Əhməd Cavad
Əhməd Cavad hardan alıb bu şöhrəti, Nə şah olub, nə bəy olub, nə xan olub. Əqidələr döyüşündə əyilməyib, Haqq yolunda qılınc olub, qalxan olub.
Sağ-solunda qəm əyləşib, dərd dayanıb, Tufanlarda qaya kimi sərt dayanıb. Hər sərtliyin qarşısında mərd dayanıb, Qəzəbindən şimşək kimi çaxan olub.
Varlığında od dillənib, köz danışıb, Dil susanda baxış dinib, göz danışıb. Nə deyibsə doğru deyib, düz danışıb, Öz əliylə öz evini yıxan olub.
Getdiyi yol ölməzliyin uzaq yolu, Misraları sellər kimi dəli-dolu. Taleyinə ələnib qar, yağıb dolu, Çiçək kimi qar altından çıxan olub.
Sın! – deyiblər, saat-saat sındırıblar, Don! – deyiblər, damar-damar dondurublar. Yan! – deyiblər, yavaş –yavaş yandırıblar, Düşmən gülüb, dost kənardan baxan olub.
Hər şirin söz bir qəzəbə, hirsə dönüb, Allahsızlıq qanun olub, dərsə dönüb. Bu dünyanın avand işi tərsə dönüb, Zülmət gəlib aydınlığı boğan olub.
Qəlbi korlar görən gözün qənimiydi, Yalan haqqın, əyri düzün qənimiydi, Qızıl güllə qızıl sözün qənimiydi, Şair qanı su yerinə axan olub.
Əhməd Cavad Göygöl kimi ləpələnib, Şehə dönüb, duyğulara səpələnib. Tikə-tikə parçalanıb, qəlpələnib, Kükrəyəndə yağış kimi yağan olub.
Qoca Şəmşir ona layla çalanda da, Qədim Gəncə öz qoynuna alanda da, Qanlı cəllad onu gözdən salanda da, Əhməd Cavad haqqa doğru baxan olub, Əhməd Cavad haqq əlini sıxan olub.
Ömrü boyu dilində dərd, gözündə yaş, Ömrü boyu canında od, yolunda daş, Müşfiqimiz bu günləri görəydi kaş, Cavidimiz bu günləri görəydi kaş, Cavadımız bu günləri görəydi kaş, Görəydi ki, nur zülməti boğan olub, Görəydi ki, gün təzədən doğan olub!!!