Eləmişdi
Çıxanda seyrinə doğma yurdumun, Dünya sevincini bol eyləmişdi. Çətin dolayları, dar cığırları Önümdə ən geniş yol eyləmişdi.
Bu torpaq könlümə sirdaşdı, yardı, Fikrimi düzənlər çəkib apardı. Çəmənin çiçəkdən qaynağı vardı, Bulaqlar suyunu bal eyləmişdi.
Təkdi, əvəzsizdi dözümdə dağlar, Mayadı şeirimdə, sözümdə dağlar. Gözələ dönmüşdü gözümdə dağlar, Buludu başında şal eyləmişdi.
Zəmi bərəkəti, sünbüllər dadı, Ömrümə naxışdı hər gülün adı. Dinib danışmağa gücüm çatmadı, Gözəllik dilimi lal eyləmişdi.
Bülbülü ağladar gülün həsrəti, Mizrabı yandırar telin həsrəti. Bu görüş olmasa, elin həsrəti Çoxdan saçlarımı çal eyləmişdi.
Nədir bu gözəllik, nədir bu hikmət, Gözümə nur verdi, qoluma qüvvət. Şair övladını ana təbiət, Rüstəmə döndərib Zal eyləmişdi.