Əsas məzmuna keç

Qoşma

Ələsgər ocağında oxunan nəğmələr

Zəlimxan Yaqub

7

I

Ən müqəddəs bir istəyə can verib, Sazın, sözün ocağına gəlmişəm. Bir anadı, qollarını gen açıb, Bala kimi qucağına gəlmişəm.

Könül verdim bir günəşli səhərə, Dan atmamış hazırlaşdım səfərə. Neçə gündü vida deyib şəhərə, Bir ustadın oylağına gəlmişəm.

Belə həvəs görməmişəm yaşımda, Çiçək açıb torpağım da, daşım da. “Göyçəgülü” havası var başımda, O havanın sorağına gəlmişəm.

Söz bəzədi sarayını, taxtını, Söz güldürdü taleyini, baxtını Görəmmədim Ələsgərli vaxtını, Bu vaxtına, bu çağına gəlmişəm.

Qovrulmuşam harayında, ünündə, Olmamışam ən gərəkli günündə Dayanmışam bir məzarın önündə, Səcdə üçün ayağına gəlmişəm.

Havasında zil olmağa dəyərmiş, Bağçasında gül olmağa dəyərmiş, Atəşində kül olmağa dəyərmiş, Pərvanəyəm, çırağına gəlmişəm.

Gənclik eşqi həvəsimi bol verib, Uçmaq üçün qanad verib, qol verib, Qarlı dağlar sinəsindən yol verib, Qədim Göyçə torpağına gəlmişəm.

II

Nə Kərəmtək yaş axıdıb ağlayan, Nə Məcnuntək ürəkləri dağlayan, Yeri gəlsə, çaylar kimi çağlayan, Yeri gəlsə, nərə dönüb qızandı.

III

Gəzdim yay günündə, yay axşamında, Oldum taleyindən halı Göyçənin. Təzədən gül açdı daşı, torpağı, Sevindi yamacı, yalı Göyçənin.

Laylası çalındı, şeiri oxundu, Ellərin yanında dərdi yox indi. Cinas ilmələndi, təcnis toxundu, Süzüldü dodaqdan balı Göyçənin.

Duydum Ağkilsəni, tanıdım Zodu, Gözümü doldurdu könlümün odu, Qurumaz çeşmədi, bulanmaz sudu, Tükənməz yaşılı, alı Göyçənin.

Bir dəstə çiçəkdə yeddi rəngə bax, Suların səsində xoş ahəngə bax, Ustadı xatırla, Qızılvəngə bax, Şöhrəti Alıdı, Alı Göyçənin.

Sevən sevgisindən düşdü aralı, Ovçular ağlatdı neçə maralı. İman itkin oldu, Nəcəf yaralı, Pozuldu bir zaman halı Göyçənin.

İllərin zəhməti getmədi zaya, Döndü yavaş-yavaş bulaqlar çaya, Dədə Ələsgəri verdi dünyaya, Gətirdi naxışı, xalı Göyçənin.

Zəlimxan, bu yeri qarış-qarış gəz, Bir də bu günlərə tapılmaz əvəz. Bir gün şirinliyi azala bilməz, Yüz il kəsilməsə balı Göyçənin.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.