Ədaləti dinlədim
Kim keçərdi o keçdiyi yolları? Kim aşardı o aşdığı yalları? Kim vurardı o vurduğu xalları? Əfsanəni, həqiqəti dinlədim, Bir məclisdə Ədaləti dinlədim!
Barmağında köz olmuşdu təzənə, Biz yanırdıq, ocağa nə, közə nə? Daş deyərdim alışmayıb dözənə, “Yandım” deyən təbiəti dinlədim, Bir məclisdə Ədaləti dinlədim!
Tellərə bax, nə hikmətdi, nə sirdi? Yenə qəlbim güllərinə əsirdi. Qılınc kimi doğrayırdı, kəsirdi, Pərdələrdə cəsarəti dinlədim, Bir məclisdə Ədaləti dinlədim!
Heç bilmədi soyuq nədir, isti nə, Baş endirdi telli sazın üstünə, Talan etdi, durdu canın qəsdinə, Neçə-neçə hekayəti dinlədim, Bir məclisdə Ədaləti dinlədim!
Kərəm dağda Lələsini itirdi, Abbas köçü yurddan-yurda ötürdü. Qərib özün Şahsənəmə yetirdi, Ayrılıqdan şikayəti dinlədim, Bir məclisdə Ədaləti dinlədim!
Söhbətini baxış dedi, göz dedi, Tahir yenə Zöhrəsinə döz, dedi, Vaqif coşdu, gözəllərə söz dedi. Dönə-dönə məhəbbəti dinlədim, Bir məclisdə Ədaləti dinlədim!
Zili, bəmi bir-birindən təzə-tər, Səs-sorağa gəldi Vurğun, Ələsgər! Min nəfərə layla çaldı bir nəfər, Ölməz olan bir sənəti dinlədim, Bir məclisdə Ədaləti dinlədim!