Əsas məzmuna keç

Heca şeiri

Eh, bu qoca dəyirman

Zəlimxan Yaqub

1

İnsan niyə vurulur ada, şana-şöhrətə, Dünyanın sərvətində, zərində nə var görən? Rahatlıq yoxdu yerdə, Adəm yerə düşəndən, Bu xaraba dünyanın yerində nə var görən?

Ağrımız çoxalanda yaranı keyitmədi, Dərdi hər gün böyütdü, sevinci böyütmədi. Eh, bu qoca dəyirman kimləri üyütmədi, Dəyirmanın çarxında, pərində nə var görən?

Təmiz ürək gözəldi, isti can, isti nəfəs, Kin-küdurət bağlasa, hisdi can, hisdi sinə. Düşəndə təbiətin oduna, istisinə Niyə kölgə gəzirik, sərində nə var görən?

Savaşların, qanların göz açmırıq yasından, Təmizlənə bilmirik paxırından, pasından. Niyə əlini çəkmir dünyanın yaxasından, Şeytanın fitnəsində, şərində nə var görən?

Uyduq fani dünyanın adətinə, dəbinə, Möhtac olduq axırda dərmanına, həbinə, Ömrü boyu can atdıq dəryaların dibinə, Heyif, bilə bilmədik dərində nə var görən?

Almaniya, Münster şəhəri, 2008, 16 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.