirin məliklərə, Sultan ilə xana çəkin! Çağırın papasları, Ədalət divana çəkin!

Boynuna zəncir vurun, Xınzırı dustaq eləyək!

Soruşdum əhvalını, Bəyəndim halın keşişin; Put yarım nişan gəlsin, Boynuna salın keşişin! Dağıdın fağırlara Dövlətin, malın keşişin! Gəc yaxın sifətinə, Qırxın saqqalın keşişin! Çıxardaq məmləkətdən, Ölkədən iraq eləyək!

Özü mömin sayılan Əməli şeytana baxın! Törətdiyi fitnə-fəsad, Dediyi yalana baxın! Bu əməl harda yazılıb, İncilə, Qurana baxın! Zəbura, Söhfə, Tövrata, Axtarın, hər yana baxın! Gətirin kitabları, Bir varaq-varaq eləyək!

Biçarə Aşıq Ələsgər Sərgərdan qaldı bu işə; Bu qurğuya, bu büsata, Bu qanuna, bu gedişə, Ümidvaram ruhanilər Elin nəzərindən düşə; Ata sataşan mollaya, Gəlini tutan keşişə, Xaçpərəstli-müsəlmanlı, Yığılın, nasaq eləyək!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.