Əsas məzmuna keç

Qoşma

Əldə varı olmasa

Məxdumqulu Fəraqi

1

Zamana belədir – gözə dəyməzlər, Hər igidin əldə varı olmasa. Yüz tümənlik sözün saya salmazlar, Bir kişinin ixtiyarı olmasa.

Tən bir dar qəfəsdır, can bir vəhşidir, Dilə gələn sözlər könül nəqşidir, Odlu, sulu tamu ondan yaxşıdır, Hər ölkənin bir bazarı olmasa.

Bəyzadələr qaldı çoban təhrinə, Gen qaçan tuş gələr ilan zəhrinə, Bərbad olub, dönər Lutun şəhrinə, Hər ölkənin hakim əri olmasa.

Dünyada onlardan anlamaz kandır, Bilməz bir bəladır, bilənlər – candır, Ol igidlər adam dilli heyvandır, Söz qanmasa, həm iqrarı olmasa.

İgidə yoxsulluq yaman bəladır, Sözünü tay-tuşdan arxa saladır, Pis hərəkət dostu düşmən qıladır, Quru qalsın el dərkarı olmasa.

Haq hər kəsə bir yaxşı yar verməz ki, Sözü ahdır, içi qəmdir, gülməz ki, Yüz yaşasa, beş gün ömür sürməz ki – Hər kimin münasib yarı olmasa.

Məxdumqulu, haqqa tapşır özünü, Hər şey üçün gəl saraltma üzünü, Xahişim var, tərk elə bu sözünü, Nəyə gərək xiridarı olmasa.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.