Əsas məzmuna keç

Qəsidə

Əhli-halə bəllidir kim, bu şəfəq neyçündür al

Məhəmməd Füzuli

1

Əhli-halə bəllidir kim, bu şəfəq neyçündür al, Çünki qəlbində onun bir zərrə var sevdayi-al*.

Kimdə on dörd mə’sumun eşqi ola, kamil odur. Gör ki, on dörd gecəlik ay da tapır bundan kamal.

Asiman da dövr edir eşqi-imamətlə, yəqin, On ikilə ölçülür, çünki baxın, bu mahü sal.

Hər şəhənşah sadiq olsa gər Əli övladına, Ölkəsində olmaz əsla şurü qovğa, ixtilal.

Hər böyük sərkərdə olsa bəndəsi bu dərgəhin, Afitabi-dövləti tapmaz bu dünyada zəval.

Bu səadətdən daha çox pay alıb tapmış şərəf, Xosrovi-adildilü, fərrüxfəru fərxəndə fal,

Ol şəhənşahi-bülənd-əxtər şərəf ovcində bax, Əxtəri-iqbalı görməz zərrəcə eybi-vəbal.

Izzü cahindən onun dövründə bu Hind ölkəsi Bir səfa kəsb eyləmiş sanki gözəl ruyində xal.

Pərtövi-cahü cəlali Hində vermişdir bəzək, Aləmə salmış səda onda olan cahü cəlal.

Hind içində nurdur, sanki bəsirət didədə, Bunu aydın dərk edir istər cənub, istər şimal.

Qəlbinin tavusu uçmuş Hindidən gəlmiş, budur, Kölgə salmaqçın açıb bu Kərbəla səhnində bal.

Hinddən gəlmiş onun şirin-süxən tutisi də, Ta Nəcəf əhlində olsun nəğməzən, şirin-məqal.

Kərbəla ilə Nəcəfdə olmasaydı lütfü, bil, Xəlqə asudə həyat olardı bir əmri-mahal.

Ondakı cudü səxanı gördü aləmdə yəqin, Hind torpağı kimi olmuş qara şahlarda hal.

Sayəsində cümlə şahlar tə’zim etdi Məkkəyə, Əks olan şahlara verdi hümmətilə guşimal.

Şahlara etdi təsəddüq xərcini müşkül, vəli Qoymadı mülki-Iraqda bir nəfər əhli-sual.

Qütbi-din sultan Nizamülmülk, o dərya qəlbə kim, Asiman bəndə olubdur gərdənində bir hilal.

Dərgəhi-şahi-vilayət torpağına daima, Eyləmiş sidqi-səfası sayəsində ittisal.

Kərbəla şahi işıqlı qübbəsi olmuş hər an, Məclisində nur verən bir şəm’i-fanusi-xəyal.

Kim boyun əymiş ona tapmış səadət feyzini, Kim ona düşmən isə, olmuş cahanda payimal.

Zər səpibdir Hind yerində afitabi-hümməti, Ətr saçdı hər yerə o, zə’fəran ənbər misal.

Hind torpağı tamam olmuş qızıldan bəhrəvər, Sürmə üçün zərrəcə torpağa yoxdur ehtimal.

Hindlilər zər verdi aldı Kərbəla torpağını, Lütfü xalqı saxladı, olmadı heç bir qeylü qal.

Taki tə’zim eyləsin qədrinə xaki-Kərbəla, Ərzi-Babildən bu yolla Hində eylər intiqal.

Ey olan qəlbi bu gün ayinədari-feyzi-həqq, Ey zəmiri məzhəri-asari-lütfi-layəzal.

Bu dənizdən sən alıb səpdin səxavətlə gühər, Getdi bax, dəsti-kərəmdən indi hifzi-e’tidal.

Artıq Hindustan yerində təlxkamlıq qalmamış, Bir dənizdir kim, çəkir qəlbində min dərdü məlal.

Çünki inci olsa da bu dəryanın hər qətrəsi, Tapacaq bəhri-səxasi qarşısında tez zəval.

Sərvərim, məddahi-şahi-övliyayəm qəlbdən, Əlli il söz söylədim, etdim bu dillə ərzi-hal.

Bu müqəddəs dərgəhə sadiqliyə var şahidim, Qəddim olmuşdur bu dərgəhdə mənimçün hərfi-dal.

Əhd qılmışdım ki, tə’rif etməyəm mən şahları Əhdimi sındırdı iqdamın sənin, ey xoş xisal.

Mən təmə’çin yox, fəqət tə’rif üçün söy söylərəm, Çünki ancaq indi tapdım nitqə mən vaxtü məcal.

Lütfün olmuşdur sənin daim Əli əhbabinə, Gər səni mədh etməsəm nitqim olar əlbəttə lal.

Bu Füzulinin dili mədhində söylər lütflər, Dinməsə, qoy olmasın nitqi Füzuliyə həlal.

Hər bir ay eyvani-gərdunda olar bir hadisə Kim, günəş ayla tapar dövri-üfüqdə xoş vüsal.

Səltənət xəlvətsərasında hicabi-qeybidən, Qalibiyyət dilbəri hərdəm qıla ərzi-camal.

Əhdi-fəqrə, var ümidim, süfrə açsa eyləyər Xadimi-lütfün məni də daxili-əhli-əyal.

* * *

Lüğət: Əhli – raz – sirr əhli, sirdaş; Sal – il; Bəndə – qul, kölə; Afitabi – sübhi-məşhər – qiyamət səhərinin günəşi; Xosrov – padşah, hökmdar; Fərxəndə – xoşbəxt; uğurlu; Bülənd – yüksək, ali; Əxtər – ulduz; Əxtəri – bəxtim oldu tirə – bəxt ulduzum qaraldı (söndü); Pərtövi – xurşiddən bədr olacaqdır bu hilal – bu yeni Ay Günəş işığından bədrlənəcəkdir; Didə – göz; Bal – qanad; Süxən – söz; Məqal – söz, kəlam; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Hilal – yeni çıxmış ay; İttisal – yetişmək, qovuşmaq; Qal – söz; Xaki – tirə – qara torpaq; İntiqal – bir yerdən başqa yerə keçmək; Zəmir – ürək, könül; Məzhər – bir şeyin zahid olduğu yer; Layəzal – zail olmayan, həmişəlik; Allah; Dəst – əl; Bəhri – bipayan – ucsuz-bucaqsız dəniz; Sərvər – başçı; Şahid – gözəl; şəhadət verən; Çin – qıvrım; toplayan; doğru; Dili – tirə – qaranlıq könül, tutqun könül; Gərdun – dönən; fələk; dünya; Hicab – pərdə; utanma

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.