Ələsgərə
Unudulmaz el bəzəyi, el oğlu, Hər gün onu saz dinlədi, saz andı. Yaratdığı gəraylıda, qoşmada Yüz il, min il şair ömrü uzandı.
Var oynayan, dümbək çalan, var aşıq, Ustad aşıq hər məclisə yaraşıq. Saz əhlinə, söz əhlinə yar aşıq, Müqəddəsdi, bir ağsaqqal ozandı.
Yaxşı görsə, ocağına qalanan, Yaman görsə, bağrı bişən, talanan, Həmdəmiydi meyli Haqqa dolanan, Düşməniydi kim yolunu azandı.
Ömür verib divarına, daşına, Yaş artırıb sözümüzün yaşına. Nanəcibin, müxənnətin başına Sözü var ki, bircə qaynar qazandı.
El zərgərdi, eli seçdi, bəyəndi, Eldən gəlsə, şöhrət göyə dəyəndi. Dedilər ki, sinəsindən deyəndi, Demədilər hecalayıb yazandı.
Nə Məcnuntək ürəkləri dağlayan, Nə Kərəmtək yaş axıdıb, ağlayan, Yeri gəlsə, çaylar kimi çağlayan, Yeri gəlsə, nərə dönüb qızandı.
Qonaq oldu hər yurda, hər oymağa, Tərif dedi Gülxanıma, Qaymağa. Sənətində balı qatdı qaymağa, El aşığı əbədiyyət qazandı.
1972, 17 yanvar