Əsas məzmuna keç

Qəsidə

Edəndə çəng kimi pərdələrdə razi nihan

Məhəmməd Füzuli

1

Edəndə çəng kimi pərdələrdə razi nihan, Fəğan ki, nalələrim etdi gizli sirri əyan.

Bu qürbət eldə məni inlədir qəmim ney tək, Görünməyir mənə həmdəm, bu yerdə dərdə qalan.

Dolub gözəllər həvasilə sinə qanun tək, Sədamı mən boğuram ta ki, duymasın düşman.

Nolar ki, lütf edərək bir soraydılar halım, Cəvabə hər damarımdan qopardı bir əfqan.

Gözəllərin salaraq zövqi-bəzmini yadə, Gözüm dəfində salar qanlı göz yaşım tufan.

Cahanı etmək üçün gözlərimdə bir zülmət, Bəbəklərim qaralıb göz yaşımdan etdi duman.

Bəlavü dərd məni tutdu hər tərəfdən, ah, Bıçaq qoyub da kəsir ruzigar rişteyi-can.

Nəhayət iş o yerə çatdı ki, fəğanimdən Gəlib də canə uçub getdi can quşum yuvadan.

Fələk qulağımı bir ud tək burur, dözürəm Ki, bəlkə rəhmə gəlib sonra oxşaya bir an.

Ona ümid yoxumdur ki, dövri-çərxi-fələk Bu xəstə könlümə bir gün edər dəva, dərman.

Bu dərdü qəm özü xoşdur mənə cahan içrə, Onun kimi yaşayırkən bir Asəfi-dövran,

Əzizü möhtərəmü lütfü mərhəmət kani, Onunla qiymət alır dəhrdə ədəb, ərkan.

Ona itaət edənlər çatar hər istəyinə, Bu hikmətiylə onun tez çıxar təmə’ aradan.

Onun hər istəyi bir borc kimi ödənməlidir, Ona ürəklə gərək xidmət eyləsin insan.

Nə həddi vardır edə lütfünü qələm təhrif, Onun kimi bir adam görməyibdi çeşmi-zaman.

Məhi-süpehri-lətafət cənab Cəfər bəy, Onun kəraməti açmış hamıya babi-əman.

Tutub cahanı sərasər onun bu dəbdəbəsi, Zəmanənin özü qalmış cəlalinə heyran.

Qırıldı qol-qanadı cümlə zülm qartalının, Qızıl quş ilə göyərçinlər eylədi cövlan.

Nizamə saldı cahanı onun qəvi qələmi, Savadi-naməsi etdi bu mülkü abadan.

Onun nəzərləri etdi bu torpağı cənnət, Onunla oldu Hicazdan Iraq daha abadan.

Onun ki, pənceyi-insafi və ədalət əli Ucaltdı məzlumu aləmdə, tutdu zalimə divan.

Onun məhabəti dörd ünsürə düşərsə, yəqin Əlaqələr pozulub məhv olar nizami-cahan.

Fəsadü fitnəyə gər salsa bir nəzər, dərhal Fəsadü fitnə təbəddül edib çıxar aradan.

Bu mülkə vermək üçün bir həyat Isa tək, Sehirli xaməsi min mö’cüz eyləyər hər an.

Ədalətinlə bu dünya tapar nizam sənin, Siyasətinlə olar bağrı düşmənin al qan.

Həsardır sənin ədlin mətinü müstəhkəm, Sənin cəlalına yoxdur zəval ilə nöqsan.

Sənin məqamını tə’rif edər bu gün Məhmud, Tutar da güzgü sənin hilminə Əyazi-zaman.

Sənin şüuruna yoxdur nəzir dünyadə, Ağıl cəhanı sənindir şəriksiz, əl’an.

Görüb sənin qələmin düz yazır, bu çərxi-fələk Buraxdı hiyləsini, oldu düz yol ilə rəvan.

Sənə fələk deyirəm, bu sözüm həqiqətdir, Sənə mələk deyirəm, bu sözüm deyil də yalan.

Şəhim, Füzuliyi-zarəm, vəfaliyəm sənə mən, Mənimlə tay ola bilməz qapında hər üryan.

Nə qədr var bu tənim, atmaram sənin qapını Ki, mən söz ustasıyam, sən isə sözü tanıyan.

Ümidimiz onadır, afitabi-aləmtab, Qovub qaranlığı, etdikcə nurini rəxşan,

Qəza dəbiri sənin hökmünü rəvan yazsın, Bütün cahanı edə fəth verdiyin fərman.

* * *

Lüğət: Razi – dil – ürək sirri; Qürbət – yaxın olmaq L; Can – ruh, bədən; Çərxi – çənbəri – dairəvi səma; Dəhr – zaman, dünya, aləm; Məhi – asimani-həşəmət – əzəmət göylərinin ayı; Namə – məktub; Xamə – qamış, qələm; Rəvan – gedən; axan; ruh; Qədr – dəyər, qiymət, məziyyət; Afitabi – sübhi-məşhər – qiyamət səhərinin günəşi; Aləmtab – dünyaya işıq və hərarət verən; Rəxşan – işıqlı, parlaq; Dəbir – katib, yazıçı

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.