Əhməd Yəsəviyə Zəlimxan salamı
Salam, Xoca Əhmədim, salam, Yəsəvi babam! Bu gün Yəsəviləşdi könlümün evi, babam! Təriqətin imamı, həqiqətin tamamı, Ey ruhumun məbədi, Səni bütün nəsillər sevdikcə sevir, babam! Qəbrinə, məzarına, Haqqa doğru yol gedən əbədi güzarına bizdən salamlar olsun! Dərsinə, məktəbinə, Ən uca mətləbinə, Nuruna, ilhamına, işığına, təbinə, bizdən salamlar olsun! Bir xurma toxumundan boy göstərən Günəşə, Aslan baba adıyla, Sənə öz əlləriylə buğda verən həbəşə, Peyğəmbər əmanəti əllərinə çatanda, Ruhunda, varlığında alovlanan atəşə, bizdən salamlar olsun! Mürşidi kamillərin ucalardan ucası, Yunusun, Mövlananın, Hacı Bəktaş Vəlinin müəllimi, xocası, Sirr dolu, hikmət dolu qoca Şərqin qocası – Sirli ucalığa da, Dolu xocalığa da, Müdrik qocalığa da bizdən salamlar olsun! Diri-diri torpağın altına girən kişi, Torpağın altına da, Torpağın üstü kimi yaraşıq verən kişi. Sənin ruhunla bağlı, Dastanlara sığmayan, Neçə-neçə dastana, Türk-Oğuz ellərinə, Yəsiyə, Türküstana bizdən salamlar olsun! Milyonlar salam verib uyuduğun torpağa, Məzarını bürüyən hər gülə, hər yarpağa, Bu gün verilən salam, Ruh və can salamıdır! Ürəyinin başında, Azərbaycan gəzdirən, Zəlimxan salamıdır!!!
Türküstan, 2009, iyul