Əbədiyyət dastanı
ƏBƏDİYYƏT DASTANI
I KİTAB
BÖYÜK ÖMRÜN DASTANI
PROLOQ
Eşqə qadağa yox, sevgiyə sərhəd, Xatirən canlıdır, şöhrətin diri. Ömrünün mənası millətə xidmət, Adının mənası Allahın şiri.
Ruhun dolaşacaq başımız üstə, Adın yaşayacaq təbiət kimi. Neçə doğma qanda, doğma nəfəsdə Qəlbin döyünəcək məhəbbət kimi.
Xalqı zirvələrə qaldırmaq üçün Sevgi şahlığının taxtına çıxdın. Oğul xalq üçündü, zirvə dağ üçün, Nə yaxşı bu xalqın baxtına çıxdın.
Şəxsiyyət girəndə elin qəlbinə, Onunla birlikdə taxt ucalarmış. Tapınıb eşq adlı Tanrıya, dinə, Zaman ucalarmış, vaxt ucalarmış.
Tanrının, Allahın sözünə baxar, Şeytanın felinə uymaz bu dünya. Kəmfürsət düşməni yandırar, yaxar, Səni unutmağa qoymaz bu dünya.
Döydü qapıları qara bir xəbər, Hərə öz içinə qısılı qaldı. Təyyarə torpağa enənə qədər, Baxışlar göylərdən asılı qaldı.
Bu, ərzi titrədən bir xəbər idi, Çiçəklər saraldı, gül həşəm oldu.
Həyatın nə qədər mötəbər idi, Ölümün o qədər möhtəşəm oldu.
Yazsın yaddaşına tarix bu sözü, Zaman bu çəkidə qəm görməmişdi. Dünya yaranandan dünyanın gözü Bir xalqı bu qədər cəm görməmişdi.
Dağları daşıyıb çiyinlərində, Bağrının başında bir yük görmüşəm. Nə qədər olsa da dərdi dərində, Bu xalqı həmişə böyük görmüşəm.
Dincəlib özünə gələcək yenə, Qəmin ləngərindən yorğundu xalqım. Sığışmır zamanın cazibəsinə, Caviddi, Müşfiqdi, Vurğundu xalqım.
Bu xalqa bağlıdır öndərin canı, Ulu həqiqəti heç kəs danmasın. Böyük kişilərin adı, ünvanı Xırdalar dilində xırdalanmasın.
Dindi ürəyimdə saz pərdə-pərdə, Onun ürəyini, ağlını sevdim. Qəhrəman gəzmədim yad ölkələrdə, Mən öz millətimin oğlunu sevdim.
Başına tac bildi torpağı, daşı, Vətən bayrağıdı, millət canıdı. O, mənim xalqımın mərd vətəndaşı, Şeirimin əbədi qəhrəmanıdı!
QARA XƏBƏRİN ACISI
Yuxudan qaldırdılar məni, dərin yuxudan, Rəngim ağappaq oldu səksəkədən, qorxudan. Gördüm başımın üstə dayanıb Bəhlul balam, O anda, o saatda baxışı məlul balam. Gördüm nəsə sözü var, deməyə çatmır gücü, Bir anın intizarı min il qədər üzücü. Bəd xəbəri deyəndə insanlar fağır olur, Bir sözün ağırlığı min dağdan ağır olur: “Xəbər verdilər, ata, köçdü Heydər Əliyev, Vida dedi həyata!”. Bu söz başımın üstə çaxdı ildırım kimi, Parçaladı sinəmi, dağıtdı şırım kimi. İnanmadım bu sözün yanğısına, dağına, Güllə kimi atıldım ekranın qabağına. Qəfil bu qara yellər hardan əsdi, bilmədim, Dişim dodaqlarımı necə kəsdi, bilmədim. Qarışdı göz yaşlarım dodağımın qanına, Döndü gözümdə dünya bir matəm meydanına.
Bircə damla göz yaşı buludlardan ağırdı, Göydən yox, o gün yağış gözlərimdən yağırdı. Mən belə ağlamışdım qanlı fələk ilk dəfə ürəyimi qıranda: Yetim qalıb atamı torpağa tapşıranda, O məzarın önündə boynubükük qalanda, Körpə çiyinlərimdə dağ boyda yük qalanda. Mən belə ağlamışdım 2 Yanvar günü, Mən belə ağlamışdım Vətənin ağlar günü. Dönmüşdü gözlərimdə qəmli bir tamaşaya, Mən belə ağlamışdım Xocalıya, Şuşaya.
“HEYDƏR KÖÇDÜ” DEYƏNDƏ
Sazın sinəsi yandı, muğamat xal itirdi, Bülbüllər yaşıl çəmən, çiçəklər bal itirdi, Qaya xınalı kəklik, zirvə qartal itirdi, – “Heydər köçdü” deyəndə.
Od tutdu ağ zirvələr, dağların qarı yandı, Alov düşdü güllərə, ağ yandı, sarı yandı, Könlümün kamançası, ruhumun tarı yandı, - “Heydər köçdü” deyəndə.
Əklillər yasa batdı, tər çiçəklər ağladı, Üzüldü kimsəsizlər, sındı təklər, ağladı, Baxdı bu günə sarı, gələcəklər ağladı, Ağsaqqallar sızladı, ağbirçəklər ağladı, – “Heydər köçdü” deyəndə.
Çağlarını yaşadıq ən şirin çağlar kimi, Boynumuzda haqqı var ən ağır dağlar kimi, “Xəzəl oldum töküldüm viranə bağlar kimi”, – “Heydər köçdü” deyəndə.
Sağı-solu görünməz bir izdiham ağladı, Sındı şair qələmi, daşan ilham ağladı, Gilə-gilə yaş töküb əriyən şam ağladı, Səhər bükdü boynunu, qərib axşam ağladı, – “Heydər köçdü” deyəndə.
AĞIM, QOŞMAM, BAYATIM
Dərk edəndə dərindən Bu amansız ölümü, amansız saatı, Axdı dodaqlarımdan Ürəyimi yandıran layla, ağı, bayatı. Tutdum, laylaya tutdum, səkkiz əsrə sığmayan Səksən illik bir ömrü, səksən illik həyatı.
Dilbərim, sonam ağlar, Ev uçar, xanam ağlar, Səksən yaşlı oğula Yüz yaşlı anam ağlar.
Şam söndü, şöləsi yox, Gözümün giləsi yox, O qədər dərd görmüşük, Dərd olar, beləsi yox.
Bağ barına qovuşdu, Dağ qarına qovuşdu, Axır ki, xiyabanda Yar yarına qovuşdu.
Çiçəksən, zərin gəldi, Anasan, ərin gəldi, Oyan, Zərifə xanım, Gəldi, Heydərin gəldi.
Saçda dən ağlamadın, Gözdə çən ağlamadın, Ona hamı ağladı, Təkcə sən ağlamadın.
Sən də bu axına gəl, Qılınca dön, qına gəl, Uzaqda dayanmısan, Gəl, bir az yaxına gəl.
Dağ layla, dərə layla, Xanıma, ərə layla, Öz dilində layla çal, Layla Heydərə, layla.
Saz qırıldı, sim qaldı, Görən bizə kim qaldı? Millətin dərdinə bax, Nə yerdə yetim qaldı.
Barxana yüklənməsin, Saz bəmə köklənməsin, Qoruyun tək oğulu, Meydanda təklənməsin.
Qanadsız quşum, haray, Dağılan huşum, haray, Necoldu bağbanımız, Bu torpaq, bu şum, haray!
Paşam, gəl, ay paşam, gəl, Qarlı dağlar aşam, gəl, Taxtım-tacım bəzənib, Qurulub tamaşam, gəl.
Qara bir bulud gəldi, Buludda sükut gəldi, Endi dağ çiyinlərə, Göydən bir tabut gəldi.
Ay getdi yatan yerə, Gün getdi batan yerə, Nur yağdırdı mələklər, Sorağın çatan yerə.
Saldılar güldən izi, Getməz könüldən izi, Oldu məzarın üstü Gül dağı, gül dənizi.
Xal-xal açar, Yaralar xal-xal açar, Sənə duadan ötrü Göylərə xalq əl açar.
Üzük qaşsız qalmasın, Divar daşsız qalmasın, İgid elsiz, arxasız, Ölkə başsız qalmasın.
Sinəsi yara dağlar, Bağrı min para dağlar, Təpələr yerindədir, Yıxıldı qara dağlar.
Nə saydı, Çox nəhs gündü, nəhs aydı, Mən nə saymaq istədim, Gör bir fələk nə saydı?
Ellərin mərd atası Fələklə nərd atası, Dərdimizi çox çəkib, Dərd oğlu, dərd atası.
Nisgil eynində gedir, Kəfən əynində gedir, Ellərə çiyin verən Elin çiynində gedir.
Yağı yağ eylər, gedər, Dağı dağ eylər, gedər, Xəbər qara gələndə Rəngi ağ eylər, gedər.
Ər gəlsin, ərən gəlsin, Qəm gülü dərən gəlsin, Bu dərdi çəkəmmirəm, Çiynini verən gəlsin.
Odu baxışda gedir, Gülü naxışda gedir, Dünyaya yazda gələn Dünyadan qışda gedir.
Əridi bu şam, haray, İçildi bu cam, haray, Köməksiz elim-günüm, Arxasız arxam, haray!
Ovçuya, ova neylim, Çaxmağa, qova neylim, Şaxıyan ildırıma, Qalxan alova neylim?
Baxtı qar, şaxta canım, Daş canım, taxta canım, Necə dözdü, dayandı, Qaldı bu vaxta canım?
Cövhərə can yaraşır, İgidə şan yaraşır, Sənə ağı yaraşmır, Sənə dastan yaraşır!
YARALI QOŞMALAR
Vaqiflə Vidadi deyişməsidi, Kimi ağlatmadı, kimi, bu dünya? Məclisin, söhbətin şirin yerində Qırdı sazımızda simi bu dünya.
Uyu, bu qəmlərin içində uyu, Daşınmaz dərdlərin qırx arşın quyu, Bostanın üstünə çatmamış suyu, Uçurdu dəhnəni, himi bu dünya.
Toyundan min dəfə çox oldu yası, Yaslı ürəklərin açılmaz pası, Yoxsa xilaskarı, yoxsa xilası, Batmış bir gəmidi, gəmi, bu dünya.
De, hansı gününü xoş gətirəcək, Hər yerdən əlini boş gətirəcək, Elə yaş üstünə yaş gətirəcək, Qurutmaz yanaqda nəmi bu dünya.
Min bir bəhanəsi, min bir fəndi var, Acı zəhəri var, şirin qəndi var, Bir əcəl deyilən qıfılbəndi var, Buraxmaz fürsəti, çəmi bu dünya.
Aşıq, ağlat məni, dolum, boşalım, Əridi, qəlbimin yağımı qaldı? Yaşıl bostanımın, yaşıl bağımın Kökdən üzülməmiş tağımı qaldı?
Külək qəfil əsdi, ağır gəldi qış, Üzlərdən qəm yağdı, gözlərdən yağış, Tufan dağıtmamış, xəzan vurmamış Ömrümün bağçası, bağımı qaldı?
Suyu zəhər oldu içilən camın, Tükəndi piltəsi əriyən şamın, Saralan günəşin, solan axşamın Qara saçlarında ağımı qaldı?
Arzular, diləklər düşdü dərbədər, Ağrılar əlində ömrümüz hədər, Bizim canımıza amansız kədər Cəlladmı kəsildi, yağımı qaldı?
Yüz də göz yaşı tök, yüz də ağla, yan, Əlacı tapılmır üzüləndə can, Gördü öz işini qoca dəyirman, Elin xəstəsimi, sağımı qaldı?
Ələndik, gözündən keçdik ələyin, Əlində yem olduq qarın, küləyin, Bizə qan ağladan qanlı fələyin Qəlbə çəkilməmiş dağımı qaldı?
Oxu asta-asta, de sərin-sərin, Dərdimiz ağırdı, yaramız dərin, Karvanı köçdüsə dədə Heydərin, Daha deyib-gülmək çağımı qaldı?
GÖRƏN TORPAQ BİLİRMİ?
Bu da Fəxri xiyaban, son mənzil, son düşərgə, Ziyarətin adı bir, zəvvarı cərgə-cərgə, Gedir insan axını güllə, çiçəklə birgə, – Tarixə şöhrət olan bir ər oğlu ər yatır, Görən torpaq bilirmi, qoynunda Heydər yatır?
Tək oldu, sınmaz oldu, vahid oldu bu kişi, Nə qədər tufanlara şahid oldu bu kişi, Öz milləti yolunda şəhid oldu bu kişi, – Arzuları müqəddəs, ruhu təzə, tər yatır, Görən torpaq bilirmi, qoynunda Heydər yatır?
Durna qatarı kimi arzusu səf-səf oldu, Qibləsi xalqa doğru, millətə tərəf oldu, Uyuduğu torpağa əbədi şərəf oldu, – Bu yurda arxa, dayaq, bu xalqa rəhbər yatır, Görən torpaq bilirmi, qoynunda Heydər yatır?
Dağın, daşın, qayanın qəddi bükülüb gedir, Yurdun, elin, obanın bağrı sökülüb gedir, Gözümüzün yuxusu ərşə çəkilib gedir, – Hər kəsin ürəyində sonsuz bir kədər yatır, Görən torpaq bilirmi, qoynunda Heydər yatır?
Bu qışa, bu bahara, bu yaya bir də gəlməz, O, çeşmədən süzülüb, bu çaya bir də gəlməz, Tayı, hökmü, oxşarı dünyaya bir də gəlməz, – Yaddaşı bir möcüzə, sinəsi dəftər yatır, Görən torpaq bilirmi, qoynunda Heydər yatır?
Oğulsan, zəhmətə sal, el yolunda üz ömrü, Hamı yaşaya bilmir bir ömürdə yüz ömrü, Allah hamıya vermir belə ölümsüz ömrü, – Tanrının yaratdığı ən böyük əsər yatır, Görən torpaq bilirmi, qoynunda Heydər yatır?
Bu gün Heydər yatan torpaq Yatana rəhmət yeridi. Oxunur Allah kəlamı, Adətə hörmət yeridi.
Adı Fəxri xiyabandı, Millətindən bir nişandı. Xalq özünü tanımaqçün Əsl ibadət yeridi.
Asta yeri, asta danış, Ey bu yerdən keçib-gedən. Unutmayaq borcumuzu, Ruhlara diqqət yeridi.
Durul, saflaş, müqəddəsləş, Ömrü yaşa ömür kimi. Həyatdan dərs almaq üçün Güc yeri, qeyrət yeridi.
Burda görüş, burda dilə Ürəyindən keçən nə var. Burda səni Haqq eşidər, Sevgi, mərhəmət yeridi.
Ruhu şad, torpağı yüngül, Yeri daim cənnət olsun. Birlik üçün bura bizə Əbədi sərvət yeridi.
Məkkənin də, Kəbənin də Yeri var gözlər üstündə. Bura mənim xalqım üçün Yeni ziyarət yeridi.
O, HƏYATI SEVİRDİ
Kəskin zəka, iti göz, ayıq baş, aydın fikir Siyasət dünyasında sağlam toxumlar əkir. Baxışlarda sual var: “Alimdi, yoxsa rəssam, şairdi, yoxsa memar? Memar ilə danışır kərpiclə daş dilində, Heykəl ilə danışır heykəltəraş dilində, Nəğməni dilləndirir şux nəğməkar dilində, Zirvəylə qar dilində, budaqla bar dilində. Muğamlara baş vurur görəndə xanəndəni, Allah belə yaradır çox sevdiyi bəndəni”. Açılardı dilində elmin dərin qatları, Göylərə baş vurardı fikrinin qanadları. Torpaqla danışardı sarı sünbül dilində, Çəmənlə danışardı çiçəklə gül dilində, İnsanla danışardı sevən könül dilində, Allahı – qurmaq eşqi, Tanrısı – zəhmət idi, Təpədən-dırnağadək sevgi, məhəbbət idi.
Yaratdıqca hər anı, hər saatı sevirdi, Həyat onu sevirdi, o, həyatı sevirdi.
Tanrı ona verəndə odlu nəfəs də verdi, Sarayları titrədən gur, məğrur səs də verdi. Qanadlanan bir ilham, coşan həvəs də verdi, Qılıncdan kəskin olan ən iti söz də verdi, Yüz il, min il sonranı görməyə göz də verdi. Baxışına qəzəbdən çaxan şimşək də verdi, Dünyanı dünya boyda duyan ürək də verdi, Həyatın yaddaşından silinməz iz də verdi, Qatlanmaz bir bilək də, bükülməz diz də verdi. Xırda fikirlərə yad, Böyük işlərə ustad, ulu niyyət də verdi. Oddan-sudan qorxmayan bir qətiyyət də verdi. “Yarat!” dedi, “Yaz!” dedi, “Ucalt!” dedi, “Qur!” dedi, Hər işinə İlahi ürəkdən “Uğur!” dedi.
Susmaq, durmaq, dayanmaq varlığına yad oldu, Ən müqəddəs duyğular ona qol-qanad oldu. Bir yurdu-yuvanı yox, Bir ovuc havanı yox, Yeri, göyü, varlığı, kainatı sevirdi, Həyat onu sevirdi, o, həyatı sevirdi.
Bir ömürdə bu insan görün nələr yaratdı, Həqiqətə sığmayan əfsanələr yaratdı, Bulaq çəkdi, “İç!” – dedi, körpü saldı, “Keç!” – dedi, qanad verdi, “Uç!” – dedi. “Mən çəkdiyim bulaqdan içməyi bacarmasan, Mən saldığım körpüdən keçməyi bacarmasan, Mən verdiyim qanadla uçmağı bacarmasan, Daha məndən incimə,, özündədi suç”, – dedi. Tanrı kimi tapındı mənalı ömürlərə, Mənasız keçən ömrə “yalan” dedi, “puç” – dedi. Ağac əkdi, “barını şirin-şirin dər”, – dedi, Şəhər saldı, “bu işdə gücünü göstər”, – dedi. Sinəsi sipər oldu, kirpiyi çəpər oldu,
Qanında qeyrət, hünər, canında təpər oldu. Yer üzündə şöhrəti o qədər yüksəldi ki, Göy üzündə mələklər alnından öpər oldu. Torpağın qucağında qurmağı, yaratmağı, Göylərdə yeddi rəngi, yeddi qatı sevirdi, Həyat onu sevirdi, o, həyatı sevirdi.
Bir dahi doğulub gəldi dünyaya
Naxçıvanda doğuldu 23-ün mayında, Güllü bahar fəslinin ən işıqlı ayında. Anası İzzət xanım, atası Əlirza Şükürlər oxudular onlara oğul verən Tanrıya, İlahiyə, bu bahara, bu yaza. Ata-ana ad qoyub adına Heydər dedi, “Bu həyatın barını dərdikcə hey dər!” – dedi. O, boy atıb böyüdü gündə bir darı boyda, Ona layla çalanın xoş arzuları boyda.
Hər anla, hər saatla, hər fəsillə böyüdü, Damar-damar bərkidi, pillə-pillə böyüdü. Bir gün əskik olmadı laylası, oxşaması, Atanın yeridiyi yerişlə, tərpənişlə, Ananın danışdığı şirin dillə böyüdü. Gəzirdi cığırları, dolaşırdı yolları, Göyləri qucmaq üçün qartal qanadı kimi açılırdı qolları. Hər nəyə baxırdısa, dönüb yenə baxırdı, Uşaq marağı ilə təkrar-təkrar baxırdı, dönə-dönə baxırdı. Oda, közə, kömürə, daşa, tunca, dəmirə, Daş üstündə çiçəyə, qaya üstə mamıra, Dağa, düzə, dərəyə, göz oxşayan, qəlb açan Hər cürə mənzərəyə hey baxdıqca baxırdı, Bulaqlar qayadan yox, ürəyindən axırdı. Ana onu bir dəfə doğub verdi dünyaya, O, hər gün bir nəğmədən, bir səsdən doğulurdu,
Tükənməz bir maraqdan, həvəsdən doğulurdu. Dar komadan, daş evdən, məbəddən, məqbərədən, Sıldırımdan, keçiddən, aşırımdan, bərədən, Məsciddən, minarədən, Haqqın ona verdiyi İlahi bir vergidən, eyhamdan, işarədən, Yoldan, cığırdan, izdən, Atabəy Eldəgizdən, Mömünə xatın adlı türbənin naxışından, Günəşin işığından, buludun yağışından, Çəmənlərin dumduru şehindən doğulurdu. Kimdi Məhəmməd Cahan, kimdi Memar Əcəmi, Bu yurdun memarından, şahından doğulurdu. Mirzə Cəlil yanğısı onun uşaq qəlbini göynədib-sızladanda, Dünyanın acısını, şirinini dadanda, Ölülərin dərdini dirilər çəkməyəndə Bu xalqın fəryadından, ahından doğulurdu. Naxçıvan torpağının şəhdindən, şirəsindən, Qayaların ağzından çıxan od kürəsindən,
Qədim tikililərin bağından-bağatından, Şəhər səliqəsindən, köhnə kənd həyatından, Günlü güneylərindən, qarlı quzeylərindən, Allahın yaratdığı qaya muzeylərindən, Ürəyə işıq salan Günəşdən doğulurdu, Şimşəkdən, ildırımdan, atəşdən doğulurdu. Kim deyə bilərdi ki, bugünkü körpə uşaq sabahkı bir dahidi, Biz kimik hökm verək, Hökmü verən-çıxardan Tanrıdı, İlahidi!
GİZLİ TƏŞKİLATDA
Gəldi-keçdi ömürdən neçə gün, neçə gündüz, Durmadı, dayanmadı, oxudu təbiəti, öyrəndi cəmiyyəti. Yatmadı gecə-gündüz, odun içinə girdi, Baxmadı bir qıraqdan, keçdi çətindən-çətin imtahandan, sınaqdan. Əqidəsi yolunda dağ kimi, məğrur, mətin, qaya kimi sal oldu.
Dəyişdi hərb illəri arzuların səmtini, O, memar olmalıydı, əsl general oldu. Elə bir general ki, Sarsılmaz qətiyyəti! Basılmaz şəxsiyyəti! Danılmaz həqiqəti! İmperiya cəlladıyla dayansa da üz-üzə, Qorxmadı, çəkinmədi, başlandı fəaliyyət, başladı mübarizə.
Gizli bir təşkilatda aydın bir rəhbər oldu, Öz milləti yolunda hər gün səfərbər oldu, Kəskin bir qılınc olub döyüşdü qına qarşı, Bir də imkan vermədi təxribat eləsinlər onun xalqına qarşı.
İlahi! Gör bu yerdə o kimlərlə döyüşüb, Çox əliqanlılarla, hakimlərlə döyüşüb. Cavidi sərt Sibirin şaxtasında çürüdən, Böyük Əhməd Cavadı gilə-gilə əridən, Başımızın üstünə göydən odlar ələyən, Müşfiqi bir gecədə al-qanına bələyən,
Adı hələ də dildə “Dənizkənarı” qalan, Anaların saçında əriməz qarı qalan, Zülüm, qan ocağının dağıtdı yuvasını, Təmizlədi ruhunu, dəyişdi havasını. Onun hərarətindən göy gözlər, sarı saçlar yavaş-yavaş əridi, Dəyişdi dünya, düzən, buz sındı, daş əridi. Bu millətin qaragöz, qaraqaş oğulları, Ayaqda sürünməyən başda baş oğulları Sahib oldu o gündən öz doğma ocağına, öz işıqlı elinə, Gördü bu mənzərəni xalq sevinə-sevinə.
Qan tökənin gözləri oyum-oyum oyuldu, Bugünkü dövlətinin sağlam özül daşları O kişinin əliylə bax o zaman qoyuldu! Dağılmasa o yuva, dəyişməsə o hava, Yenə ayaq açardı bu millətin üstünə iftiralar, riyalar.
Bir-bir güllələnərdi Müşfiqlə Cavid kimi Bəxtiyarlar, Ziyalar. Nə göylər durulardı, nə yer təmizlənərdi, Bir cəlladın içində min qisas gizlənərdi. Nə qədər səs itərdi, nə qədər qan batardı, O qanların içində Azərbaycan batardı.
Gülü tikandan qorudu! Torpağı qandan qorudu! Qorudu o, bu xalqı, bu milləti qorudu, Azərbaycan adlanan bir dövləti qorudu!
ZƏRİFƏ SEVGİSİ, HEYDƏR SEVİNCİ
“Çiçəksən, arını sevmə” – dedilər, “Budaqsan, barını sevmə” – dedilər. “Zərifə adında, mələk donunda, İstəkli yarını sevmə” – dedilər, Qadağa qoydular məhəbbətinə.
“Bir də o tərəfdə izin olmasın, Bu haqda söhbətin, sözün olmasın, Bir daha o qızda gözün olmasın, Sən dövlət adamı, o, bir yad qızı”, – Qadağa qoydular məhəbbətinə.
Duru bir bulağa “axma” – dedilər, Odlu bir şimşəyə “çaxma” – dedilər. “Duyğusan, durulma, dilsən, danışma, Gözsən, gözəlliyə baxma” – dedilər, Qadağa qoydular məhəbbətinə.
O gün kök budaqdan ayrılmalıydı, O gün ət dırnaqdan ayrılmalıydı, O gün Ay ulduzdan, işıq Günəşdən, Bərəkət torpaqdan ayrılmalıydı, – Qadağa qoydular məhəbbətinə.
Bu söz sərt zamanın tapşırığıydı, Tüstünün, dumanın tapşırığıydı, Tutqun bir səmanın tapşırığıydı, Yaxşını yaxşıdan ayırmaq üçün Tapşırıq yamanın tapşırığıydı.
Qorxu-qadağanın yekəsinə bax, Vaxtın çirkabına, ləkəsinə bax, Tarixin hökmünə, hikkəsinə bax, Tapşırıq verənin naşılığına, Tapşırıq alanın Məkkəsinə bax!
Küləyə “yellənmə” demək olarmı? Yağışa “sellənmə” demək olarmı? Ürəyə “tellənmə” demək olarmı? Gülün budağına qonan bülbülə “Oxuma, dillənmə” demək olarmı?
Açan çiçəklərə qadağa yoxdu, Coşan diləklərə qadağa yoxdu, Uçan mələklərə qadağa yoxdu, Odlu baxışlara, dolu gözlərə, Sevən ürəklərə qadağa yoxdu.
Sevdilər, seçdilər, sehrləndilər, Görüşüb, qovuşub mehrləndilər, Zamanın hökmüylə ayrılmadılar, Allahın hökmüylə möhürləndilər.
Tanıdı yaxından, gəldi uzaqdan, Bir dərya yarandı iki bulaqdan, Çıxdı imtahandan, keçdi sınaqdan, İlahi məhəbbət işini gördü, Özünü yormasın bəndə nahaqdan.
Zamanın bağrından qopdu, yaşadı, Nur olub torpağa hopdu, yaşadı, Əbədi ünvanı tapdı, yaşadı, Zərifə sevgisi, Heydər sevinci.
Qılınca bağlanıb, qından gəlibdi, Ürəkdən süzülüb, qandan gəlibdi, Cövhərə çevrilib, candan gəlibdi Zərifə sevgisi, Heydər sevinci.
Çiçək solasıdı, zər solasıdı, Vaxtında gülləri dər, solasıdı, Gələn nəsillərə dərs olasıdı Zərifə sevgisi, Heydər sevinci.
Ruhu – zərifliyim, nazım olacaq, Nəfəsi – baharım, yazım olacaq, Min il bu millətə lazım olacaq Zərifə sevgisi, Heydər sevinci.
Ömrün ləzzətində, dadında qaldı, Yazıldı, yaddaşın yadında qaldı, Göylərin yeddinci qatında qaldı Zərifə sevgisi, Heydər sevinci.
ANANIN ƏMANƏTİ
Allah İzzət ananın baxtına, qismətinə yazdı gözəl bir gəlin, Yaxşısıydı yaxşının, gözəliydi gözəlin. Arzuları uğurlu, qədəmləri sayalı, Halal süddən-sümükdən, halal kökdən mayalı. Yasəməndən ətirli, bənövşədən həyalı. Xisləti ipək gəlin, ədəbi, insanlığı gözəllikdə tək gəlin. O bir göz həkimi idi, Onun xoş gəlişiylə böyük bir ailənin gözünə işıq gəldi, Bu evə bar-bərəkət, yurda yaraşıq gəldi. Ana kövrək, əzabkeş, gəlinsə xanım-xatın, Ən böyük xoşbəxtliyi elə budur həyatın. Olmasa ocağında səni duyan bir qadın, Uça bilməyəcəksən, qırılacaq qanadın. Qanadı sındıran yox, qanad verən gərəkdi, Qadın incədən-incə, kişi ərən gərəkdi.
Oğul evdən çıxanda Ana əl qaldırardı Tanrının dərgahına, Dil açıb yalvarardı Yerin-göyün şahına: “Sən mənim övladımı, qolumu, qanadımı, Şər-şeytandan, Quru böhtandan uzaq elə, İlahi, Söndürmə çırağımı, ocaq elə, İlahi!”.
Bilirdi ki, xata var bəd gözdə, bəd nəfəsdə, Üzərlik yandırardı tez-tez başının üstə. Heydər nəfəsindəki odu qorumaq üçün Ana yaşıl bağça-bağ, gəlin çiçək olardı. Gülüşün, xoşbəxtliyin, sevginin gur yerində, Hər şey yerli-yerində, gözəl-göyçək olardı. Bir gün İzzət ananın sümüyünə damdı ki, Qürubu yaxınlaşır, ölümü dağdan aşır. Qızı qədər sevdiyi əziz Zərifəsini çağırdı öz yanına, Bir neçə xoş söz dedi gəlinin ünvanına.
Dirsəkləndi, dikəldi, mətləb üstünə gəldi: “Qızım, çatdı ömrümün son günü, son saatı, Mən köçürəm dünyadan, Heydərim amanatı! Mən onu ömrüm boyu oğul kimi qorudum, sən də qoru ər kimi. O, dünyaya gələndə Heydər kimi doğuldu, Ürəyinə işıq sal, qoy elə ömrü boyu yaşasın Heydər kimi!”. Qulaqda sırğa oldu ananın vəsiyyəti, Bu tapşırıq, bu nida yaddan çıxmadı qəti. Bu ilahi sevgilər şöhrətə-şana döndü, Zərifə-Heydər eşqi dildə dastana döndü.
1 İYUL BAYRAMI
Gəlişinlə qondu bizim çiynimizə dövlət quşu, Gəlişinlə sən gətirdin bu torpağa qurtuluşu, 1 iyul – on dörd illik rəhbərliyin özül daşı, O tarixdən işıqlandı gözlərimiz, O tarixdən qanadlandı sözlərimiz,
O tarixdən dil duruldu, təmizləndi, O tarixdən ana dilim anam kimi əzizləndi. Səsim çatdı hər ölkəyə, hər diyara, O zamandan qanadlandı Fikrət, Qara, Həmin tarix üfüqlərə çatan əldi, Yaddaşında bir heykəldi. Həmin tarix düşmənlərin ürəyini yaran gündür, Nərimanı ikinci yol bizlərə qaytaran gündür, Maqadandan Naxçıvana Cavid uçub gələn gündür, Yağıların ayaq üstə diri-diri ölən gündür, Həmin tarix Cabbarlıya məğrur heykəl yapan gündür, Həqiqətin öz yerini tapan gündür.
Mən o zaman tələbəydim, Döyüşlərdən qalib çıxan bir kişinin sayəsində bir zəfərdim, qələbəydim! İsinərdim odu ilə, öyünərdim adı ilə, Dostu ilə dost olardım, döyüşərdim yadı ilə.
Azərbaycan öz haqqını alsın deyə, Bu millətin zəfərini çalsın deyə, Ucalırdı Günə kimi, Aya kimi, Tərpənirdi bir dağ kimi, yeriyirdi qaya kimi. Rəqibləri dinə bilmir qorxusundan, Lal edirdi, lal onları, titrədirdi gur səsiylə ən möhtəşəm salonları. Özü bütöv, sözü tamdı, O, basılmaz, qalib şəhər, o, bir qala, istehkamdı. Söhbətində dilimizin duzu vardı, Əllərində bar-bərəkət, ruzu vardı, Duruşunda xalqımızın əzəməti, Baxışında yurdumuzun hərarəti. Ağ pambığa əli dəysə, aşıb-daşar, sellənərdi, Ağ üzümə əli dəysə, dolu salxım, qızıl tənək Xanım-xatın gəlin kimi nazlanardı, yellənərdi. Əkin üçün, səpin üçün qara torpaq qarış-qarış qazılardı, bellənərdi. Ağacını barlı görüb, millətini varlı görüb,
Qürur ilə danışardı, iftixarla dillənərdi. Hara getsə, gedişindən iz qalardı, Hara baxsa, baxışından köz qalardı, Harda olsa, hər sözündən, söhbətindən Ellər üçün bir yadigar söz qalardı.
KREMLDƏ KEÇƏN ÖMÜR
Yaxınlara, uzaqlara xəbər oldu: “Türk oğlu türk Kremldə rəhbər oldu!”. Ekran, efir yer üzünə yaydı səsi, Yeniləşdi ruhumuzun mənzərəsi. Bu, adi bir xəbər deyil, Tarixi bir hadisəydi, Bu xəbərə dostlarımız sevinsə də, Düşmənlərin başına bir qapaz dəydi: “SSRİ Yer üzünün yarısına sahib olan bir ölkədi, Azərbaycan bu ölkədə bir bölgədi, İndi gəlsin bu bölgənin bir adamı Bu ölkəyə rəhbər olsun, Onda gərək bizdən ötrü Yediyimiz, içdiyimiz zəhər olsun”. Sirr sandıqda qalan deyil, Bu söz dilə-dişə düşdü, Şər-böhtanlar, iftiralar, Fırıldaqlar işə düşdü. “Ov”la, “yan”la sirdaş olan,
Özgələrə qardaş olan, Canı-qanı mənim olan, Ancaq mənə qənim olan, Öz əliylə özümüzü Kəsib-tökən baltalar da Bir nəhəngi qoydu darda. “Vəzifədən getməlidir!” – Fikir aydın, qərar qəti, Təzə xəbər deyil ki bu, Saymaq ilə qurtararmı Bu mərkəzin xəyanəti? Bax beləcə ayaq açdı Addım-addım üstümüzə Qarabağın xəyanəti. Boş sualın nə yeri var, Niyə getdi, nəyə getdi? Hər gedənlə can əridi, Ürək getdi, bədən getdi! O getməklə əlimizdən Parça-parça Vətən getdi!
NAXÇIVANDA KEÇƏN GÜNLƏR
Nəslinə, millətinə şöhrət olan bir oğul, Öz doğma beşiyinə böyük bir adla gəldi. Yurduna, torpağına arxa-dayaq olmağa, Tanrılara yaraşan bir istedadla gəldi. Ağır zərbələr aldı, qırılmadı inadı, Zaman onu neçə yol sınaqlarda sınadı.
Dalbadal daş atdılar, qəlbi, ruhu qanadı. Yenə də bükülmədi onun polad qanadı. Gəmisi daşa dəydi, parçalanıb sınmadı, Öz müqəddəs ocağı xoş oldu, əziz oldu, Əl açıb özgələrin oduna qızınmadı. Xalqı onu qorudu bədxahların şərindən, Vətən onu uzağa qoymadı gözlərindən, Qırmızı imperiya onu gözdən salanda, Xəyanət yolu tutub, alçaqlar alçalanda, Doğulduğu Naxçıvan Öz doğma balasına qol açdı, “gəl-gəl” – dedi, “Səni isitmək üçün Ruhumu köz elərəm, qəlbimi məşəl” – dedi. Naxçıvan... şam işığı... Dar otaq, soyuq bucaq ona kainat oldu. Onu Vətən havası Bu Vətənə qaytaran qaynar bir həyat oldu. Böyük ürək sahibi şamı günəş elədi, Qığılcımı döndərib qızmar atəş elədi.
Mömünə xatın ruhu, Əcəmi memarlığı, Hüseyn Cavid türbəsi canı, qanı, varlığı, Onun geniş ürəyi gen elədi darlığı, Axşamı nurlu səhər, sübhü dan qucaqladı, Öz böyük övladını Naxçıvan qucaqladı. Pardaqlandı yenidən, açıldı güllər kimi, Ətri tutdu dünyanı dolu sünbüllər kimi, Axdı eli-obası yanına sellər kimi, Nəfəs nəfəsi çəkdi, canı can qucaqladı, Öz böyük övladını Naxçıvan qucaqladı. Qədəminə kəsilən qurbanların sayı yox, Bəlkə də bu görüşün yer üzündə tayı yox. Tanrının bundan böyük sovqatı yox, payı yox, Sanki torpaq qabardı, gur meydan qucaqladı, Öz böyük övladını Naxçıvan qucaqladı.
ONU ZAMAN AĞIRDI
Bir tərəfdə Qarabağ kənd-kənd talanıb gedir, Bir tərəfdə Lənkəran oda qalanıb gedir, Eşidəndə adamın ürəyi al-qan olur, Gah "Ləzgistan" yaranır, gah "Talış-Muğan" olur, Hər fəlakət dalınca bir fəlakət doğulur, Cavad xanın Gəncəsi od içində boğulur, Hər eldə bir qoçu var, hər mahalda bir lotu, Sanki dilotu yeyib danışanlar, dilotu. Sözü var, əməli yox, ayağı var, əli yox, Aqillər nişandadı, ağıllılar hədəfdə, İki adam əyləşib bir üzə gələ bilmir, Hərəsi bir yandadı, hərəsi bir tərəfdə. Həsrətini bir ev yox, oba çəkir, el çəkir, Xilaskara göz dikib, xalqın gözü yol çəkir. Onun adını çəkən Alır öz ölümünü gözlərinin altına, Gözləri baxa-baxa bu həyatdan əl çəkir,
Qətlinə fərman verir, ölümünə qol çəkir. Onun adı gələndə ağız büzənlər də var, Qorxusundan girməyə deşik gəzənlər də var. “Birdən danışar” deyib, Telefon xətlərini qırıb-kəsənlər də var. Tərəddüdlər, yalanlar, şübhələr, ehtiraslar, Ölümlər, intiqamlar, didişmələr, qisaslar: “O gəlsə, filankəsin kitabı bağlanacaq, O gəlsə, filankəsin lap dədəsi yanacaq, O gəlsə, filankəsin çatdı sonu, axırı, O gəlsə, filankəsin açılacaq paxırı. O gəlməsə, millətin ölüm günü gələcək, qəbir günü gələcək, Köç günü, sürgün günü, Sibir günü gələcək. O gəlməsə, batacaq dövlət adlı bir gəmi, Nə arxası qalacaq, nə dostu, nə həmdəmi. Yaşasınmı bu millət, ölsünmü, ölməsinmi? Millətin böyük oğlu gəlsinmi, gəlməsinmi?”. Çəkdi düzü, əyrini tərəzinin gözündə,
Xoş gündə, xoş saatda xalqın üzünə baxdı, Allah iftiranın yox, haqqın sözünə baxdı, Ər itirən sonalar “O gəlməlidir!” – dedi, Oğlu ölmüş analar “O gəlməlidir!” – dedi, Sinəsi dağlı qalan, Od-ocağı kül olub Qapısı bağlı qalan “O gəlməlidir!” – dedi, Toyu yarımçıq qalan Gəlinlərin əlindən getməmiş xınası da, Neçə-neçə şəhidin Ağlayan anası da “O gəlməlidir!” dedi, Xalqın uzağı görən düşüncəli başları, Böyük şəxsiyyətləri, Böyük vətəndaşları “O gəlməlidir!” – dedi, Əsən külək, axan su, düşən yarpaq, coşan çay, Ürəkdən qopan səda, Könüldən qalxan haray “O gəlməlidir!” – dedi. Onu zaman çağırdı, Onu ürəkdə təpər, damarda qan çağırdı, Ayağa durmaq üçün dizində hey qalmayan, Yanı üstə can verən Azərbaycan çağırdı!!!
Hökmü budur Allahın: bir kimsəni ölümdən qurtarmaq istəyirsə, Ona qızıl xonçada qırmızı nar göndərir, Ürəyi yananları həyata qaytarmağa Dağların zirvəsindən bir ovuc qar göndərir. Hökmü budur Allahın: bir xalqı, bir milləti Yox olmaq bəlasından hifz etmək istəyirsə, O xalqı xilas üçün Qəlbi Allaha bağlı bir xilaskar göndərir.
BAKI GÖRÜŞÜ
Gəldi Bakıya, min cürə sifətləri gördü, Tez-tez dəyişən imzaları, xətləri gördü, Üst-üstə yığılan çəkilməz dərdləri gördü, Millətə dərd verən nə qədər namərdləri gördü, Üzüdönükləri gördü, Çəkilməz yükləri gördü, Məzlumları, miskinləri gördü, İnsan cildinə girmiş cinləri gördü, “Can-can” deyənləri görmək çətin oldu, “Qan-qan” deyən ehtirasları gördü.
Nə qədər matəmləri, yasları gördü. Gördü bu böyük insan, gördü, hər şeyi gördü, Millətin sinəsindən qalxan ahı, fəryadı, Millətin ürəyində sızlayan neyi gördü. Gəl indi gəmi yarat, Nuhun gəmisi kimi, Salamat keç tufanın, qasırğanın yanından, Qurtar bu məmləkəti zamanın tufanından, Dil tap yağışla, qarla, danış qasırğalarla. Fələk də baş açmayan bu kələfi aç görüm, Düyünlənmiş sirlərin pəncəsindən qaç görüm, Ağlayan uşaqlara layla çal, kirit görüm, Səndən ümid gözləyən şikəsti yerit görüm, Dərmanı tapılmayan xəstəni sağalt görüm, Sarğı yoxdu, əlinlə yaranı bağlat görüm, Karın qulağını aç, kor gözlərə işıq ver, Xaraba bir ölkəyə nizam tap, yaraşıq ver. Göz açmağa aman yox, dalğa-dalğa çən keçir,
Gəl indi bacarırsan koru körpüdən keçir. Umu-küsüləri kəs, ruhu sıxmasın qəfəs, Ayılt bir az keyləri, silkələ lakeyləri. Böyüklük qəlbə bir yük, zamanın üzü dönük, Bu qarışıq zamanda Seç-ayır bir-birindən yaxşıları, pisləri, Tanı görüm yaxından safları, naqisləri. Batan gəmini qurtar, dayandır axan qanı, Qasırğanı cilovla, ram elə bu tufanı, Qır qıcanan dişləri, Bir az sahmana düşsün bu ölkənin işləri. Seç, öyrən, ayırd elə işini, əməlini, Yığ bir evin altına ağıllını, dəlini, Çalxalanmış sulara duruluq, saflıq gətir, Cəmiyyətə təmizlik, ruha şəffaflıq gətir, Özünə dincəlməyi, yatmağı haram elə, Parçalanmış torpağı bütövləşdir, tam elə, Bunlar hamısı arzu, bunlar hamısı istək, Yollar daşlı-kəsəkli, havalar da çən, çisək.
Daşla üz-üzə qoyub, “Daşı dindir” – dedilər, “Üşüyən ürəkləri gəl isindir”, – dedilər, Ölkəyə od vuranlar “Odu söndür” dedilər, “Qumu göyərt gül açsın, külü yandır”, – dedilər. İndi hünər istəyir bu dövləti saxlamaq, “Bizi öz hünərinə gəl inandır”, – dedilər, Qardaş qanı tökənlər “Qanı saxla”, – dedilər, “Bu əsri, bu zamanı, gəl qabaqla”, – dedilər, Öhdəsindən gəl görüm, xeyir də çox, şər də çox, Çatmalı arzular da, görməli işlər də çox. Axır ki, bircə dəfə bir insaf elədilər, Onun böyük gücünü etiraf elədilər.
Döyüşə gir, Vətən oğlu, ver düşmənin cavabını, Sakit olmaq vaxtı deyil, döyüş yeri, qan yeridi.
İstəyirsən bu millətin məğrur qəddi bükülməsin, İgidə bir hünər vaxtı, şəhidə meydan yeridi.
“Qurban olum” – demək ancaq quru sözdü, yalvarışdı, Oğul üçün imtahandı, keçmək üçün can yeridi.
Daldalara çəkildinsə, qaranlıqdan çıxmaz Vətən, İgidlərin açıq alnı, günəş öpən dan yeridi.
Gözdə qoyma parçalanmış bir torpağın arzusunu, Burulğandan çıxmaq üçün ən müqəddəs an yeridi.
Ulu öndər! Ana millət səndən umur xilasını, At imzanı tarixlərə, şərəf yeri, şan yeridi.
HEYDƏR “XALQ!” DEYƏNDƏ XALQ “HEYDƏR!” DEDİ
Qara imperiya caynaqlarından Salamat qurtaran tək kişiydi o. Böyüdü, ucaldı fələklər qədər, Yerin də, göyün də gərdişiydi o.
Ağbirçək ananın saçları kimi, Öpdü ağ pambığı baxışlarıyla, Hər yerdə Vətənə xalı toxundu Torpağa vurduğu naxışlarıyla.
Əlində bərəkət, gözündə işıq, Çəkdi qara nefti ağ yanağına, Dünyanı gətirib qədəmlərinə, Qaldırdı milləti Tanrı dağına.
Sahildən-sahilə körpülər atdı, O əsri bu əsrə bağlamaq üçün. Keçdi birdəfəlik sağlamlığından, Vətəni salamat saxlamaq üçün.
Memar baxışıyla baxdı dağlara, Əridi, yonuldu qranit qaya, Nəsimi, Cabbarlı, Cavid, Nəriman, Heykələ çevrilib gəldi dünyaya.
Gecə də, gündüz də həvəsindədir, Yaz günü, yay günü, qış günü yoxdu. Bütün könüllərə səyahətdədir, İşsiz iş saatı, iş günü yoxdu.
Yüksələn dövlətlə qalxır, ucalır, Sünbüllə, zəmiylə ətirlənir o. Hər eldə bir şirin xatirə qalır, Hər yerdə sevgiylə xatırlanır o.
Sevgi birdən-birə yarana bilməz, Aylarla-illərlə yığılıb gəlir. Gözdən qəlbə köçür, candan ürəyə, Millətin bağrından doğulub gəlir.
Xalqını dünyaya tanıtmaq üçün Səsi qanadlandı altı qitədə. Bu gün diqqəti var bütün dünyanın Azərbaycan adlı bir xəritədə.
Məkkədə görmüşdüm, o xoş günləri Ömrünün ən gözəl vaxtı sayırdı. Orda da əl açıb dua yerinə “Azərbaycan” sözü pıçıldayırdı.
Çində də görmüşdüm böyüklüyünü, Orda ucalmışdı Çin səddi kimi.
Onu qoruyurdu baxışlarımız, Vətənin müqəddəs sərhədi kimi.
“Manas” dastanının min illiyində Yaratmaq eşqiylə aşıb-daşırdı. Ordaca bizləri yığıb başına, Qorduq bayramına hazırlaşırdı.
Zamandan zamana gələcək səsi, Bir qaya səngəri, daş qalasıdı. O, mənim xalqımın baş sərkərdəsi, O, mənim yurdumun baş qalasıdı.
Xalq elə güclüdü, sevdiklərini Qaldırar başında qızıl tac eylər. Onun hər sözünü, işarəsini Hər ağır dərdinə bir əlac eylər.
Xalq elə güclüdü, o dirildəni Əzrayıl heç zaman öldürə bilməz. Min dəniz qabara, min çay kükrəyə, İzini torpaqdan sildirə bilməz.
Oğullar doğular... bu qoca dünya Bir də əvəzini gətirməz onun. Yazar yaddaşına, hafizəsinə, Heç vaxt zəhmətini itirməz onun.
Qorquda bənzətdi “Dədə” deyənlər, Kimi “ata” dedi, kimi “ər” dedi. Ana-bala kimi qucaqlaşdılar, Heydər “Xalq!” deyəndə, Xalq “Heydər!” dedi.
Xilaskarın gəlişiylə alov yatdı, qan dayandı, Sanki bir az rahatlandı, nəfəs dərdi Azərbaycan. Əldən-ələ keçən dövlət ortalıqda bazar malı, Ər kişinin hesabına yenə ərdi Azərbaycan. Canı-qanı bahasına qazandığı istiqlalın Müstəqillik meyvəsini gültək dərdi Azərbaycan. Tufanların cilovunu özbaşına buraxmadı, Zirvələrə qaya kimi sinə gərdi Azərbaycan. Ölüm-itim qorxusu yox, başçı başda, yerindədi, Saf arzular qaynağıdı, təzə-tərdi Azərbaycan. Öz varını özünə ver, aşıb-daşsın dəniz kimi, Dolu qızıl külçəsidi, parlaq zərdi Azərbaycan. Sərkərdələr sərkərdəsi öz işinin başındadı, Bir də hardan tapasıdı belə mərdi Azərbaycan? Hünərsizlər bacarmadı, bu Vətəni saxlamağa Öz hünərli oğlu ilə hünərvərdi Azərbaycan.
PREZİDENT ÖMRÜNÜN SON SAATLARI
Olmamışam yanında, görməmişəm mən onu, Necə başa yetişib böyük bir ömrün sonu? Görən nəyi düşünüb son anda, son saatda, Kimi yadına salıb, nəyi anıb həyatda? Əcəl gəlib çıxanda ömrün axır çağına Görəsən kimlər gəlib gözünün qabağına? Bəlkə, quşa çevrilib, Azərbaycana sarı qalxıb uçmaq istəyib? Bəlkə, nəvələrini öpüb-qucmaq istəyib? Kimi görmək istəyib: yarı Zərifənimi, anası İzzətimi? Varlığını göynədən canının ağrısımı, Vətənin həsrətimi? Bəlkə də ürəyinə dünyaya göz açdığı, Torpağının üstündə yüyürdüyü, qaçdığı Qədim Naxçıvan düşüb, Elə bu ağrıdan da ürəyinə qan düşüb? Bəlkə, yanan qəlbinə Qoşqarın zirvəsindən bir ovuc qar istəyib?
Bəlkə, sağalmaq üçün Göygölün yaxasından güllü bahar istəyib? Dilimizi titrədər, ruhumuzu silkələr, Sinəmizdə dərd olar bu amansız “bəlkə”lər. Əcəl aman verəydi, Xalq ona gözündən od, Canından can verəydi. Çıxaydı nur heykəli təyyarənin qaşına, Yenə salam verəydi yarına, yoldaşına. Bizə əl eləyəydi, gəlişi aşıb-daşa, gəlhagəl eləyəydi. Təyyarədən düşəndə o, əsgəri nizama, O, hərbi intizama baxıb qürurlanaydı, Gözlərindən sevinib, içindən nurlanaydı. Səksən yaşlı bir kişi igid bir oğul kimi qaldıraydı səsini, Kürsülərdə duyaydıq alovlu nəfəsini. Baxıb Azərbaycana “Sən mənimsən”, – deyəydi, Səməd Vurğun şeirinə “Vətənimsən”, – deyəydi. Duyulaydı nəfəsi hər isinən yuvada,
Yenə çıxış edəydi yumruqları havada. Bunlar hamısı arzu, bunlar hamısı xəyal, Gözlərim bir nöqtədə, baxışım lal, dilim lal. Necə keçib bilmirəm, bilmirəm son anların, Gözü yollarda qaldı həsrətdən donanların. Bildiyim ancaq budur: “Qürbətdə Əzrayıla vermərəm can!” demisən, Son anda, son saatda İLHAM pıçıldamısan, AZƏRBAYCAN demisən.
GEDƏN MİLLƏDƏN GEDİR
Evdən gedən elin deyil, eldən gedən millətindi, Bu gün köçüb gedən kişi ulu bir millətdən gedir.
Doğulduğu məmləkətdə bir gözəllik yaratmışdı, Nəyi varsa burda qalır, cənnətə cənnətdən gedir.
Allah onu ən ilhamlı çağlarında xəlq elədi, Xaliq bilir, gedən oğul xalq adlı xilqətdən gedir.
Dəfələrlə dik baxmışdı sərt ölümün gözlərinə, Söhbət bu gün ölümdən yox, əsl cəsarətdən gedir.
Şairlərin nəfəsiydi, rəssamların rəngi-ruhu, Özü bütöv millət idi, o, milli sərvətdən gedir.
Səksən ildə bircə dəfə əyilmədi, bükülmədi, O, milli qəhrəmanlıqdan, əsl qətiyyətdən gedir.
Tale onu göndərmişdi bizlərə bir qismət üçün, Halal süddən, halal kökdən, halal bir qismətdən gedir.
Bir sözündə dolaşmadı, bir cümləsində çaşmadı, Gedən sərvət möcüzədən, sehrdən, heyrətdən gedir.
Mən kiməm ki, qələmimlə verəm onun qiymətini? Söhbət burda zaman verən ən böyük qiymətdən gedir.
Bu, ötəri kədər deyil beş gün çəkib ayrılasan, Söz amansız ayrılıqdan, ən böyük həsrətdən gedir.
O gələndə dağ sevinər, daş gül açar, düz gülərdi, Nə itirir yurd itirir, gedən təbiətdən gedir.
Layiq idi ən ilhamlı şairlərin sözlərinə, “Nemətsə də gözəl şeir”, ən şirin nemətdən gedir.
Rəhminin də, zəhminin də, fəhminin də yeri vardı, O, ən düzgün bir ölçüydü, əsl ləyaqətdən gedir.
Çox üzülmə, Vətən oğlu, gedən sənsən, qalan odur, O dayanıb öz yerində, gedən cəmiyyətdən gedir.
Tarixlərin yaddaşında zaman-zaman qalan səsdi, O nə torpaqdan ayrılır, nə əbədiyyətdən gedir.
ATA HEYDƏR – ATATÜRK
Eyni vaxtda, bir əsrdə, bir zamanda, Tarix türkə iki dahi bağışladı, Hər birini Allah özü sevdi, seçdi, Hər birini Haqq-İlahi bağışladı.
İnsanların ən sevdiyi ayda gəldi, Hər ikisi bu dünyaya mayda gəldi, Hər birinin gözlərinin rəngi eyni, Hər birinin ömrünün ahəngi eyni, Ataların adı eyni, ikisi də Əlirza, Hünər gərək bu hikməti, sirri yaza. Hər ikisi bir sualın min cavabı, Hər ikisi əlifbanın inqilabı, Hər ikisi öz xalqının generalı, Hər ikisi millətindən yaxşı halı. Heyran qalıb bütün dünya, bütün varlıq, Bir ananın əkiz oğlu belə olmaz. Nədən olub, hardan gəlib bu oxşarlıq, Təbiətin sehridimi? Yaradanın möhrüdümü? Türkü türkə bağlamaqçün İlahinin mehridimi? Bir millət, iki dövlətdi! İki qanad, bir qüdrətdi! İki oğul, bir qeyrətdi! Hər birisi ayrılıqda bir mərhələ,
Hər ikisi birləşəndə qəhrəmanlıq, qətiyyətdi! Hər ikisi türkə oğul, türkə ata, Hər ikisi işıq saldı kainata. Ölüm-dirim vuruşunda çırpınanda İzmir, Maraş, Çanaqqala savaşında Bir orduya çevriləndə hər vətəndaş, Şəhidlərin, qazilərin şərəfinə, Anaların gözlərindən yağış kimi yağanda yaş, Sakaryada zərbə vurub düşmənlərin hərbəsinə, Atatürküm övlad kimi gərən zaman hərbə sinə, Döyüşlərdə mətinləşir, sınaqlarda sınanırdı, O, millətə dayaq olur, millət ona inanırdı. Həmin inam, həmin məslək Türkiyəni qorudu bir sərvət kimi! Yaşatdı bir millət kimi! Ucaltdı bir dövlət kimi! Atatürküm Türkiyənin taleyinə imza atdı, Tarixinə möhür basdı ulu bir məmləkət kimi. Ata Heydər ucaltdığı millət bizim! Qoruduğu dövlət bizim! Ruhu bizim ruhumuzdu, Qanındakı qeyrət bizim! Əqidəsi dayağımız!
İstiqlalı bayrağımız! Yatmaq bilmir, yuxu bilmir, ölüm bilmir, qorxu bilmir. Necə qurdu, möhkəmlətdi viran qalmış bir ölkəni, Çoxu bilir, çoxu bilmir. Neçə-neçə ağlı şikəst, başı xəstə əl atanda sui-qəsdə, O qorxmadı, çəkinmədi, Qüvvət aldı bu millətdən, Özünə bir heykəl qoydu qətiyyətdən. Ən müqəddəs arzularla gözü dolu, qəlbi dolu, Üfüqlərə qovuşdurdu Atatürkdən gələn yolu. Yüz əlləşsin, yüz vuruşsun, tapa bilməz xata türkü, Onu min il qoruyacaq Azərbaycan torpağının Heydər adlı Atatürkü!!!
ÖLMƏZLİK
Bu izdiham, bu ləngər, bu çalxantı, bu axın, Torpağa candan əziz, Haqqa yaxından yaxın. Ürəyi həsrətinlə birgə döyündü xalqın, Vətənə sığmazlığın bu Vətəni böyütdü, Sən ölümü böyütdün, ölüm səni böyütdü.
Göstərdin bu millətə millətə xidmət nədir, Göstərdin bu dövlətə dövlətə hörmət nədir. Göstərdin insanlara insana rəğbət nədir, Dən sünbülü bəslədi, sünbül dəni böyütdü, Sən ölümü böyütdün, ölüm səni böyütdü. Milyonların özüdü bu axarın şahidi, Səni belə ucaldan Tanrıdı, İlahidi. Tarix dedi MÖCÜZƏ, zaman dedi DAHİDİ, Əbədi ünvan yerin məndə məni böyütdü, Sən ölümü böyütdün, ölüm səni böyütdü.
SƏNİN YERİN GÖRÜNƏCƏK!
Dünya durmaz bir məqamda, dönər, haldan-hala düşər, Yorulanda karvanbaşı işi daldan-dala düşər. Ayaqları dolaşanda başı qeylü-qala düşər, Bir xilaskar sorağıyla çırpınanda arzu, dilək Sənin yerin görünəcək!!!
Tərəzinin ağır gözü şərə doğru əyiləndə, Haqla nahaq savaşında haqqın haqqı yeyiləndə, “Bir ədalət tərəfdarı gəlib çıxa” deyiləndə, Qarışanda bir-birinə insan, şeytan, iblis, mələk – Sənin yerin görünəcək!!!
Keçir tarix, gedir zaman, dövran əldən-ələ düşür, Hava tez-tez dəyişəndə canlara vəlvələ düşür, Yada hər vaxt Ustad düşür, Ozan düşür, Dədə düşür, Öz hökmünü həftədə bir dəyişəndə çərxi-fələk – Sənin yerin görünəcək!!!
Bu tufanlar, qasırğalar, bu dalğalar susandımı? Müşkülləri, çətinləri asan etmək asandımı? Bu rahatlıq asanlıqla yurda qədəm basandımı? Qara yellər at oynadıb, yarpaqları töksə külək – Sənin yerin görünəcək!!!
Günəş varsa, çiskin, duman insanlığı boğa bilməz, Baxışlardan nur tökülər, kin-küdurət yağa bilməz,
Anaların nə günahı, hər gün dahi doğa bilməz, “Oğul!” deyib uzaqlara göz dikəndə bir ağbirçək – Sənin yerin görünəcək!!!
Mini sevər, biri sevməz, mini anar, biri anmaz, Sənsizliyin həsrətində mini donar, biri donmaz, Haqq bilir ki, ölər, ancaq haqlı olan Haqqı danmaz, Həqiqətlər xatırlanıb anılanda yalan-gerçək – Sənin yerin görünəcək!!!
On il bizim aramızda ata-oğul məhəbbəti, On il bizim aramızda ürək-ağıl məhəbbəti, On il artıq bir əfsanə, şirin nağıl məhəbbəti, Nə vaxt məni vurmaq üçün başım üstdə çaxsa şimşək – Sənin yerin görünəcək!!!
Tariximin kökündə də, zatında da, əslində də, Bu dünyaya təzə gələn neçə-neçə nəslində də, Hər yüz ilin başında da, hər ilin dörd fəslində də, Hər il sənin ad günündə, may günündə,
Sənin bizə ulu nemət, İlahinin pay günündə, Azərbaycan başdan-başa açılanda çiçək-çiçək, Dünya dadlı, dünya gözəl, dünya şirin görünəcək, SƏNİN YERİN GÖRÜNƏCƏK!!! SƏNİN YERİN GÖRÜNƏCƏK!!! SƏNİN YERİN GÖRÜNƏCƏK!!!
SƏNİ ALLAH QORUDU
Şirin söhbət edirdin “Təzəpir” məscidində, Ruhun Tanrı yanında, eşqin sevgidə, dində. Durub Allah evində dindarlarla yanaşı, Əymişdin Haqq önündə məğrur, əyilməz başı.
“Məni Allah qoruyur!” deyib baxdın millətə, Dilin şükürlər dedi varlığa, təbiətə! Acı həqiqətləri yenidən varaqladım, Boylanıb o günlərə için-için ağladım. Yenə Allah evində, yenə “Təzəpir”dəsən, Bu dəfə ölüm adlı müəmmada, sirdəsən.
Bayrağıma sarılıb qarşıda tabut qutu, Tanrı göydən endirib Dənizlərin üstündən keçib gələn tabutu. Millətin cənazəni “Ər-Rəhman”la qaldırır, Canı əlindən gedən canı canla qaldırır. “Məni Allah qoruyur!” – bu sözdə bir ağrı var, Möhtərəm bir insanın köz-köz olan bağrı var.
Allahın nəzərində kim ucadır, kim alçaq, Bəndənin dilində şər, əlində xəncər-bıçaq. Qəlbində məkrin odu, dilində dedi-qodu, Bir insanda nə qədər qərəz olar, qəsd olar? Nə qədər başdan seyrək, ağıldan şikəst olar? Çox oldu sənə qarşı kəmfürsətlər, nadanlar, Bostanına daş atıb qəlbini qanadanlar. Heç zaman yetərincə səni duya bilmədik, Səni Allah qorudu, biz qoruya bilmədik. Sən varsansa, Vətən var, sən varsansa, mən varam,
Səni hər gün qoruyan Allaha minnətdaram. Bizi qorumaq üçün o səni qoruyurdu, O səni qorumaqla Vətəni qoruyurdu. Bu qədər acıların, ağrıların içində, Bu qədər yalanların, doğruların içində, Bu qədər satqınların, oğruların içində Səni Allah qorudu, biz qoruya bilmədik.
Səni qoruya bilsək, Nə millət sarsılardı, nə torpaqlar itərdi, Qumlu səhramızda da Sevgi-məhəbbət gülü, qeyrət gülü bitərdi. Əxlaqsızın, gədənin, zatsız zatın əlindən, Sui-qəsdin, terrorun, təxribatın əlindən, Tufanlı, qasırğalı bir həyatın əlindən Sənin böyüklüyünü yaxşı duya bilmədik, Səni Allah qorudu, biz qoruya bilmədik.
Qırx il bu məmləkətin nazını çəkən kişi, Torpağını şumlayıb, yerini əkən kişi,
Sevgi toxumlarını səpib, göyərdən kişi, Bu millətə qayğısı zirvələrə tən kişi, Dilimizin urvatı, dinimizin şöhrəti, Tanrı əsirgəmədi səndən saf məhəbbəti. Günahkarıq yanında, Ağır günahımızı heç vaxt yuya bilmədik, Səni Allah qorudu, biz qoruya bilmədik.
ƏN BÖYÜK ABİDƏNİN ÖLMƏZ ADI SEVGİDİ
Gəlir məzarın üstə, Hər kəsdə bir cür arzu, hər kəsdə bir cür istək. Kimi çiçək gətirir, Kimi çiçəkdən zərif səni sevən bir ürək. Gül çaydı, gül çeşmədi, selə dönüb axır hey, Gəlir ziyarətçilər, boylanır hey, baxır hey. Bu dalğa nə dalğadı, bu axın nə axındı, Burda insan Allaha gör nə qədər yaxındı. Yerişlər asta-asta, söhbətlər qırıq-qırıq, Hər dodaqda ağrı var, hər boğazda hıçqırıq.
Yaylıqlar yanaqları silə-silə nəm olur, Dağ boyda dərd gələndə yurd boyda matəm olur. Qalxır-enir sinəsi dağların çayı kimi, Haray varmı dünyada ruhun harayı kimi?
Sanki ölən oğludu, hönkürən anaya bax, Ananın gözlərindən axıb gedən çaya bax, Göynəyən dodağına, titrəyən əlinə bax, Arı kimi sızlayan qıza bax, gəlinə bax. Oğlana bax, elə bil ölən öz atasıdı, Millətə bax, xalqa bax, Bu yas, bəlkə, dünyanın ən ağrılı yasıdı. Xalqın ürəyindəki Heydər məhəbbətinə Məqbərəmi ucaldaq, yoxsa heykəlmi yapaq? Heydər boyda sevgini millətə vermək üçün Daşı harda axtaraq, qayanı hardan tapaq?
Qranit heykəl üçün dağlarımı çapdıraq? Başı göylərə çatan məqbərəmi yapdıraq?
Ətri dünyanı tutan isti ürəkdən doğur, Sualların hamısı sonsuz istəkdən doğur. Ən böyük abidənin ölməz adı sevgidi, Ruhu, canı, ürəyi, qol-qanadı sevgidi. Kim onu qazandısa əbədidir, əbədi, Xalq ürəyi insanın Ən əziz türbəsidi, ən müqəddəs məbədi. Yaşadığı illəri bir-bir salıb yadına, Xalq öz borcunu verir ən böyük övladına. Çəksə də sinəsinə fələk dağı-düyünü, Göstərdi yer üzünə xalq öz böyüklüyünü.
BUDUR XALQ SEVGİSİ, EL MƏHƏBBƏTİ
Nəsillər dil açıb verir səs-səsə, Budur xalq sevgisi, el məhəbbəti. Min ildə bir dəfə doğulan kəsə Budur xalq sevgisi, el məhəbbəti.
Ölüm peşman olub, Əzrayıl çaşıb, Dəryalar qabarıb, dənizlər daşıb, Heyrətdən yer ilə göy qucaqlaşıb, Budur xalq sevgisi, el məhəbbəti.
Açılıb, qan verir ah damarımız, Elə bil kəsilib şah damarımız, Qurumur gözdəki şeh damarımız, Budur xalq sevgisi, el məhəbbəti.
Dərddən dağ əyilib yeddi qat qalıb, Dərddən bir ürəkdə yeddi çat qalıb, Bu boyda sevgiyə zaman mat qalıb, Budur xalq sevgisi, el məhəbbəti.
Gözümüz öyrəndi yaş havasına, Oynadıq ağrının baş havasına, Üşüyən olmadı qış havasına, Budur xalq sevgisi, el məhəbbəti.
Solan bir arzudur hər çatılan qaş, Bükülən bir dağdı hər əyilən baş, Yarat bu lövhəni, ay heykəltəraş, Budur xalq sevgisi, el məhəbbəti.
Yadda milyonların biri qalacaq, Ocağı qalacaq, piri qalacaq, Ölməzlər həmişə diri qalacaq, Budur xalq sevgisi, el məhəbbəti.
SON GÖRÜŞ, SON AYRILIQ
Aprelin 21-i, Respublika Sarayı, Hamının qürur yeri, hamının sevinc payı. Ali Hərbi Məktəbin otuz illik bayramı, Gur tonqala çevrilir hər qəlbin yanan şamı.
Al şəfəqli dan olur Cəmşid Naxçıvanski, Otuz yeddinci ilin qətlinə tuş gəlsə də, Təzə anadan olur Cəmşid Naxçıvanski. Bu gün onun adını, soyadını daşıyır Ali Hərbi Məktəbin yeri, ünvanı, adı, Vətənə xidmət olub onun eşqi, ilhamı, hünəri, istedadı. Səsi burda gurlaşır basılmaz igidlərin, Ruhu burda dolaşır ölümsüz şəhidlərin. Qəlbi burda döyünür bu gün torpağın, daşın, İman-güman yeridi Vətən hər vətəndaşın. Müəllimdən-həkimə, əsgərdən-generala Hər kəs basılmaz ordu, hər kəs alınmaz qala. Dağ kimi məğrur, uca, qaya kimi sal olub, Dünənki sıravilər bu gün general olub. Addımları sıx, ötkəm, cərgələri mətindir, Bu güc tək salonun yox, ulu bir millətindir! Hünərvər oğulların qılıncı girməz qına,
Alqışlar dalğasından az qalır tavan sına! Çıxışlar, çıxışçılar Bir mövzunun başına hərləndikcə hərlənir, Dayana bilmir insan, Qürur hissi keçirir, kövrəlir, qəhərlənir. Bu mövzunun canı bir, Adı bir, ünvanı bır, Bu məktəb Heydər adlı bir bağbanın barıdır, Sağ ürək, sağlam nəfəs, Qəlbə sığmayan həvəs, Ürəklərin sirdaşı, könüllərin yarıdır. Gücümüz, dirliyimiz, Ruhumuz, birliyimiz bu məktəbin gücüdür, Dalğalanan ilhamın, daşan təbin gücüdür. Gücün varsa, sözün var, gücsüz sözün canı yox. Bir insanın qeyrəti bir milləti qaldırır, təkcə bir insanı yox! Burdadı bu məktəbin dostu, arxası, yarı, Müəllimi, ustadı, başbiləni, memarı. Salonda alqış qopur, baxışlar gəlir cana, “Söz verilir” deyəndə “Ali Baş Komandana!”. O yenə kürsüdədir, yumruq yarır havanı,
Silkələyir nəfəsi döşəməni, tavanı. Ali Hərbi Məktəbə “doğma övladım” deyir, Çatdığı uğurlara “qolum-qanadım” deyir. Boylanıb nəzər salır otuz illik bir yola, Tarixi günlər ilə özü gəlir yanaşı, özü gəlir qol-qola. O danışır ürəklə qəhrəman bir oğuldan ata danışan kimi, Bu çıxış da yazılır tarixin yaddaşına şərəf kimi, şan kimi! Sarayın səhnəsində bu çıxış son çıxışdı, Baxır zala, salona, Nə o bilir, nə də biz, bu baxış son baxışdı. O danışır ürəklə, Heyif, bilmir ki, ancaq bu gün min bir həvəslə səsi qalxan saraydan Üstündən il keçməmiş cənazəsi qalxacaq! Qatil bir dalğa gəldi sözün şirin yerində, Burulğan oldu birdən selin dərin yerində. Səksən ildə bir dəfə xəstələnmək bilməyən,
Bir Allahdan özgə heç kəsə əyilməyən, Baxışları nur kişi, Qaməti məğrur kişi Birdən əlini qoydu ürəyinin üstünə, Zalım, amansız ağrı qəfil durdu qəsdinə. “Bu nəydi məni vurdu?!” – bu söz çıxdı dilindən, Bu söz təkcə onu yox, bircə anın içində bütün milləti vurdu! Təzəcə ayaq açıb yeriməyə başlayan kövrək dövləti vurdu! Hər gözdə, kirpikdə yaş, hər ürəkdə bir təlaş, Salon heyrət içində, hamı lal, hamı çaşbaş. Qalxan qasırğadımı, qopan zəlzələdimi? Bir namərdin əliylə qurulan tələdimi? Ömür-gün bağçasında sərt əsən küləkdimi? Dağdan qaya qopardan ən güclü tufandımı? Son ayrılıq adında ən dəhşətli andımı? “Bu nəydi məni vurdu?!” – Ürəyi vuran nədir? Dağı uçuran nədir? Nədir bu düşüncənin, nədir bu hissin adı?
Ömür-gün yollarında nə qədər tufan görüb, Heç zaman bükülməyib o qartalın qanadı!!! Apardılar səhnədən… o yenidən qayıtdı! Qayıtdı, daha gümrah, daha da şən qayıtdı! İşıqlanan baxışlar al şəfəqli dan kimi, O qayıtdı kürsüyə, Naxçıvana, Bakıya təkrar qayıdan kimi! O qayıdış qətiyyət! Bu qayıdış möcüzə! Sarsılmağa qoymadı nigaran ürəkləri, Xalqıyla, millətiylə Yenə baxdı göz-gözə, yenə durdu üz-üzə. Əvvəlki çıxışını harda saxlamışdısa, Nöqtəsi, vergülüylə ordan başladı sözə. Tanış səsi yenə gur, görkəmi yenə məğrur! Hər kəlməsi bir kitab, hər cümləsi bir əsər, Yenə fikrində məntiq, yenə sözündə kəsər. Elə bil heç olmayıb bayaqkı sarsıntılar, Yenə də nəfəsində İlahinin gücü var. Sınmayan, qırılmayan şəxsiyyət nə deməkdir,
Ən ağır imtahanda qətiyyət nə deməkdir, Sərt dalğalar önündə nə deməkdir sal qaya, Nə deməkdir millətdən, torpaqdan gələn maya, O göstərdi zamana, o göstərdi dünyaya! Kürsüdən ayrılanda hamıya əl eylədi, Ağrısını, dərdini heç kəsə bildirmədi, Ağrıyan ürəyini xalqa məşəl elədi! Qoca tarix! Bu sözü yaddaşına yaxşı yaz, Dünyaya Heydər kimi oğul verən analar Öz başını dik tutar, qan-yaş töküb ağlamaz!!! O gedirdi əl eləyə-eləyə, Bu, son görüş, son ayrılıq günüydü. Arxasınca alqış seli axırdı, Bu, son görüş, son ayrılıq günüydü.
Can təlaşda, könül hayda-harayda, Bir qorxu var hər saatda, hər ayda. Öz əliylə yaratdığı sarayda Bu, son görüş, son ayrılıq günüydü.
Hökmü verən belə verib köhnədən, Arx yıxılar, su kəsilər dəhnədən. Ayrılırdı həyat adlı səhnədən, Bu, son görüş, son ayrılıq günüydü.
O, sipərdi, o, qalaydı, o – səngər, O, dənizdi, o, dalğaydı, o – ləngər, O – general, o – komandan, o – əsgər, Bu, son görüş, son ayrılıq günüydü.
Həyat eşqi qidasıydı Heydərin, Bizə qalan sədasıydı Heydərin, Bu dünyayla vidasıydı Heydərin, Bu, son görüş, son ayrılıq günüydü.
BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu dünya necə gəldi elə də keçib-gedər, Əbədi sirdaşımız ağrı, həsrət, dərd, kədər. Bugünkü kədərimiz ucadır Heydər qədər, Başın sağ olsun, Vətən!
Cansağlığı verəmməz başsağlığı verənlər, Getməyən kimsə varmı, köçdü ərlər, ərənlər. Olub, yenə olacaq doğru yol göstərənlər, Başın sağ olsun, Vətən!
Bu dərdin öhdəsindən kim bacarıb tək gələr, Başımızın altında daşdandı mütəkkələr.
Kimləri yola saldı Mədinələr, Məkkələr, Başın sağ olsun, Vətən!
Şah İsmayıl Xətaim igid oğlu, ər oğlu, O da Heydər oğludu, İlham da Heydər oğlu. Yenilməz bir ordudu bu torpağın hər oğlu, Başın sağ olsun, Vətən!
Nə çox ürəyini üz, nə bağrını qan elə, Yasdan çıx, şad xəbərlə gecəmizi dan elə. Qaytar Qarabağımı, dərdinə dərman elə, Başın sağ olsun, Vətən!
Tanrı səni heç zaman nəzərindən salmasın, Ürəyin küskünləşib həvəsin azalmasın. O kişinin işləri yarı yolda qalmasın, Başın sağ olsun, Vətən!
Artdı hörmətim, artdı hər millətə, hər dinə, Gör kimlər şərik oldu kədərinə, dərdinə? Gərək bu bir dərs ola mərdinə, namərdinə, Başın sağ olsun, Vətən!
Zədəsiz bir ürəyin, sağlam bir canın olsun, Həmişə qılınc çəkən qeyrətin, qanın olsun, Qoy mənim qara başım sənin qurbanın olsun, Başın sağ olsun, Vətən!
SƏNDƏN SONRA
Ruhun deyir oğulsansa, qoyma onu laxlamağa, Səndən sonra hünər gərək bu dövləti saxlamağa. Hər birimiz millət üçün bir əsgərə dönməliyik, Səndən sonra sənsizləşmək qorxusunu yenməliyik.
Səndən bizə qalan dövlət ən müqəddəs əmanətdi! Əmanətə xəyanət yox, əgər varsa, fəlakətdi! Yandırmısan çırağını, Qorumusan torpağını, Qaldırmısan bayrağını, – Dövlət üçün bu ən böyük kişilikdi, bu ən böyük cəsarətdi, Cəsarətə kölgə salmaq alçaqlıqdı, xəyanətdi. Səndən bizə qalan yollar hünər yolu, qeyrət yolu, Narahat bir ömür yolu, fasiləsiz zəhmət yolu.
Cığırlardan bərk yapışıb biz o yolu getməliyik, Biz o yolla millət, vətən sevgisiylə qəlbidolu getməliyik. Addımları şax atmasaq, ruhun bizi bağışlamaz, Canda təpər, qanda qeyrət, baxışda nur getməliyik, Biz o yolu cəsur, mətin, qalib, məğrur getməliyik, Səndən sonra yaratdığın o məktəbi keçməliyik, O əxlaqı, tərbiyəni, o ədəbi keçməliyik. Kim oldusa o məktəbin şagirdi, ya tələbəsi, Bu, ən böyük uğurudu, Bu, ən böyğk qələbəsi. O biləcək Vətən nədir, millət nədir, O biləcək bu millətə xidmət nədir. O biləcək siyasətin atişləməz yollarını, O biləcək kimə açır, nəyə açır qollarını. Ağıl nədir, idrak nədir, təfəkkür nə, beyin nədir, O biləcək danışanda yavaş nədir, yeyin nədir, O biləcək siyasətdə şahmat adlı oyun nədir. Ulu ata! Ulu öndər! Daha bəsdir, dincəl bir az!
Hara gəldi məni buyur, məni çağır, məni göndər! Bu milləti silkələdin, yatanlara "Ayıl!" dedin. "Səsin gəlsin, Millətlərin arasında Seçil!" dedin, "Sayıl!" dedin. Sən Vətənin özü qədər müqəddəssən, Dilimizdə odlu nəğmə, qəlbimizdə nurlu səssən. Vətən üçün çox vuruşdun, çox əlləşdin, Vuruşduqca mətinləşdin, işlədikcə heykəlləşdin. Sənin daha borcun yoxdur bu millətə, Şükür səni bizə verən təbiətə. Bizim sənə borcumuz var, verməliyik, Basdırdığın ağacların meyvəsini dərməliyik, Sənə sarı tufan gəlsə, sinəmizi gərməliyik, Vəzifəmiz bu dövləti acı sözdən, yaman gözdən, köntöy üzdən, yad baxışdan, bəd naxışdan qorumaqdı. Haqq ocağı sönə bilməz,
Odum haqdı, qorum haqdı. Səndən sonra dinimizi dinlər yesə, İçimizi kinlər yesə, dilimizi dillər yesə, Dağımızı sellər yesə, Yanımızdan perik düşər, ruhun bizi bağışlamaz, Dərindən bir ah çəkərsən, ahın bizi bağışlamaz. Ulu ustad, ulu öndər, İlhamından lap rahat ol! O bir oğul – planetdi, sən bir ata – kainat ol! Ona necə inanırdın, biz də elə inanırıq, Bu torpaqda təzə açan qızılgülə inanırıq. Həm kövrək, həm sərtdi, Həm məğrur, həm mərddi, Əllərini kim sıxarsa, təşəkkürlər, Arxasından kim qaçarsa, o, namərddi!!! Tək oğultək baxma ona, Bu gün onun yer üzündə əlli milyon dayağı var, Kürsülərdə ali sözü, BMT-də bayrağı var. Böyüklüyü, şəxsiyyəti səninkidir, Dar ayaqda qətiyyəti səninkidir. Hələ çətin enişlər var, yoxuşlar var,
Hələ neçə tərəddüdlü baxışlar var. Adamlar var, ürəyində şeytan gəzir, Buynuzlar var, oynamağa meydan gəzir, Fürsət gəzir qarınları deşmək üçün, Yer axtarır havalanıb şişmək üçün. Cələ kəsən cələlər var, Hələ neçə təxribatlar, tələlər var, Ev yıxmağa hərislər var, xəstələr var, Saman altdan su yeridən ustalar var. Pişiklər var, fürsət gəzir şirləşməyə, Canavarlar məqam gəzir birləşməyə, Dəstələr var, qurumlar var, Qurumların yaratdığı yarğanlar, uçurumlar var. Orda-burda didişənlər, deyişənlər, Gündə yüz yol sifətini dəyişənlər, Xislətini, xilqətini dəyişənlər, Hamımıza yaxşı tanış, yaxşı bəlli, Belə gündə xalqın gücü, elin gücü, Tək arxadı, tək təsəlli. Oxunmağa Quranımız, tapınmağa dinimiz var,
Süfrəmizdə çörəyimiz, tarlamızda dənimiz var. Tanıyırıq yolumuzu, qibləmiz var, yönümüz var, Qulaqlara aydın çatan səsimiz var, ünümüz var. Üfürməklə sönüb keçən şam deyilik, Siyasətin məktəbində xam deyilik. Sünbülümüz dənsiz deyil, yollarımız yönsüz deyil, Oğullara arxa duran bir oğul var, Səndən sonra bu məmləkət Səninlədir, Sənsiz deyil!!!
BU DƏRDİ MƏN YAZMADIM
Bu şeiri mən yazmadım, gözümün yaşı yazdı, Qəlbimin qaynar qanı, bağrımın başı yazdı, Tarixin qədim kökü, elin yaddaşı yazdı, Onu ağı, bayatı, qoşma, dastan elədi.
Bu dərdi mən yazmadım, qurşandı fələk yazdı, Durna qatarındakı incə bir lələk yazdı,
Sevgi, ilham donunda çırpınan mələk yazdı, Yazdığım hər misraya məni heyran elədi.
Bu şeiri mən yazmadım, ellərin ahı yazdı, Bəd xəbərlə açılan yurdun sabahı yazdı, Yer oğluna dastanı göyün Allahı yazdı, Məlhəm qoydu yarama, dərdə dərman elədi.
Zay olmadı zəhmətim, alnımda tər eşqinə, Ölümlə pəncələşdim atdığım zər eşqinə. Qəlbim, canım, varlığım dindi Heydər eşqinə, Fikrim dar cığırları geniş meydan elədi. “Əldən vermə fürsəti, ömür azdı, az”, – dedi, “Gedən geri qayıtmaz, boşalan dolmaz”, – dedi. “Sevinci də, dərdi də kişi kimi yaz”, – dedi, Məni bu ağır itki dərdə qurban elədi. Mən üzümü tuturam əsl xeyirxahlara, Mən üzümü tuturam işıqlı sabahlara,
Tarixə imza atan bir dahinin eşqinə, O dahini yaradan İlahinin eşqinə, Ürəyimin qanıyla yazdığım əsər budur! Qılıncımın ağzına ən iti kəsər budur! Onu arxasızlara ən böyük arxa bildim, Şeirin misralarından qurduğum səngər budur! Bir dəvə karvanıyam boz qumlu səhralarda, Dərdimin zülmətində işıqlı səhər budur! İlhamlı sabahlara aparan zəfər budur!
MİNNƏTDARLIQ
Ata Heydər! Ürəyimi sənə verdim, mənə odlu ürək verdin, Dövlət adlı bir bağçadan qayğı adlı çiçək verdin. Gur nəfəsim, Məğrur səsim gözlərindən yayınmadı, Varlığıma qiymət verdin, sözlərimə zinət verdin: “Məkkədən bir xoş xəbər var, Zəlimxanı tapın!” dedin, “Çin səddinə bir səfər var,
Zəlimxanı tapın!” dedin. Öz əlinlə sən adımı başdan yazdın, başa yazdın, Bu yazmaqla bir şairin taleyini Vərəqə yox, sal qayaya, daşa yazdın. Daha kimsə ha əlləşir, adı daşdan poza bilmir, Bu sevgini, bu istəyi başqa səmtə yoza bilmir. Səndən əvvəl neçələri gəldi-getdi, Neçələri diri-diri öldü getdi, Öz içində ürəyinin qurdu getdi, Görən məni görməzliyə vurdu getdi. Üşüyəndə dərdim onu üşütmədi, Çağıranda gur səsimi eşitmədi. Mən şairə məhəbbəti səndə gördüm, Məhəbbətə sədaqəti səndə gördüm. Əbəs deyil sənə belə vurulmağım, Əbəs deyil səndən ötrü çeşmə kimi durulmağım, Əbəs deyil şəlalətək qayalardan tökülməyim, Əbəs deyil dəniz kimi qabarmağım, çəkilməyim. Bu dastanı yazan mənəm, yazdıran sən,
Hər misranın, hər kəlmənin odu üçün Ürəyimi ocaq kimi qızdıran sən. Bu gün sənin eşqin ilə dil-dil ötən ozan mənəm, Bu gün sənin dastanını parça-parça yazan mənəm. Bu dastanın “Ustadnamə” parçası var, Bu dastanın “Vücudnamə” parçası var, Bu dastanın “Qıfılbənd”i, “Müəmma”sı, Xeyri, şəri, toyu, yası, Bu dastanın “Divani”si, “Müxəmməs”i, Bu dastanın qulaqlarda qalan səsi, Bu dastanın ney havası, saz havası, Bu dastanda hər söhbətin Öz ahəngi, öz havası. Əllərimi neçə dəfə sıxmısansa, Göz yaşımı bir o qədər sıxacağam. Bu dastanın nöqtəsini qoymaq üçün
İmtahandan kişi kimi çıxacağam. Mənim ömrüm bir dastana çata bilər, Yazılmamış min dastanın qalır hələ. Bir gül dərdim sənin şöhrət gülzarından, Dərilməmiş gülüstanın qalır hələ. Əcəl bilsə, mən yazdığım əsər nədir, İnanıram, vallah, mənə yaxın gəlməz. Şeytan gələr aralığı qatmaq üçün, Neyləsə də, günah mənə yaxın gəlməz. İlham coşub-çağlayanda Düz tanımır, meydan bilmir, Şair kimdir, kimdən yazır? – Allah bilir, şeytan bilmir. Bu dastanda Məcnun da var, qanı yerdə Leyli yazır, Bu dastanda Qərib də var, dərdini gileyli yazır. Bu dastanda keşiş də var, ortalıqda tikan əkir, Bu dastanda Lələ də var, Kərəmlərə keşik çəkir. Heydər ata! Bu dastanda Məcnun mənəm, Qərib mənəm, Kərəm mənəm.
Bu dastanın toxumunu səpən sənsən, çiçəyini dərən mənəm. Yazacağam nə qədər ki canda ruh var, ruhda can var,
Bu dastanın hər sözündə, cümləsində Səni sevən, səni duyan Zəlimxan var. Həsrətini çəkəcəyəm illər boyu, Kövrək qəlbim oyum-oyum oyulacaq. Eşqin ilə yaratdığım bu dastanın Son nöqtəsi mən öləndə qoyulacaq.
20, 15-3 dekabr
II KİTAB
BÖYÜK ÖMRÜN DAVAMI
“Eşqin ilə yaratdığım bu dastanın, Son nöqtəsi mən öləndə qoyulacaq...”
PROLOQ
Verdi salamını müdriklər kimi, Önümdə bir aqil qoca dayandı. Sandım ki Tanrıdı qarşımda duran, Qalxdı, ucalardan uca dayandı.
“Eşitdim Heydərdən kitab yazırsan, Gəldim əllərini sıxmağa, oğul. Dizində güc gərək, qəlbində təpər, O qarlı zirvəni çıxmağa, oğul.
Gəril kaman kimi, dartıl yay kimi, Bir düşün, əsəri kimdən yazırsan. Dövlətin dayağı, millətin ruhu, Ən sağlam özüldən, himdən yazırsan.
Gör sənə nə qədər güc verib Allah, Sən də öz gücünü bu əsərə ver. Onun havasına, onun eşqinə, Səsini ən odlu nəğmələrə ver.
Sənə bu kitabı bir göndərən var, Dincəlmə, yuxlama, uyuma, oğul. Qələmdən od yağsın, varaqdan atəş, Soyuma, soyuma, soyuma, oğul.
Tərəzi deyilən elin gözüdü, Səni də çəkəcək, kitabını da. Ürəkdənmi gəlir, dodaqdanmı söz, – Çox dürüst verəcək cavabını da.
Rəssamın silahı rəngdi, fırçadı, Memarın sərvəti qayadı, daşdı. Sözdən elə yarat o heykəli sən, Desinlər ən böyük heykəltəraşdı!”.
Sıxdı əllərimi o müdrik qoca, Köklədi qəlbimi, çəkdi tarıma. Əlindən od aldım, gözündən işıq, Axdı qüdrət kimi damarlarıma.
Onun könül açan ürək sözləri, Döndü qanadlara, döndü qollara. Dahi bir insandan yazmaq eşqinə Allahı çağırıb çıxdım yollara.
Bu şərəfli yolda, çətin səfərdə Çırpındım ən şirin diləklər ilə. Yerdə insanlarla ülfət bağladım, Göydə pıçıldaşdım mələklər ilə.
İnsan köküm oldu, mələk budağım, Kökdən qanadlandım budağa doğru. Çəkdi yaratdığım bu dastan məni Vətənə, millətə, torpağa doğru.
Axdı qələmimdən odlu sətirlər, Yollarda işığım, çırağım oldu. Dərələr dəftərim, qayalar masam, Düzlər qalaq-qalaq varağım oldu.
Dilində səslənən hər müqəddəs ad Dilimdə sərvətdi, damağımda dad. Ey böyük sərkərdə, ey böyük ustad, Hər sətrin səngərim, yarağım oldu.
Eşqim, məhəbbətim, gücüm, qeyrətim, Baxışım, marağım, sevgim, heyrətim, Zəvvarı azalmaz bir ziyarətim, Səcdəgah deyilən torpağım oldu.
Sevgin paylananda durmadım geri, Öpdüm gül qarışıq sən yatan yeri. Çiynimdə göylərə qaldırdım Yeri, Əqidən sarsılmaz dayağım oldu.
Gəldi dostluq günü, gəldi dost anı, Qoymadım qılıncım qında paslanı. Adına yazdığım “Heydər dastanı” Başımın üstündə bayrağım oldu.
SƏNİ GÖRDÜYÜM ANLAR
Həmişə meydandayam, çəkilmərəm kölgəyə, Boylanıram, baxıram yaratdığın, qurduğun Müstəqil bir dövlətə, mübarək bir ölkəyə. Qızınnam alovuna, isinirəm istinə, Tez-tez gedib-gəlirəm məzarının üstünə. Tez-tez gəlib-gedirəm Səndən işıq almağa, səndən şüa almağa, Öz dilindən eşidib Sevdiyin bir şairə xeyir-dua almağa. Harda oluram olum Səsin qulaqlarımda, sözün ürəyimdədir. Harda oluram olum, Səhrada, ya çəməndə, qürbətdə, ya vətəndə, Qayğıların üstümdə, əlin kürəyimdədir. O əl qanada dönüb, qaldırıb üfüqlərə, Qovuşdurub ruhumu ən nurlu şəfəqlərə. O əl çətin günümdə mənim əlimdən tutub,
O əlin sayəsində sünbüllərim dən tutub. O əl çatdırıb məni Qara daşa, Kəbəyə, O əl qaldırıb məni ən uca mərtəbəyə. Peyğəmbər məzarına qurban verib canımı, Minada Haqq yolunda kəsmişəm qurbanımı. Gördüyümü möhürtək ürəyimə basmışam, Zəmzəm suyundan içib, Məkkə himni yazmışam. Qırğızların elində güc alanda “Manas”dan, İliyimə, qanıma işləyəndə bu dastan – Yerişində əzəmət, alnında nur görürdüm, Mən də öz “Manas”ımı uca, məğrur görürdüm. Durmadan, dayanmadan qalxanda Çin səddinə, Çin sədditək baxırdım əyilməyən qəddinə. Al qanımdan keçirib, göz yaşımdan süzmüşəm, Gördüklərim nə varsa ipə-sapa düzmüşəm. Ən yaxın görüşdə də, ən uzaq səfərdə də, Ucaldığım göydə də, əyləşdiyim yerdə də
Qayğın, nəvazişinlə, Əməlinlə, işinlə Ürəyimi od kimi qızdıran sən olmusan. Tarixi məkanları, ulu ziyarətləri, Candakı alovları, gözdəki heyrətləri Yazan mən olmuşamsa, yazdıran sən olmusan. Arzular qanadında zirvələri aşandı, Nərəli çaylar kimi qaynayandı, daşandı, Ən işıqlı səmadı, ən nurlu kəhkəşandı Səninlə görüşdüyüm, səni gördüyüm anlar. Dönə-dönə sıxmışam mübarək əllərini, Yaddaşıma yazmışam nurlu əməllərini. Duyğuların ucası, fikirlərin dərini – Səninlə görüşdüyüm, səni gördüyüm anlar. Mənim xoşbəxtliyimdi sənin böyük varlığın, Şərəfi uca olur böyük bəxtiyarlığın. Əbədi xilasıdı çətinliyin, darlığın Səninlə görüşdüyüm, səni gördüyüm anlar.
Yaradanın üzümə işıqlı baxışıydı, Məhəbbətin leysanı, sevginin yağışıydı, Tanrının yazısıydı, taleyin naxışıydı Səninlə görüşdüyüm, səni gördüyüm anlar. Saf sevgim, saf əqidəm, düz cavabım olacaq, Fikirdə, səsdə, sözdə inqilabım olacaq, Şah sözüm, şah əsərim, şah kitabım olacaq Səninlə görüşdüyüm, səni gördüyüm anlar. Yazdığım şeirlərin ünvanıydı, adıydı, Ruhumun təravəti, ləzzətiydi, dadıydı, Xəyalımın göylərdə çırpınan qanadıydı Səninlə görüşdüyüm, səni gördüyüm anlar. Şəxsiyyəti görürdüm, qətiyyəti görürdüm, Haqlı mübarizəni, həqiqəti görürdüm, Azərbaycan adlanan bir dövləti görürdüm Səninlə görüşdüyüm, səni gördüyüm anlar.
YENƏ MƏN SƏNİNLƏYƏM
Tanrı bəla göndərib məni zəlil eləsə, Əldən-ayaqdan şikəst, gözdən əlil eləsə, Hər yandan, hər tərəfdən bağlasa kitabımı, Min sualdan birinə verməsə cavabımı, Səni sevdiyim üçün düşmən qazanmış olsam, İftiranın, nifrətin oduna yanmış olsam, Qismətimə yazılsa qırx arşın dərin quyu, Qurusa mən içdiyim qaynar çeşmənin suyu, Mənə arxa çevirsə yaxınlarım, yadlarım, Əl-ayağım köməşib, qırılsa qanadlarım, Şeytan girmək istəsə qəlbimə, ürəyimə, Paslı bıçaqlar ensə dalbadal kürəyimə Səndən ayıra bilməz sevgimi, rəğbətimi, Səndən ayıra bilməz sənə məhəbbətimi. Nə o an unudulub, nə o vaxt yaddan çıxıb, Bu məhəbbət min dəfə alovdan, oddan çıxıb.
Yoğrulub xəmir olub, bərkiyib dəmir olub, Bu sevgi daşda çiçək, qayada mamır olub. Qranitdən yonulub bu sevginin məbədi, Göylər kimi ucadı, dağlar kimi əbədi. Selin gücümü çatar dağ oynada yerindən, Yelin gücümü çatar tərpədə mehvərindən. Ortalığa xəyanət, məkrin odu düşsə də, Dillərə yerli-yersiz dedi-qodu düşsə də, Ən dözülməz iftira qəlbimi qan etsə də, Yenə də imanlayam, insaflayam, dinləyəm, Kim kimlə olur-olsun, Ey xalqın böyük oğlu, yenə mən səninləyəm! Səndən yazdıqlarımı varağa yazmıram ki, Qırılmaz qayalara, qara daşa yazıram. Toxunub ürəklərin ən incə simlərinə, Hər ürəyə köçürüb, hər yaddaşa yazıram. İçimdə sellər coşur səndən söhbət açanda, Çaylar kimi qabarıb, daşa-daşa yazıram.
Xatirələr yazarlar dünyadan köçmüşlərə, Mən xatirə yazmıram, canlı əsər yazıram. Şax durursan yenə də gözlərimin önündə, Verib ürəyə qüvvət, sözə kəsər, yazıram. Gücüm, arxam, dayağım, yenə səndən yazıram, Səndən yazıramsa mən, Bu eldən, bu ölkədən, bu Vətəndən yazıram. Yenə də bir yerdəyik, yenə də səfərdəyik, Yenə səninlə qoşa, Məkkəyləyəm, Çinləyəm. Məkkədə də, Çində də, Evimin içində də Yenə mən səninkiyəm, yenə mən səninləyəm!
SƏNİN MÜBARƏK ÖMRÜN
Onun qismət tarlası əkildi bir şum kimi, Düşdü münbit torpağa sağlam, saf toxum kimi. Təbiət öz əliylə toxudu naxışını, Günəş odunu verdi, buludlar yağışını. Uddu qışın qarından, baharın leysanından,
Yağışı da, qarı da keçirdi öz canından. İşığını çilədi göyün nurlu tavanı, Həyat vaxtında verdi odu, suyu, havanı. Arzular qaynağında pardaqlandı, gül oldu, Sapsarı bir zəmidə dopdolu sünbül oldu. Böyüdükcə böyüdü, cücərdikcə cücərdi, Onu bəndədən əvvəl Allah özü becərdi. Halal maya üstünə tükənməz maya gəldi, Payızda düşən toxum yazda dünyaya gəldi. Saf toxumun, saf suyun, saf havanın ömrüdü Sənin mübarək ömrün!!! Ağır elin-obanın, yurd-yuvanın ömrüdü Sənin mübarək ömrün!!! Mayın onuncu günü ən işıqlı gün oldu, Bu gün aylardan uca, günlərdən üstün oldu. Körpə gəldi dünyaya, güldü ev də, eşik də, Şirin-şirin laylalar dalğalandı beşikdə. Sevgi halaldan halal, körpə əzizdən əziz, Ata sevgisi dərya, ana sevgisi dəniz.
O, dünyaya gələndə çaylar aşıb-daşırdı, Qar əriyir, buz sınır, sellər qucaqlaşırdı. Min bir çiçəyə qonub arılar bal çəkirdi, Yaz mehi saçlarına hər gün sığal çəkirdi. Hər nəyi görürdüsə könül açan görürdü, Bənövşəni, nərgizi işıq saçan görürdü. Gəlirdi qulağına sirli səslər, soraqlar, Laylasını çalırdı dağ döşündə bulaqlar. Bir eşqin, bir sevginin, bir cavanın ömrüdü Sənin mübarək ömrün!!! Çırpıntının, sevginin, həyəcanın ömrüdü Sənin mübarək ömrün!!! Hər uca adın altda ağır bir zəhmət durur, Halal şöhrət yanında sağlam məhəbbət durur. Hər müqəddəs arzuda ulu bir niyyət durur, Saysız yuxusuz gecə, sonsuz əziyyət durur. Heç kəs asan bilməsin zirvələrə çıxmağı, Hamı bacara bilmir Tanrı dərgahındakı od əlləri sıxmağı.
Ora hər kəsin deyil, Allahı zəhmət bilən, Zəhməti Allah bilən, Əqidəni, məsləki öz ömrünə şah bilən, Səbri, dözümü böyük ərənlərin yeridi. Gələcəyi, sabahı ovcunun içi kimi görənlərin yeridi. Neçə-neçə yüz illər gəlib-keçdi aradan, Bir yer də bizə verdi O müqəddəs zirvədə uca, qadir Yaradan! Mənim fəxrim, qürurum, Eşqim, işığım, nurum, İman və güman yerim, Şərəf yerim, şan yerim O yerdə tutdu qərar. Niyyət təmiz, arzu saf, Ürək dumduru, şəffaf! O, bütün varlığını xalqa, millətə verdi, Millətin yaratdığı milli sərvətə verdi. Sazımızla alışdı, tarımızla inlədi, Xalqın nəbzini tutdu, ürəyini dinlədi. Tapdı xalq ürəyində həqiqətin səsini, Tapdı xalq ürəyində səmtini, qibləsini. Gördü Kəbə ordadı, gördü Qara daş orda,
Gördü Vətən ordadı, gördü Vətəndaş orda. Vətənə arxalandı, Vətəndaşa güvəndi, Ağıla, təcrübəyə, yetkin yaşa güvəndi. Şöhrətin, ucalığın, adın-sanın ömrüdü Sənin mübarək ömrün!!! Həqiqətə tapınan mərd insanın ömrüdü Sənin mübarək ömrün!!! Ən çətin sualların ən dürüst cavabıdı, Ulu Dədə Qorqudun abidə kitabıdı. Xalqın yaratdıqları qəlbi, ruhu, canıdı, Kaşğarlı divanıdı, Koroğlu dastanıdı. Fələkləri yandıran Füzulinin ahıdı, Xətainin çatdığı uca söz dəryasıdı. Cavid məqbərəsidi, Nəsimi heykəlidi, “Ənəlhəq!” nidasının göydəki məşəlidi. Əcəmi naxışıdı, Atabəy baxışıdı, Sevgi çiçəkləridi, məhəbbət yağışıdı. Ələsgər müəmması, Sabir satirasıdı, Varlığı bu millətin ən böyük mirasıdı.
Torpağın yarasıdı, elin dərdi-səridi, Yumşaq sözün sığalı, sərt sözün kəsəridi. Tükənməz nur qaynağı, sehirli nur yeridi, Məhəbbətin möhtəşəm, sevginin gur yeridi. Hər açılan sabahın, nurlu danın ömrüdü Sənin mübarək ömrün!!! Dayağı torpaq olan asimanın ömrüdü Sənin mübarək ömrün!!!
Yaradanın verdiyi ilahi bir fürsətdi, Beş yüz ildə bir dəfə yurda enən qismətdi. Ağrının əlacıdı, yaranın məlhəmidi, Bir ümməti tufandan sağ çıxaran gəmidi - Azadlığı qoruyan bir azadlıq quşudu, Sevincin başlanğıcı, qəmin qurtuluşudu. Gördü, vaxtında gördü öz işini Nuh kimi, Başımızın üstədi xilaskar bir ruh kimi. Şirin, doğma dilimiz, ucalan başımızdı, Min illərə söykənən kəskin yaddaşımızdı.
Dövlətimin sütunu, bayrağımın rəngidi, Cəsarət möcüzəsi, siyasət nəhəngidi. Qəlbində sonsuz istək, gözündə sonsuz maraq, – Açılan sabahlara qollarını açaraq O, böyük gələcəyə ehtişamla gələcək! Yeri, göyü, varlığı sevən aşiqlər kimi, Gəncliyə həyat verən dolu camla gələcək! Duracaq qulluğunda səf-səf olan ordular, Əsgəri bir nizamla, intizamla gələcək! Yıxacaq bircə anda, poladdan sədlər olsa, Bütün gücləri yenən bir inamla gələcək! İlhamsız bir həyatın ömrü yox, davamı yox, Bütün gələcəklərə o, ilhamla gələcək! Zamanlara sığmayan bir zamanın ömrüdü Sənin mübarək ömrün!!! Azərbaycan adında bir cahanın ömrüdü Sənin mübarək ömrün!!! Sinəsi sipər olur, kirpiyi çəpər olur, Üstünə daş atırlar, daşı geri qaytarır.
Alovlu nəfəsiylə əridir sal buzları, Qarla, qırovla gələn qışı geri qaytarır. Alovlara atırlar Həzrət İbrahim kimi, Ocaqda yanmaz olur, qordan salamat çıxır. Dəryalara atırlar, balıqlara yem olmur, Dəmir tora salırlar, tordan salamat çıxır. Atırlar Abbas kimi zəhərli quyulara, Çağırır ağasını, ordan salamat çıxır. Yoluna yeddibaşlı ac əjdahalar çıxır, Qorxulu mağaralar, acgöz kahalar çıxır, Nə kaha, nə əjdaha, nə mağara qorxusu Əqidənin yolundan onu sapdıra bilmir. Ən dəhşətli zərbələr Onun ümidlərini sındırıb qıra bilmir. Şeytanların dilində Saysız dedi-qodular olsa da qalaq-qalaq, İsanı, Məhəmmədi Yolundan sapdırmadı nə çarmıx, nə daşqalaq! Ucalanın adına ucalıq yazılıbsa,
Alçaqlar ətəyindən çəksə də, sala bilmir. İlahidən yazılan, Haqdan gələn qisməti Əgər Allah veribsə, bəndələr ala bilmir! Bax, o zaman yaranır, Əsl insan eşqinə nağıllar, əfsanələr, Yanmır, boşuna yanmır işıqlar, pərvanələr. Onun tunc iradəsi, Haqqa yetişən səsi, Həqiqətdən yoğrulan nağılı, əfsanəsi – Axan qanı saxladı, torpağı qucaqladı! Ayağının altını eşənlər çox olsa da, Nə sındı, nə laxladı! Daha da möhkəm oldu! Daha da ötkəm oldu! Müqəddəs azadlığım, Mübarək ölkəm oldu! Nağıllardan güc alan qəhrəmanın ömrüdü Sənin mübarək ömrün!!! Dastanlara sığmayan bir dastanın ömrüdü Sənin mübarək ömrün!!!
BU DÜNYA SƏNSİZ DEYİL
Kiminsə kölgəsinə, şöhrətinə qısılmaz, Kimin isə əlindən, ayağından asılmaz, Uca dağlar həmişə basılmazdı, basılmaz, – Dağ başı da heç zaman dumansız, çənsiz deyil, Sən varsan bu dünyada, bu dünya sənsiz deyil.
Min illərdi qayalar bir-birinə çataqlı, Qaya meydan sinəli, qaya meydan otaqlı, Allah nə yaradıbsa, hər şey yerli-yataqlı, – Arı balsız, pətəksiz, bülbül çəmənsiz deyil, Sən varsan bu dünyada, bu dünya sənsiz deyil.
Vaxtımız, zamanımız, ayımız, ilimizsən, Tarix kitablarında danışan dilimizsən, Gələcək əsrlərə çatan mənzilimizsən, – Dil sözsüz, quş yuvasız, könül vətənsiz deyil, Sən varsan bu dünyada, bu dünya sənsiz deyil.
HEYDƏR İNAMI
Bölünmür, parçalanmır, bütöv olur, tam olur, Nə zaman ki insanın Qanında, qeyrətində sarsılmaz inam olur. Bütün böyük inamlar dağın, daşın, qayanın, Günəş adlı qüdrətin, torpaq adlı mayanın Tumundan, toxumundan, cövhərindən yoğrulur. Ömür-gün yollarında Ən çətin imtahanlar, Ən qorxulu sınaqlar bu inamla doğrulur. İnam varsa, həyat var, İnam varsa, həyatda Ən qatı dumanları yarmaq üçün qanad var. İnamı olanların Qəlbində, ürəyində Ölçüsüz bir mənzərə, hüdudsuz kainat var. Belə bir inam oldu xalqa Heydər inamı! Millətə kişi sözü, dövlətə ər inamı! Azərbaycan adında batan bir gəmi vardı, Yaralı ürəklərin çəkilməz qəmi vardı. Gözü nəmdən qurtaran, Qəlbi qəmdən qurtaran,
Duyğuları, hisləri Dərd, ələmdən qurtaran Bir inam gərək idi bu xalqa, bu millətə, Son versin, nöqtə qoysun hər ağrıya, illətə. O sənin inamındı! Yaraya məlhəm oldu, ağrıya əlac oldu, Bu dövlətin haqqını özünə qaytarmağa Bir kişi inamına arzu, ehtiyac oldu. O inamın eşqinə Aydınlaşdı qaranlıq, gecəmiz səhər oldu, Bircə çağrışın ilə Millət qalxdı ayağa, Vətən səfərbər oldu. Bu inama güvəndi səsinə səs verənlər, Gözə nur, qola qüvvət, qəlbə həvəs verənlər. Hər çıxışın, hər sözün, söhbətin adı – inam! Sevginin, məhəbbətin, qeyrətin adı – inam! İzdihamın, dalğanın, ləngərin adı – inam! Döyüşün, mətinliyin, səngərin adı – inam! Qasırğalar önündə qaya kimi sərtləşən, Uca boyun-buxunun, gur səsin adı – inam!
Sinələri qabardan nəfəsin adı – inam! Alacaq qisasını qarlı qasırğalardan, Bu inam qurtaracaq Azərbaycanı dardan. Alacaq qisasını kəmfürsətdən, yağıdan, Bu sərt inam olacaq buludları dağıdan. Alacaq qisasını hər alçaqdan, vəhşidən, Bu qətiyyət olacaq Qarabağı qaytarıb öz xalqına bəxş edən.
“Dalğalan, qabar, çəkil, Arazlaş, Kürləş” dedin, “Son qoy ayrılıqlara, yumruqtək birləş” dedin. “Xilaskarı özünsən, düşün, fikirləş” dedin, Ağıl oldun, tac oldun başa, Heydər inamı! Tufanlar, qasırğalar keçsə də sağ-solundan, Bircə an çəkinmədin həqiqətin yolundan. Yıxılmaq istəyənin tez yapışdın qolundan, Güc verdin bu torpağa, daşa, Heydər inamı!
Yemək istəyən nə çox, yeyilməyə qoymadın, Döymək istəyən nə çox, döyülməyə qoymadın, Sən ki bu məmləkəti əyilməyə qoymadın, Yaşa, Heydər varlığı, yaşa, Heydər inamı!!!
SƏNİN YARATDIQLARIN
Bütün çətinliklərə tunc sinəni gərənsən, Bütün inamsızları inama döndərənsən. Zamanın axarını dəyişdirən cəsarət, Tarixin təqvimini təzələyən ərənsən. Göyərtdin nəfəsinlə səhradakı qumları, Bu torpağın bətninə səpdin saf toxumları. Səpdiyin hər toxumdan halal nemət göyərdi, bar-bərəkət göyərdi. Hər inamlı baxışdan bir məhəbbət göyərdi. Özündən almışdılar, Təzədən nəfəs dərib millət özünə gəldi, Quruyan bulaqların suyu gözünə gəldi.
Vətən sənin işığın, sən onun pərvanəsi, Bir ağıldan su içdi üç dəniz əfsanəsi. Döndərmək istədilər, inadından dönmədin, Bir an həvəsdən düşüb səngimədin, sönmədin. Sərrast baxışlarınla Görürdün üfüqdəki ən uzaq qaraltını, Həmin yerin üstünü, həm də yerin altını. Allah verən fəhm, ağıl, zəka, düşüncə, beyin, İşləyirdi saatın əqrəblərindən yeyin. Dedilər “əfsanədi, belə həqiqət olmaz, Bu qədər ağırlığa kim gəlib çiyin verər? Heç kimdə belə qüvvə, belə cəsarət olmaz”. Bəlkə haqlıydı onlar, Tarix, zaman bu boyda cəsarət görməmişdi, Əfsanələr bilirdi, həqiqət görməmişdi. Dost sevindi, heyrətdən düşmən dondu yerində, Azərbaycan adında bir sevinc dalğalandı Sabahları düz görən işıqlı gözlərində.
Sən inamsızların boş taxtını devirdin, Ən böyük əfsanəni həqiqətə çevirdin. Gətirdin ölkələri bu yurdun ayağına, Xalqı belə ucaldıb, yurdu belə sevirdin. Yaratdığı gün qalır, saat qalır, an qalır, Zamanın yaddaşında ancaq yaradan qalır. Neçə möhtəşəm saray, neçə ölməz əsərdi, Səngərimdə silahdı, qılıncımda kəsərdi. Vaqifin məqbərəsi, Cavidin türbəsidi, Həqiqətin düşmənə ən ağır zərbəsidi. Tarixə sərvət olmuş neçə-neçə kitabdı, Qaranlıq suallara ən işıqlı cavabdı Sənin yaratdıqların!!! Yaradanın bizlərə bəxş etdiyi vergidi, Duymaq üçün dərinlik, baxmaq üçün sərgidi. Qorqudun bu dünyaya ikinci gəlişidi, Füzulinin yenidən Haqqa yüksəlişidi, Ələsgərin Göyçədən dünyaya çıxmağıdı,
Gözümüzün işığı, qarasıdı, ağıdı. Xalçaçı barmağında naxışlar, ilmələrdi, Yaddaşından süzülən, Kitablara düzülən ən nurlu kəlmələrdi Sənin yaratdıqların!!! Bu torpağı qoruyan ruhdu, qandı, sipərdi, Bizi mətinləşdirən güc-qüvvətdi, təpərdi. Mömünə xatınların gözəlləşən yurdudu, Hərbi nizam-intizam, əmrə hazır ordudu. Nişanı, nişangahı düzgün seçən silahdı, Əbədi yaşamağa ümid verən sabahdı. Yurdu saxlamaq üçün sağlam özül daşıdı, Qoşqarla, Savalanla, Şahdağla yanaşıdı Sənin yaratdıqların!!!
Dövlət ilə millətin birliyi, vəhdətidi, Gələcək nəsillərin gələcək sərvətidi. Sevənlərin nur dolu sevgisidi, camıdı, Bəstəkarın bəstəsi, şairin ilhamıdı. Uzaq yol gedənlərin ümidi, pənahıdı,
Dünənin bu günüdü, bu günün sabahıdı. Yer kimi gözəlləşər, göy kimi ətirlənər, Min il gəlib-keçsə də, hörmətlə xatırlanar. O böyük Yaradanın DÖVLƏT yaradan oğlu, Saf arzular övladı, səhər oğlu, dan oğlu! Allahın, Yaradanın bizə hədiyyəsidi, Ruhun xəzinəsidi, yerin dəfinəsidi, Zəlimxanın hər zaman haqq bağıran səsidi Sənin yaratdıqların!!!
SƏNİN ADIN GƏLƏNDƏ
Leysan kimi tökülərəm, yağış kimi yağaram, Günəş olub hər səhər dan yerindən doğaram. Bütün qaranlıqları öz əlimlə boğaram Sənin adın gələndə!
Danışan dilim deyil, saf ürəyim danışır, Təmiz arzum, niyyətim, saf diləyim danışır. Keçmişim işıqlanır, gələcəyim danışır Sənin adın gələndə!
Susan hörmətlə susur, dinən hörmətlə dinir, Zaman möhtəşəm olur, tarix hörmətə minir. Buz bağlayan ürək də alovlanır, isinir Sənin adın gələndə!
Hər şey sevgiyə dönür, məhəbbətə çevrilir, Ən böyük arzular da həqiqətə çevrilir. Tayfa dönüb xalq olur, xalq millətə çevrilir Sənin adın gələndə!
Tanrıdan nə gəlirsə, bütöv gəlir, tam gəlir, Sevib-sevilənlərə şərbət gəlir, cam gəlir. İnamsız olana da Haqdan bir inam gəlir Sənin adın gələndə!
Əbədiyyət də, an da, hər saat da mənimdi, Bu varlıq da, işıq da, bu həyat da mənimdi, Yer, göy də, asiman da, kainat da mənimdi Sənin adın gələndə!
Adın mənim əsrimin, zamanımın sürəti, Adın mənim ömrümün müddətsiz bir müddəti.
Qucaram qollarımla qocaman təbiəti Sənin adın gələndə!
Güc gəlir, təpər gəlir qollara, qanadlara, Şöhrətindən pay düşür doğmalara, yadlara. Nur düşür, işıq düşür gör nə qədər adlara Sənin adın gələndə!
Canımda neçə ürək, gör neçə can birləşir, Can cahana çevrilir, cahanda can birləşir. Bütün damarlarıyla Azərbaycan birləşir Sənin adın gələndə!
ƏSRİN HEYDƏR TARİXİ
Dərdi varsa, dərmanı da var bu millətin, Dərd düşməndən, dərman dostdan, güc Haqdan gəlir. Onu torpaq yaddaşından ayırmaq çətin, Güvəndiyi hər nə varsa torpaqdan gəlir.
El arxası, yer ürəyi, yurd dayağıydı, Yaddaş adlı bir torpaqdan dikəldi Heydər.
Ona görə arxamızda Qafqaz dağıydı, Ona görə qəlbimizdə heykəldi Heydər.
Haqdan gələn bir işarə onun bəsiydi, Dövlət qurdu, millət sevdi, torpaq saxladı. O, Tanrının bu millətə hədiyyəsiydi, Bir kök üstə gör neçə min budaq saxladı.
Sinə gərdi yad əllərdən atılan daşa, “Yaşa” dedi, “yurdum yaşa, torpağım yaşa”. Ürəyində fırtınalar verdi baş-başa, Sinəsində odu sönməz ocaq saxladı.
Hünərini, təpərini, hirsini verdi, Haqqımızı dananların dərsini verdi. Dünya ona ən möhtəşəm kürsünü verdi, Qoca tarix qarşısında ayaq saxladı.
Bu, tarixdi, hər adamı almır eyninə, Hər adamı yada salmır, yadda saxlamır.
Dadı alır, dadı verir, dəyişir həyat, Qoca dünya hər tikəni dadda saxlamır.
Bu, tarixdi, birdən-birə oxumaq olmur, Onu gün-gün, saat-saat dərk edəcəksən. Böyük olan həqiqətə açıb qəlbini, Xırda, cılız fikirləri tərk edəcəksən.
Bu, tarixdi, kim yaratdı, kim yaşatdısa, Yaddaş onun, kitab onun, əsər onundur. Gələcəyi qucaqlayan məhəbbət onun, Qılınclardan kəskin olan kəsər onundur.
Öz tarixim küncdə qaldı, bucaqda qaldı, Oxutdular axtalanmış axta tarixi. Başı çəkib, gözü görüb ağ yalanları, Millət daha yaxın qoymaz saxta tarixi.
Fikir çaşmaz, dil dolaşmaz, ağıl büdrəməz, Gördüyünü olduğutək düz yazan olsa.
Heç bir zaman tərəzinin əyilməz gözü, Hər zamanın tarixini düz yazan olsa.
Nə itirdik, nə qazandıq, yıxıldı getdi, Bir də gərək yıxılmasın qalalarımız. Ölməyini istəmirəm, şəhid olmasın, Şəhidliyə hazır olsun balalarımız.
Bu, tarixdi, özgələr yox, özümüz yazaq, Silah bəlli, səngər bəlli, söz bəlli olsun. Əsarətin caynağında qeyrət olmasın, Doğru bəlli, yalan bəlli, düz bəlli olsun.
Xeyrimizə işləməyib bizdən yazanlar, İzimizi itirməkçün tarix yazıblar. Tarixin də ölümü var, soyqırımı var, Bizi qətlə yetirməkçün tarix yazıblar.
Əsrin Heydər tarixidi mənim yazdığım, Hər kim yazsa, onun üçün şərəf-şandı bu.
Alim üçün siyasətin şah damarıdı, Şair üçün ən sınaqlı imtahandı bu!
O, həqiqət tarixiydi, gün kimi aydın, İki əsri qucaqladı isti nəfəsi. Millətinə yaxından da yaxın olanın Uzaq-uzaq əsrlərdən gələcək səsi.
O, məhəbbət tarixiydi, sözlü, nəğməli, Hər baharda təzə açan çiçək kimiydi. Sevgisində günəş kimi odlu-alovlu, Qəzəbində yer titrədən şimşək kimiydi.
O, cəsarət tarixiydi, cəsur, basılmaz, Ordulara qalib gələn ordu kimiydi. Səxavətdə, bərəkətdə torpağı kimi, Xasiyyətdə xalqı kimi, yurdu kimiydi. O, qətiyyət tarixiydi, yenilməz, mətin, Onu millət oğlu kimi mərd gördü dünya.
İldırımlar bir tükünə toxunammadı, Onun polad xislətini sərt gördü dünya.
O, şəxsiyyət tarixiydi, ucadan-uca, Bu dünyanın hər yerindən boyu göründü. Hansı xalqın övladıdı, tanıdı dünya, Əsli, kökü varaqlandı, soyu göründü.
Tarix idi, tarixləri yaxşı bilirdi, Çıxartmışdı dərinlərdən üzə tarixi. Min-min bağlı dəfinələr itib-batacaq, Əgər yazıb-çevirməsən sözə tarixi.
O bilirdi nə deməkdi, kimlər deməkdi Raket əsri, qılınc əsri, nizə tarixi. Köhnə tarix min illərdən qaynaqlanırdı, Zaman ondan başlamışdı təzə tarixi. Yerişi də, duruşu da, danışığı da, Kəlmə-kəlmə öyrədirdi bizə tarixi!
DAVAM EDİR BU TARİX
Davam edir bu ömür, davam edir bu həyat, Fikirdə, düşüncədə, təfəkkürdə, ağılda, Davam edir bu ömür Bakıdan Ceyhanadək Üç dənizlə birləşən əfsanədə, nağılda. Davam edir bu ömür Heydər adlı atanın bu millətə verdiyi İlham adı daşıyan İlham adlı oğulda! Arzu eləmək asan, arzuya çatmaq çətin, Dövləti qurmaq asan, onu yaşatmaq çətin! Yox, çətin olmayacaq bu dövləti yaşatmaq, Çünki onun başında ilhamlı rəhbər durur! Çünki onun yanında millət səfərbər durur! Getməlidi bu yolu millət onunla birgə, Qarşıda mübarizə, qarşıda zəfər durur! Sinələrə sığışmır, duyğular çalır qanad, Davam edir bu ömür, davam edir bu həyat – Min-min çətin suala düz tapılan cavabda,
Məktəbdə, mədrəsədə, müəllimdə, kitabda. Uca bir dağ kəndinin Ən ucqar nöqtəsində açılan məktəbə bax! Gəl bu açılış günü Bayram təntənəsində adətə bax, dəbə bax! Kəsilən qurbana bax, yaxılan xınaya bax! Gözləri gülən qıza, sevinən anaya bax! Bu gün mənim xalqımın Dərs kimi öyrənilən, dərslik kimi oxunan Ulu öndər adında dərsliyi, kitabı var. Bu gün bu məmləkətdə məktəb inqilabı var! Bu gün öz yerindədir məmləkətin rəhbəri, İnam ilə açılır hər açılan səhəri. Uğurlu fərmanlara imza atır, qol çəkir, İllərlə yol görməyən Zirvələrin qoynuna cığır açır, yol çəkir. Yollar ən saf arzudan, ən saf diləkdən keçir, Təkcə dərə-təpədən keçib-getmir bu yollar, Min-min gözdən od alır, min-min ürəkdən keçir.
İstedaddan, bilikdən, ağıldan, yaşdan keçir, Uçrumdan, sıldırımdan, qayadan, daşdan keçir. Yarğanlar basa-basa, uçrumlar yara-yara, Böyük ömrün davamı böyük savaşdan keçir. Bu yol ata yoludu, oğul çatdırır başa, Baxmağa dörd göz gərək, tamaşadır, tamaşa! Baxmır yolları kəsən doludumu, qardımı, Uçrumları qorxulu, keçidləri dardımı? Zirvəyə yol çəkilir, Sevincindən gözəllər xına yaxır əlinə. Muştuluq, xeyir-xəbər nabat kimi paylanır hər qıza, hər gəlinə! Yol yarı yolda qalmır, Gedir sonuncu evə, sonuncu kəndə qədər. Yaradanın özü də Bu müqəddəs işlərə sevinir bəndə qədər. Allahın böyük adı Yaradandı, Yaradan, Sən ürəklə girişsən, O, hər bir çətinliyi qaldıracaq aradan! Min illər yadigarı bizim qoca Bakımız
Ruhumuz, düşüncəmiz, ağlımız, idrakımız. Dincəlmək nədi bilmir, hey vuruşur, əlləşir, Daş-daş qalxan evlərin tozu da gözəlləşir! Sevənlər bir-birinə güc verir, ilham verir, Heykəllər şəhərində Nizami Füzuliyə, Nəsimi Cabbarlıya, Mirzə Cəlil Vurğuna ürəkdən salam verir. Bu salınan körpülər Təkcə abadlıq deyil, Təkcə rahatlıq deyil, Təkcə ötəri sevinc, keçəri şadlıq deyil. Qadir insan əliylə Tarixin yaddaşına vurulan bir möhürdü. İlahi bir gözəllik, Tanrısal bir sehrdi. Sabahın əllərindən tutan əldi körpülər, Daş muzey, daş abidə, daş heykəldi körpülər. Halal əl qabarıdı, Zəhmətkeş alnındakı qızıl tərdi körpülər. Bakı adlı gözəlin Belini qucaqlayan bir kəmərdi körpülər. Körpüdən aylar keçər, körpüdən illər keçər,
Gələn nəsillər keçər, gedən nəsillər keçər. Hər körpüdən keçəndə Daha da işıqlanar Qəlbimizin işığı, gözümüzün şüası. Güclənən, gözəlləşən uca bir məmləkəti Sağ-salamat saxlayar xalqın xeyir-duası. Ey mənim əsrdaşım! Məsləkdaşım, sirdaşım! Keç inam körpüsündən! Keç Heydər körpüsündən! Keç İlham körpüsündən! Keç bu yurda məhəbbət, Ehtiram körpüsündən!!! Oğluna nişan apar, qız balana nişan tax! Yurduna, torpağına doğma bir nəzərlə bax! Dostların ad gününə dəstə-dəstə gül apar, Gül ətrinə bələnmiş nurlu bir könül apar! Daş körpü də sənindi, uca məğrur saray da, Sarayın içindəki O bayraqdan boylanan doğma ulduz da, Ay da! Yol sənin, cığır sənin, İş sənin, uğur sənin, Sevinən körpələrin Üzündəki təbəssüm, gözündəki nur sənin!
Ey mənim əsrdaşım! Bakıya su çəkilir dağların ürəyindən, Su dad alır torpağın gülündən, çiçəyindən. Şəhərə su çəkilir, şəhərə saflıq gəlir, Hər ömrə, hər ocağa duru şəffaflıq gəlir. Su duruluq, təmizlik, su aydınlıq, su həyat! Hər elə qismət olmur bu gözəllik, bu həyat! Su şəhər qucağında yaşıl meşə deməkdi, Yollar kənarındakı yaşıl ağac deməkdi. Çəmən sinəsindəki əriş-arğac deməkdi, Dumduru səs deməkdi, təzə nəfəs deməkdi! Qızıl qumlar üstündə qızılgüllər əkdirən, Bakıya su çəkdirən Yüz il bizdən əvvəlin qəhrəmanı Hacıydı, Onun xeyirxahlığı Zamanın şan-şöhrəti, elin ehtiyacıydı. Həmin xeyirxahlığı Bu gün bu məmləkətdə cavan bir rəhbər görür! Bir ağıldan güc alan Sevgi çeşmələrinin Qazancını, xeyrini kənd görür, şəhər görür!
Kimdi qıraqda duran bu hünər yarışında, Rəhbər xalqa güvənir, O, hamını bu işdə hazır, səfərbər görür! Su da, yol da, körpü də, məktəb də həyatımız, Bax, beləcə yaradır Əsrin əfsanəsini, əsrin möcüzəsini Bizim hər saniyəmiz, bizim hər saatımız. İlhamlı çağlarını yaşayır bu gün Vətən, Xalqın da, rəhbərin də qəlbi yanan şam olur. Rəhbər rəhbər olanda Millət də sağlam olur, dövlət də sağlam olur! Küləklərə yem olub səpələnmir, dağılmır, Torpaqdan su içəndə şöhrət də sağlam olur. Güvənəcək millətin ən qeyrətli oğluna Bu müqəddəs torpağın hər dağı, hər zirvəsi. Azərbaycan naminə qoruyacaq İlhamı Ömrün Heydər qalası, ömrün Heydər zirvəsi!!!
ÖMRÜN HEYDƏR ZİRVƏSİ
Zaman endirə bilməz eşqin köhlən atından, Sizə çəkib kökləri yerin yeddi qatından. Əbədiyyət boylanır ömrün hər saatından, Nə tufanda dağılan, nə dumanda itəndi Ömrün Heydər zirvəsi!!!
Göylər üçün yaranıb üfüqlərin şahini, Analardı yetirən yenilməzi, dahini. Özünə dost elədi Tanrını, İlahini, Tanrılara qovuşan, fələklərə yetəndi Ömrün Heydər zirvəsi!!!
Bu hünər hardan gəlib, qüdrət nədən yaranıb, Səhəndə, Savalana, Qoşqara tən yaranıb. Göygöl kimi bir qəfil möcüzədən yaranıb, Neçə dağa yaraşıq, neçə zirvəyə təndi Ömrün Heydər zirvəsi!!!
Şimşək bircə daşını qoparıb ata bilmir, Nə tufan, nə qasırğa şöhrətə bata bilmir.
Buludlar əl qaldırır, boyuna çata bilmir, Nə qədər zirvələr var, hamısını ötəndi Ömrün Heydər zirvəsi!!!
Dəyirmandı bu dünya, dəyirmanda ömür dən, Hamı üyünüb gedir, nədir qalan ömürdən? Minillik tağlar qurub dağdan, daşdan, dəmirdən, Qocaman dağlar kimi göyərəndi, bitəndi Ömrün Heydər zirvəsi!!!
Zamanın salnaməsi, tarixin yaddaşıdı, Yaşı dünənin deyil, min illərin yaşıdı. Çiynində millət yükü, dövlət yükü daşıdı, Azərbaycan adlanan mübarək bir Vətəndi Ömrün Heydər zirvəsi!!!
Nə ölən, nə itəndi! Fələklərə yetəndi! Neçə zirvəyə təndi! Göyərəndi, bitəndi! Müqəddəs bir Vətəndi! Ər oğlu ər zirvəsi!!! Ömrün Heydər zirvəsi!!!
O, MƏNİM XALQIMIN ŞAH VÜQARIDI!
Öyündüm adıyla, istedadıyla, Uçdum üfüqlərdə qol-qanadıyla. Duruşu sədd oldu, sinəsi sipər, Gözündən od aldım, sözündən təpər. Zamanın qədəmi sayalı oldu, Əsrimin ilinə, ayına düşdü. O, mənim ömrümün xoşbəxtliyinə, O, mənim baxtımın payına düşdü. Hər dəfə əlləri qalxıb-enəndə Qəlbim də o əllə qalxıb-enirdi. Arzular güləndə baxışlarında Toxum ümidlərim çiçəklənirdi. Onun gəlişiylə dəyişdi dövran, Nə yaxşı bu xalqın bəxti yarıdı. Şöhrəti şahlardan uca dayandı, O, mənim xalqımın şah vüqarıdı!
Yasımda qəmləndi, toyumda güldü, Gah toydan söz açdı, gah yasdan dedi. Hər ildə bir yeni tarix yaratdı, Hər günün eşqinə bir dastan dedi. Endi tarixlərin dərinliyinə, Qorquddan söz açdı, Manasdan dedi. Füzuli yenidən gəldi dünyaya, “Varam mən sizinlə hər zaman”, – dedi. Yurduna qayıtdı Cavid Sibirdən, “Sizdən ayrılmadım bircə an”, – dedi. Əsrin son sözünü əsrin sonunda Heydər ucalıqda bir azman dedi. O, xalqı qaldırdı şahlıq taxtına, Xalq ona “əbədi qəhrəman”, – dedi. Vətən vətəndaşla kamala çatır, Sevilən çiçəkdi, sevən arıdı. O, mənim xalqımın baş ucalığı, O, mənim xalqımın şah vüqarıdı!
Zirvələr qoynunda meydanlar verir, Ucaldır qartalı, şahini zaman. Hər dəfə dünyaya dahi gələndə Silir ürəklərdən ahını zaman. Yüz ildə bir dəfə gələ-gəlməyə, Hər gün yetişdirmir dahini zaman. Nə yağış qorxudar, nə tufan, nə qar, Göydə günəş kimi doğulanları! Dünyaya Allahın özü göndərir, Nur olub hər yana dağılanları. Mənim qəhrəmanım tək dünənin yox, Gələcək uğurlu sabahlarındı. Adı naqislərin, naşıların yox, Dünyanın sirrindən agahlarındı. Onun insan eşqi yer, göy, kainat, Onun Vətən eşqi zirvə qarıdı. O, mənim himnimin gurlayan səsi, O, mənim xalqımın şah vüqarıdı!
Yolçu Haqq yolçusu, yol Allah yolu, Bu yol bir uğurlu dərgaha gedir. Əvvəli sevənin ürəyindədir, Sonu gələcəyə, sabaha gedir. Ürəkdən od alır böyük sevgilər, Bəndədən başlanır, Allaha gedir. Tanrıya qovuşur haqq yol tutanlar, Bu yolu çaşanlar günaha gedir. Böyük işlər üçün yarananların Üzü zaman-zaman Haqqa sarıdı. Qoymadı haqqımız tapdalanmağa, O, mənim xalqımın şah vüqarıdı!
Adı çəkiləndə elə bilirəm Yerin qismətidi, göyün baxtıdı. O, mənim ruhumun işıq qaynağı, O, mənim könlümün nur paytaxtıdı. Ona nə dedimsə, ürəkdən dedim,
Ondan nə yazdımsa, ürəklə yazdım. Çəkildim min ilin qədimliyinə, Neçə şam əritdim, lələklə yazdım. Tək yaza bilməzdim bu dastanı mən, Gecə də, gündüz də mənə “yaz!” deyən Cəbrayıl adında mələklə yazdım. Qələm götürmədim adi həvəslə, Ən şirin arzuyla, diləklə yazdım. Əlinin istisi əllərimdədi, Gözünün işığı gözümdə qalıb. Şah fikri, şah sözü, şah deyimləri Ən şirin, ən güclü sözümdə qalıb. Ruhunu, adını, xatirəsini Qəlbimdə əzizdən əziz saxladım. Qoymadım bu eşqə ləkə düşməyə, Zirvə qarı kimi təmiz saxladım. Məni əbədilik ona bağlayan İşıqlı aləmi tutdu qolumdan.
Hər görüş çevrildi bir kitab oldu, Dəftəri, qələmi tutdu qolumdan. Bir dadlı meyvə də mənəm bağında, Vətən bağçasıdı, millət barıdı. O, mənim xalqımın xaqan zirvəsi, O, mənim xalqımın şah vüqarıdı!
Milləti millətdi, dövləti dövlət, Tarixi tarixdi, şöhrəti şöhrət. Baxışı dan yeri, ürəyi ocaq, Torpağı torpaqdı, bayrağı bayraq. Obanın, oymağın, elin oğludu, Yağışın, buludun, selin oğludu. Bir məslək, əqidə, bir din oğludu, Başı buludlarda, kökü dərində, Azərbaycan adlı yurdun oğludu. Bağın bağbanıdı, ağacın barı, Min ilə bəs edər yaratdıqları.
Yeraltı, yerüstü xəzinələrtək Yerin sərvətidi, yurdun varıdı. O, mənim xalqımın tükənməzliyi, O, mənim xalqımın şah vüqarıdı!
Gedəni qaytaran, itəni tapan, Yoxu var eyləyib yoğuran, yapan, Xaraba üstündə abadlıq quran, Yumruğu havanın bağrını yaran, Dara düşənləri dardan qurtaran, Çiynini dağların altına verən, Dəli tufanlara köksünü gərən, Bəndənin Allaha yetişən əli, Siyasət elminin məğrur heykəli, Dözümün timsalı, səbrin qayası, İnamın özülü, gücün mayası, Dövlətin dayağı, elin dirəyi, Zamanın dühası, əsrin ürəyi,
Yaddaşın sultanı, sözün zərgəri, Fikrin, düşüncənin solmayan zəri, Sınan ürəklərin sökülən danı, Dövranın ən böyük qan yatırdanı, Barışın ustadı, sülhün memarı, Adın ucalığı, şöhrətin barı, Hünər kitabıdı, dövlət yarıdı, Ən uca zirvədi minilliklərə, O, mənim xalqımın şah vüqarıdı!!!
ONUN BAYRAQ SEVGİSİ
Götürdü mayasını ananın laylasından, Düzlərin zəmisindən, dağların yaylasından. Ürəyində qaynadı ən xoş duyğular kimi, Qovuşmaqçün çaylara axdı gur sular kimi. Eniş-yoxuş görsə də, nə susdu, nə yoruldu, Durulduqca duruldu, vurulduqca vuruldu. Saf arzularla gəldi duruluğa, saflığa,
Bulanmadı, qovuşdu əbədi şəffaflığa, Bulaqlardan güc aldı onun bulaq sevgisi!
Öz əliylə ömrünü əkdi qara şum kimi, Kök atdı dərinlərə sağlam bir toxum kimi. Çəkdi ciyərlərinə göylərin yağışını, Yığdı baxışlarına torpağın naxışını. Meşədə palıd oldu, dağda möhtəşəm qaya, Sığmadı bu cahana, sığışmadı dünyaya. Xırmanda bar-bərəkət, dəyirmanda dən oldu, Vətəndən deyə-deyə böyüdü Vətən oldu. O, nəyi sevirdisə, varlığıyla sevirdi, Bütün Azərbaycanı and yerinə çevirdi, Can verdi torpaqlara onun torpaq sevgisi!
Alışdırdı təzədən sönüb gedən şamları, Aydınlığa çıxartdı qaranlıq axşamları. Əritdi ürəklərin şaxtasını, buzunu,
Yandırdı baxışların Ayını, ulduzunu. Qızdı üşüyən əllər, qızdı donmuş ayaqlar, Göz vurdu bir-birinə sevincindən çıraqlar. Həyat gəldi yenidən ocaqlara, közlərə, Verdi öz işığını könüllərə, gözlərə, Gücü Günəşdən aldı onun ocaq sevgisi!
Dövlətin başı üstə doğan Günəş deməkdi, Şəhidlərin qəlbində yanan atəş deməkdi, Üfüqlərin qoynunda alışan zər deməkdi, Namus, qeyrət, şan-şöhrət, sevinc, zəfər deməkdi. Göylərin cilvələnən əlvan rəngi deməkdi, Çırpınan könüllərin xoş ahəngi deməkdi, Məğlub olmaq bilməyən bir qətiyyət deməkdi, Müqəddəs arzu, dilək, təmiz niyyət deməkdi, Cəsur əsgər, yorulmaz qalib ordu deməkdi, Qoşunun sərkərdəsi, elin mərdi deməkdi, Hədəfini düz vuran sərrast silah deməkdi.
Nur içində parlayan aydın sabah deməkdi, Hamıdan “can!” eşidib, hamıya “can!” deməkdi, Öz haqqına qovuşan Azərbaycan deməkdi. Səsini eşidəndə qəlbimiz dağa döndü, Bayraqdan deyə-deyə bu gün bayrağa döndü, Onun bulaq sevgisi! Onun ocaq sevgisi! Onun torpaq sevgisi! Onun bayraq sevgisi!
MƏN AZƏRBAYCANLIYAM!
Öyünürdü, öyünür, öz xalqının adıyla, Öyünürdü bu xalqın böyük istedadıyla. Onun üçün dünyada Ən böyük şərəf idi azərbaycanlı olmaq, Həmişə mərd, mübariz, həmişə canlı olmaq. Hər dəfə ucalırdı göyün yeddi qatına, Xalqın adını çəkib “Azərbaycan!” deyəndə, Saf poladdan tökülmüş heykələ bənzəyirdi Azərbaycan eşqinə vətənə “can!” deyəndə.
Bilirdi bu torpağın nələr keçib başından, Sular göl-göl olubdu gözlərinin yaşından. Oğulları, qızları güllələrə yem olub, Sərvəti çox olsa da, son qazancı qəm olub. Hansı dağa əl atsan, altından qızıl çıxıb, Mənim qızıl baxtımı qara pula döndərən Nə qədər yağı çıxıb, nə qədər rəzil çıxıb. Ən güclü tufanlara dağ kimi gərib sinə, Yenə dözüb, dayanıb Ən acı tarixlərin ən ağır zərbəsinə. Çox olsa da yer üstə öldürənlər, ölənlər, Çox olsa da bu yurdu böldürənlər, bölənlər, Öldürə bilməyiblər milləti millət kimi, Qalıb adı, ünvanı, Qalıb yeri, nişanı Tarixlərə həkk olan böyük həqiqət kimi! Ona görə deyirdi qürurla, iftixarla, ən böyük bir vüqarla: “Nağıllı, əfsanəli, şeirli, dastanlıyam, Həmişə fəxr etmişəm, mən azərbaycanlıyam!
Başım ucadan uca, köküm dərindən dərin, Mayasını məndə gəz qədim əsatirlərin. Qobustana həkk olub naxışlarım, izlərim, Qobustan qayasıyam! Yağıların önündə Əyilməyib qamətim, bükülməyib dizlərim. Bəy kimi bəyliyim var, xan kimi xanlığım var. Bu qocaman dünyada Mənim gəncliyim olub, mənim cavanlığım var. Qorqud qocalığımsa, Babəkdir cavanlığım, Xətai qılıncıdır əsl qəhrəmanlığım! Heç kəs məcbur etməyib Tanrını, İlahini, Tanrı bizə bəxş edib on üç yaşlı dahini, “Koroğlu”yam, “Sənsiz”əm, Bülbüləm, Üzeyirəm, Mən Vətəndən nə desəm, var səsimlə deyirəm. Varlığının işığı Aydan, Günəşdən gələn, Adının hər mənası oddan, atəşdən gələn, “Odlar yurdu” deyilən əbədi nişanım var, Bu adda, bu nişanda şöhrətim var, şanım var.
Od oğlu olmasaydım, Saçımdan dırnağıma atəşlə dolmasaydım, Çoxdan söndürmüşdülər işığımı, nurumu, Çoxdan sındırmışdılar sınmayan qürurumu. Tufanların əlində didərdilər tükümü, Baltalara güc verib kəsərdilər kökümü. Günəşin işığıyla bacara bilmədilər, Bac vermədim düşmənə, bac ala bilmədilər. Tufanlı dənizlərdə sərrast üzən gəmiyəm, Vətənin düzlərində bərəkətəm, zəmiyəm. Ruhumla, nəfəsimlə Qoca Şərqin ən dolu, ən zəngin aləmiyəm. Yenə də ayaqdayam! Millətəm, millət kimi! Dövlətəm, dövlət kimi! Hər gün çiçək açıram, hər gün bar gətirirəm ana təbiət kimi! Keçmiş uludan ulu, tarix qədimdən qədim, Xalqımı, millətimi Mən bütün tarix boyu uca görmək istədim. Haqqım var bu istəyə, Ən böyük ümidlərim bağlıdı gələcəyə.
Bəyli, bəyzadəliyəm, xaqanlıyam, xanlıyam, Həmişə fəxr etmişəm, mən azərbaycanlıyam!
Xalqımızın adında “can” sözü var, “can” sözü, Canımızdan ayrılıb “Can Azərbaycan!” sözü. Neçə min il yol gəlib muğamıyla, sazıyla, Bülbülləri mat qoyub sehrkar avazıyla. Kim danışa bilirsə Azərbaycan dilində, Demək, danışa bilər Bütün dünya dilində, bütün cahan dilində. Bu dil sevgi dilidir, Anamızın dilidir, atamızın dilidir, Sevgilimizin dili, butamızın dilidir, Dünyanın ən sevilmiş, ən saf, gözəl dilidir. Misraları qanadlı, sətirləri cığalı, Dilin zərifliyidir ruhumuzun sığalı. Toxumu kol-kol olmuş torpaq dilidir bu dil, Saçağı tel-tel olmuş bayraq dilidir bu dil. Kitab dili, ruh dili, əsər dilidir bu dil,
Mərdlik, qətiyyət dili, kəsər dilidir bu dil. Ruh dili, can dilidir, Azərbaycan dilidir mənim danışdığım dil, Eşqinə, sevgisinə hər gün alışdığım dil. Mən bu dildən almışam ruhumun mayasını, Mən bu dildən almışam gözümün ziyasını. Mən bu dilə bağlanıb arzulara çatmışam, Hər şairin eşqinə bir məqbərə yapdırıb, Hər alimin adına bir heykəl yaratmışam. Çiçəyini, gülünü ürəyimdə əkmişəm, Mən bu xalqın dilindən şəhdi-şirə çəkmişəm. Azərbaycan eşqinə Neçə-neçə sınaqdan mən üzüağ çıxmışam, Güvənmişəm adına, qəlbinə, qeyrətinə, Mən ona güvənəndə Ölümlərin içindən həmişə sağ çıxmışam. Mənə ölüm yoxdu, yox, ölümü öldürmüşəm, Sanıram səksən il yox, min il ömür sürmüşəm. Xalqım varsa, mən varam, O, məni darda qoymaz, mən onu tək qoymaram.
Neçə ki bu dünya var, Mən onun ruhundayam, qəlbində, qanındayam. Dünən olduğu kimi, Bu gün olduğu kimi, Sabah da, biri gün də Hər zaman mən onunla Döyüş meydanındayam, hünər meydanındayam! Bu xalqın məhəbbəti Məni ərlər içində ər oğlu ər elədi, Bir evin Heydəriydim bu dünyaya gələndə, Bu xalq məni qaldırıb Bütün zamanlar üçün əsl Heydər elədi. Azərbaycanım kimi Diriyəm, əbədiyəm, möhtəşəməm, canlıyam, Həmişə fəxr etmişəm – mən azərbaycanlıyam!”.
HƏR YERDƏ QARŞIMA SƏN ÇIXACAQSAN!
Neçə min illərdi yol gəlmişik biz, Başımız bu qədər ucalmamışdı. Bir Vətən övladı, bir Vətən oğlu Torpaqdan bu qədər güc almamışdı.
Mənim əsrimin də, əsərimin də Sənsən baş igidi, baş qəhrəmanı. Rəssam qardaşımın fırça hünəri, Memar qardaşımın daş qəhrəmanı! Fikrə getmişəmsə, xəyallarımda, Şeir yazmışamsa, əsərimdəsən. Evə gəlirəmsə, yerin başdadı, Yola çıxıramsa, səfərimdəsən. Arana enirəm, yaşıl bağça-bağ, Dağlara qalxıram, qaynar bulaqsan, Hər yerdə qarşıma sən çıxacaqsan!
Gəzirəm başabaş Azərbaycanı, Hardasa sevinc var, hardasa qəm var. Hər addımbaşında səninlə bağlı Heç vaxt unudulmaz bir xatirəm var. O da bir fürsətdi, uçdu beləcə, O da bir ömürdü, keçdi beləcə.
Qələmim, dəftərim, şeirim, ilhamım Səni baş qəhrəman seçdi beləcə. Ulu millətimin bağrından qopan, Yağıştək torpağın bağrına hopan, Hünər dağlarını külünglə deyil, Dözümlə, ağılla, səbirlə çapan Bir igid yaratdı səni təbiət, Millətin yolunda qurban olmağa Bir şəhid yaratdı səni təbiət. Harda addımlasam, harda dolansam, Ruhumu qızdıran odsan, ocaqsan. Hər yerdə gözlərim baxacaq sənə, Hər yerdə qarşıma sən çıxacaqsan!
Vaxtında qaladın öz ocağını, Özgə ocağında heç qızınmadın. Sındırmaq istədi xəbislər səni, Heç vaxt əyilmədin, heç vaxt sınmadın. Bizi tufan yıxmaz, sel oymaz daha,
Sən bizim çəkimiz, ləngərimizsən. Sabaha İlhamla gedən dövləti Qoruyan səsimiz, səngərimizsən. Heç vaxt yorulmadı səndən yazanlar, Ümidlər, inamlar güc aldı səndən. Hər kəs ömür verdi öz sənətinə, Xəyallar, ilhamlar güc aldı səndən. Haqqı tapdalanan bir cəmiyyətin Qaytardın özünə haqqı-sayını. Qaytardın özünə sən bu millətin Azadlıq adlanan halal payını. Qəlbində yaratdın, qəlbində qurdun Vətən sevgisinin baş sarayını. Allah da, bəndə də çox gözəl bilir, Getdiyin yollarda haqq oğlu haqsan. Mən səndə tapmışam həqiqətimi, Hayana boylansam, hayana getsəm, Hər yerdə qarşıma sən çıxacaqsan!
HEYDƏR ZİYARƏTGAHI
Düşüncələr içində ən kövrək bir andayam, Yenə ziyarətində, Fəxri xiyabandayam. Qarlı bir qış günündə, Başım sinəmin üstə dayanmışam önündə. Yenə əlim göydədi, yenə dilim duada, Rəhmətlər oxuyuram bu ünvana, bu ada. Dua Haqq pıçıltısı, dua Allah kəlamı, Haqqa qovuşanlara qalanların salamı. Sağ-solunda təpələr yarı yaşıl, yarı ağ, Təbiətin işidir otu yaşıl, qarı ağ. Burda da xidmətində baş-başadır qışla yaz, Fəsillərin heç biri Ruhunu, diqqətini bir an səndən ayırmaz. Zoğalı rəngindəki məğrur qranit qaya – Heykəlinə çevrilib Öz sözünü çatdırır burdan bütün dünyaya. Üzün millətə doğru, əl Allaha doğrudur, Düz tapıb heykəltəraş, Belə daha yaxşıdır, belə daha doğrudur.
Göylərə dirək bilib göyə qalxan əlini, Qəlbimə köçürmüşəm Yaşıl dağlar içində ucalan heykəlini! Həyatda olduğutək Məğrur heykəlində də alın açıq, üz gülər, Anam Azərbaycanın canlı xəritəsidir üzündəki cizgilər. O canlı xəritədə Biz Şahdağa baxırıq dolu dəfinə kimi, Biz Xəzərə baxırıq sonsuz xəzinə kimi. Biz Göygölə baxırıq nurlu baxtımız kimi, Biz Bakıya baxırıq nur paytaxtımız kimi. Bu torpağın ətrini Canımıza çəkirik Ağrıların məlhəmi, dərdin əlacı kimi! O canlı xəritədə İnamla təzələnir Yer üzünün tək yolu, Dünyanın bu başından o başına uzanır, qıvrılır İpək yolu, gül yolu, çiçək yolu, O yolları çəkənin əqidə, məslək yolu! Zoğal rəngindəki qranit qaya Heydər!
Yaxşı bax ətrafında Çalxalanan dənizə, kükrəyən çaya, Heydər! O, sevgi dənizidi, dalğası şahə qalxır, Sənə məhəbbət ilə Oxunan duaların səsi Allaha qalxır! O, sevgi çaylarıdı, burda verib baş-başa, Bu möhtəşəm ziyarət Zaman üçün sərgidi, dünya üçün tamaşa! Sən ki həyatın boyu elnən, millətnən oldun, Sən ki həyatın boyu söznən, sənətnən oldun, Alimnən, bəstəkarnan, heykəltəraşnan oldun, Kaşanələr yaratdın, torpaqnan, daşnan oldun, Hər qaya heykəl olsa, heykəl halaldır sənə, Hər ürək məşəl olsa, məşəl halaldır sənə. Bəstəkarın bəstəsi, laylası, şikəstəsi, Şairin ən qiymətli sözü halaldır sənə. Çiçəklər dənizində məzarın üzən gəmi, Qönçələrin, güllərin gözü halaldır sənə. Təkcə mən deyiləm ki, səni sevən, istəyən,
Dünyanın hər yerində səni sevənlər yaşar, Sevgisi, məhəbbəti Tanrıya tənlər yaşar. Əli sənə yetməyən, səsi sənə çatmayan, Ziyarətin eşqinə gecə-gündüz yatmayan Nə qədər tamarzılar, həsrətlər var dünyada, İmkansızlar, qəriblər, qürbətlər var dünyada. Qəriblərin adından, qürbətlərin adından, Vətəndən uzaqdakı həsrətlərin adından Türbənə, heykəlinə, qəbrinə baş əyirəm. Elə bu sevgiylə də Adı səninlə bağlı gücüm nəyə çatırsa Yaratmaq istəyirəm, yaşatmaq istəyirəm. Çox “dostlar”ı tanıyıb çıxarmışam sınaqdan, Dünən yaxın olanlar bu gün baxır uzaqdan. Ürəyimə, qəlbimə Səndən əziz, vəfalı, səndən yaxın DOST hanı? Hələ nöqtə qoymuram, Hələ davam edəcək Böyük ömrün dastanı!!!
Neçə sönməz ocağın, yanan şamın eşqinə, Müqəddəs əqidənin, saf inamın eşqinə, Bu gün hamının olan tək İLHAMIN eşqinə Salamlar olsun sənə! Bir vaxt məzar daşımın Üstündə yazılanda daş soyadım, daş adım, Qəmim yox bu dünyada: Sənintək şəxsiyyətin vaxtında çaldım qələm, Sənintək bir KİŞİNİN zamanında yaşadım. Baxıram, ellər yenə sel-sel, axın-axındı, Bu yerdə Haqq evinə insan daha yaxındı. Şair, sən də qəlbini yandır indi, yax indi, Dərdinə əlac oldu Heydər ziyarətgahı!
Gözlərin yaşına bax, kirpiklərin nəminə, Dünya təsəlli verir bir millətin qəminə. Çiçəklər xalı kimi sərildi qədəminə, Min əriş-arğac oldu Heydər ziyarətgahı!
Əsirgəməz canını, hər nəyi var verəcək, Bağından ətir saçıb, dağından qar verəcək.
Min il gəlib-keçsə də, gül açıb, bar verəcək, Qurumaz ağac oldu Heydər ziyarətgahı!
Gözündə zirvə eşqi, alnında dan yeri var, Tarixi yazmaq üçün dan yeri, şan yeri var. Hər xalqın, hər millətin ruh yeri, can yeri var, Ruha ehtiyac oldu Heydər ziyarətgahı!
Xalqın abrı, isməti, qeyrəti, arı burda, Xalqın dostu, sirdaşı, arxası, yarı burda, Zəhmətinin meyvəsi, bəhrəsi, barı burda, Başımızda tac oldu Heydər ziyarətgahı!
ŞEİRLƏRİN SİRDAŞIYDI, ŞAİRLƏRİN QARDAŞI
Sözün sirli qalasında bir möcüzə ucaldı, Böyük sözün adamıydı, böyük sözə ucaldı. Dediyi söz Haqdan gələn, İlahinin sözüydü, Bizim üçün əziz olan bir dahinin sözüydü.
O bilirdi hər söhbətin çeşidini, rəngini, Sözün üstə kökləmişdi səsinin ahəngini. Divar-divar ucaldırdı kərpic sözü, daş sözü, Başdan uca saxlayırdı baş kəlməni, baş sözü. Gözlərinin işığıydı Haqdan gələn şairlər, Göydən enən sevincini yerlə bölən şairlər. O bilirdi hansı əsər, hansı kitab yazılıb, Hansı sual baş qaldırıb, hansı cavab yazılıb. Niyyətindən, nəfəsindən tanıyırdı şairi, Vergülündən, nöqtəsindən tanıyırdı şairi. Gözlərindən yayınmırdı heç bir kəsin zəhməti, Öz vaxtında bilinirdi onun qədri, qiyməti. Hamı ondan gözləyirdi hər qayğını, diqqəti, Böyükləri böyüdürdü onun ağlı, hikməti. Sözlərindən güc alırdı ən möhtəşəm kürsülər, Sinəsində çağlayırdı gur çeşmələr, gur sular. Ellər onu hər elmdən yaxşı halı bilirdi, Söhbətini dilimizin yağı-balı bilirdi.
Gördüyündən götürürdüm, şagird məndim, məktəb o! Məna oydu, məzmun oydu, məqsəd oydu, mətləb o! Onun üçün ən işıqlı, ən mənalı şeirdi Bu vətənin hər qarışı, hər qayası, hər daşı, Şeirlərin sirdaşıydı, şairlərin qardaşı!
O bilirdi “boy boylamaq” nə mübarək kəlmədi, O bilirdi “soy soylamaq” hansı eldən gəlmədi. O bilirdi şeirimizin çəkisini, yükünü, O bilirdi qədim “Xəmsə” hardan alır kökünü. O bilirdi “can!” nə sözdü, sözdə olan can nədi, Min-min əsrə işıq salan bir “Şəbi-hicran” nədi. O bilirdi Füzulinin fəryadını, ahını, Söz sultanı necə tutub Tanrının dərgahını. O bilirdi şair üçün Sibir nədi, qəbir nə, Cavid kimdi, həsrət nədi, dözüm nədi, səbir nə? O bilirdi Sabir üçün ürəyi şişmək nədi, O bilirdi Vurğun olub xərçəngə düşmək nədi.
O, bilirdi nədən ötrü Şəhriyarı sevirdi, Şəhriyarın nəfəsində Üzümüzə həsrət qalan bir diyarı sevirdi. O bilirdi Bəxtiyar niyə “Gülüstan” dedi? Ayrılıqdan söz açdı, dərdinə dastan dedi. O bilirdi nə vulkandı Xəlil Rza vulkanı, O bilirdi nə tufandı Məmməd Araz tufanı, O bilirdi nə meydandı Zəlimxanın meydanı. O bilirdi bu milləti söz qaldırır ayağa! And içəndə şeir ilə and içəcək bayrağa! Ona görə hava kimi ciyərinə çəkirdi Sözümüzün şirəsini, şeirimizin ətrini, Ona görə çox bilirdi şairlərin qədrini. Nə bitəndi, nə tükənən şeiri, sözü, söhbəti, Şair, indi hünərin var o xəznədən var daşı, Şeirlərin sirdaşıydı, şairlərin qardaşı!
O, sözə güvənirdi, sözə arxalanırdı, Sözdəki uzaqgörən gözə arxalanırdı.
Dahilər dodağında söz səngərdi, silahdı, Söz hüdudsuz zamandı, söz axşamdı, söz sabah. Dünyanı “Ol!” sözündən yaratmadımı Allah?! Silahı söz olanlar sınmadı, qısılmadı, Hər yerdə qalib oldu, heç zaman basılmadı. Söz ürəkdi, söz könül, söz başdı, söz beyindi, Onun uçuş zirvəsi güllələrdən yeyindi. Öndərin nəzərində söz Xətai qılıncı, Nəsimi inadıydı, Söz Tanrı pıçıltısı, söz mələk qanadıydı. O, şairə baxırdı Sənətin peyğəmbəri, sözün Allahı kimi, O, şairə baxırdı Azərbaycan dilinin sultanı, şahı kimi. Şeir ürəyin səsi, şair ər oğlu ərdi, Onun hansı məclisi şairsiz ötüşərdi? Ulu sözün sehrini düşünəndə, duyanda Ən uca zirvələrdə olduğunu görmüşəm. Onun öz tarixiydi şeirin minillik yaşı, Şeirlərin sirdaşıydı, şairlərin qardaşı!
ONUN SƏSİ
Hər kəlməsi Anaların laylasıtək ürəklərə yatan kişi, Səksən yaşda şəhidliyin zirvəsinə çatan kişi, Hər sözünü Düşmənlərin cərgəsinə Güllə kimi, mərmi kimi, silah kimi atan kişi, Sevgisiylə nur selitək könüllərə axan kişi, Qəzəbiylə baxışlarda şimşək kimi çaxan kişi, Sınıq-salxaq körpüləri sağ-salamat keçən kişi, Nişan alıb hədəfini doğru-düzgün seçən kişi. Ordu, qoşun, mərmi, silah bir ürəyə yerləşəndə, Onu görən izdihamlar yumruq kimi birləşəndə, Rəqiblərin silahını əllərindən aldıranda, Gur səsiylə salonları ayaq üstə qaldıranda Bilirdilər, görürdülər Bu məğrur səs, Bu gur nəfəs, Yeri, göyü qucaqlayan Sonsuz həvəs Bir nəfərin işi deyil! Bir Ali Baş Komandanın, Bir əsgərin işi deyil!
Elin gücü, yelin gücü, selin gücü, əlin gücü, Səs verirsə həmin səsə, Sığışmırsa dar qəfəsə, Bu, Allahın hikmətidir, bu, bəşərin işi deyil! Yeddi yerə xidmət edib, üzə maska geyənlərə, İçi qarpız qafaları boş-boşuna öyənlərə, Yeddi cildə, yeddi rəngə, yeddi rola girənlərə, Sürtülmüş bir qalay kimi üzü üzlər görənlərə Qılınc kimi sıyrılırdı qətiyyəti, Bildirirdi qəzəbini aydın, qəti: “Mövqeyini açıq bildir! Baş açmıram Sən getdiyin hansı yoldur, Danışdığın hansı dildir? Danışanda mızıldama, Mövqeyini açıq bildir!”. Öz mövqeyi göylər kimi aydın idi, Qılınc kimi kəskin idi. Böyüklüyü qarşısında Çox “böyüklər” cılız idi, xırda idi, miskin idi. Ürəyində öz xalqının ağrıları, əzabları, Ürəyində ağrı dolu sualları, cavabları,
Oxumuşdu Hər sətrinə, cümləsinə qan çilənmiş kitabları. Dağ çəkməzdi, Gəmi, qatar daşımazdı o çəkən iztirabları! Ən dəhşətli tufanlara sinəsini gərmişdi o, Millətinin ən ağrılı günlərini görmüşdü o. Dövlət adlı bir sarayı Kərpic-kərpic ucaltmışdı, divar-divar hörmüşdü o! Bu sarayın bünövrəsi Axı niyə dağılmalı, axı niyə uçmalıydı? Hamı onun qurduğunu Həyat kimi qorumalı, bala kimi qucmalıydı. Səs qalxırdı ürəyindən dalğa kimi, tufan kimi, Qabarırdı, çəkilirdi ümman kimi. Səs deyirdi: – Mən qoymaram kimsə gəlib təhqir edə millətimi, talan edə sərvətimi. Mən qoymaram yadlar gəlib viran qoya cənnətimi. Azərbaycan ancaq özü qoruyacaq Namusunu, qeyrətini, dövlətini, millətini!!!
Səs deyirdi: – Mən bu xalqın ürəyində sarı siməm, Mən uluyam, mən qədiməm! Heç bir qüvvə məni yoldan döndərəmməz, ocağımı söndürəmməz. Öz yolumda öz qatarım çıxıb yola, Tarix deyir: – Uğur ola! Uğur ola! Mənimkidi hava yolu, dəniz yolu, dəmir yolu, Yarı yolda qoymaz məni sabahlara doğru gedən ömür yolu! Səs deyirdi: – Yurdam, evəm, aşiyanam, Qayğınızı öz çiynimdə daşıyanam. Sizi nurtək yaşadanam, Sizin ilə sonsuzluğa çatanadək yaşayanam! Səs deyirdi: – Mən bir diləm, Azərbaycan ətri verən ana dili, Beşik dili, layla dili, məna dili. Süleymanın anladığı quş diliyəm, Zəhmət dili, qayğı dili, iş diliyəm, Torpaq dili, toxum dili, xış diliyəm.
Səs deyirdi: – Düşmənçilik toxumunu köklərindən qoparanam, Qəlbinizə dəyən olsa Dalğa kimi hayqıranam, Dəniz kimi qabaranam, Eşqimizi bayraq kimi sabahlara aparanam! Mən bu yurda keşikçiyəm, Bu torpağa gözətçiyəm. O xəzinədə nələr varsa, mənə güvən. Apar, atam, apar, anam! Səs deyirdi: – Mən şöhrətəm, mən dövlətəm, Qələbəyəm, qətiyyətəm! Azadlığın, istiqlalın məbədiyəm! Tarix kimi möhtəşəməm, dünya kimi əbədiyəm!!!
OXUNACAQ BU DASTAN
Onsuz da ucalardan ucada durur adı, Yazsam da, yazmasam da bilir vətən övladı. Mən öz borcumu verdim mənə qiymət verənə, Ruhuma sığal çəkib, sözə zinət verənə. Keçirdim hər kəlməni ürəyimin qanından, Burda da dada çatdı,
Məni özü çıxartdı sözün imtahanından. Mənim ayaq basdığım mübarək bir astana, Səksən illik bir ömrü çevir dedi dastana. Elə bir dastana ki, Ustadnamə yerində, Vücudnamə yerində, Qıfılbəndi yerində, Müxəmməsi yerində, Zili, bəmi, avazı, Enən səsi yerində, Qalxan səsi yerində! Elə bir dastana ki, Onun deyiş meydanı, Onun döyüş meydanı, Hərbəsi-zorbası var, Qəfil gələn hücumu, sərt olan zərbəsi var. O, bir “Ustadnamə”di, hər kəlməsi həqiqət, O, bir “Vücudnamə”di, başdan-başa təbiət. O, bir qıfılbənddi ki, Nə qədər açılsa da, Ömrün hər dönəmində açılmamış sirr qalır. Bir fikrə gəlirsən, Yenə onunla bağlı Nə qədər deyilməmiş söz qalır, fikir qalır. O, atalar sözüdü, Yaddaşlarda qalacaq əbədi möhür kimi.
Gələcək nəsilləri hər gün sehrləyəcək Sirr kimi, sehr kimi! Ən incə mətləblərə, Ən zərif duyğulara toxunacaq bu dastan. Xalqın saf ləhcəsində, elin şirin dilində, Füzulinin, Sabirin, Üzeyirin dilində Oxunacaq bu nəğmə, oxunacaq bu dastan!
Təkcə əziz anası İzzətdən doğulmadı, Suyunu Haqdan içən məhəbbətdən doğuldu. Onu tarixə çəkdi tarixin qaynaqları, Döyüş meydanı seçdi, cəsarətdən doğuldu. Qılıncı iti gördü, inamı qəti gördü, Ruhu Babəkdən gələn bir millətdən doğuldu. Gördü onu sıxırlar hər yandan, hər tərəfdən, Şərəfsizlər sürüsü Onu salmaq istəyir ən uca bir şərəfdən. Arxada, öndə düşmən, Gündə şər, gündə düşmən. Gördü xalqının qanı axır küçələr boyu, Qız-gəlinlər saç yolub, ağlayır şəhər boyu.
Kim ağlayır, kim gülür, kimdi alan nəzərə? – Titrətdi varlığını bu dəhşətli mənzərə: Əzilən bir millətin hayına çatmaq üçün, Can verən bir xəstəni Bu həyata qaytarıb, sağlam yaşatmaq üçün Dağdan yel kimi gəldi, daşdan sel kimi gəldi, Qoşun kimi yeridi, ağır el kimi gəldi. Xızır kimi yetişdi, xilaskar kimi gəldi, Həqiqətə bir dayaq, Haqqa yar kimi gəldi. Qurtardı xalqı dardan, qurtardı xalqı yasdan, – Gələcək nəsillərin düşməyəcək əlindən, Varaq-varaq çevrilib oxunacaq bu dastan!
İnam ilə başlanıb hər sətri, hər kəlməsi, Yazdığım hər nə varsa, mən inanıb yazmışam. Gecəm gündüzə dönüb inamın işığında, Şam kimi ərimişəm, yanıb, yanıb yazmışam. Bir-birinin dalınca axıb gələn fəsillər Hava kimi ruhumda bəstələnib, yazmışam.
Məhəbbət yollarında ömrü girov qoymuşam, Mən onun xəstəsiyəm, xəstələnib yazmışam. Yazan kim, yazdıran kim, Haqqa yaxşı bəllidir, Ürəyimin hökmüdür, sifariş Haqdan gəlib. Çiçək ətri, gül suyu, bal şirəsi qatılıb, Onu yazan qələmin gücü torpaqdan gəlib. Ona ilham deməzdim, Bu adın həvəsiylə çay kimi coşmasaydı. Ona könül deməzdim, Elin xilaskarına nəğmələr qoşmasaydı. Ona şair deməzdim, Ana öz balasını bağrına basan kimi, Bu mübarək mövzunu bağrına basmasaydı. Yaza bilərdimmi mən bu odlu sətirləri, Xalq ürəkdən dinləyib, el qulaq asmasaydı? Onu danışdıracaq qopuz kimi, ud kimi, Oğullar yetişəcək Dədə sözün dədəsi dədəmiz Qorqud kimi. Nə deməkdi ətlə qan, Nə deməkdi ruhla can, – Bax beləcə bağlanıb duyğulara, hislərə,
Bax beləcə qarışıb nəğmələrə, səslərə Oxunacaq bu nəğmə, oxunacaq bu dastan!
Zaman dedi: “Nə yazmısan, layiqdimi öndərə, Sözün varmı, tarix onu sabahlara göndərə, Şeirin varmı, dodaqlarda kəlmə-kəlmə oxuna, Fikrin varmı, ürəklərdə xalı kimi toxuna, Sətrin varmı, çiçək kimi tumarlana, öpülə, Yağış kimi nur yağdıra, çiçək kimi səpilə?”. Mən zamanın sualına qətiyyətlə “var”, – dedim, “Həqiqəti istəyirsən, gəl sinəmi yar”, – dedim. Bu əsəri kimlərəsə xoş gəlməkçün yazmadım, Sözün canı nədədirsə, mən o canı yazmışam. O, nə zaman qaldırırdı yumruğunu havaya, O dalğanı, o tufanı, o meydanı yazmışam. Saya gəlməz duyğularla hər gün verib baş-başa, Pillə-pillə Haqqa varan adı-sanı yazmışam. Ümid yeri, iman yeri, güman yeri bilmişəm,
Talelərə ünvan olan bir ünvanı yazmışam. Doğum günü var olsa da, ölüm günü yoxdu, yox, Ölümlərə qılınc çəkən bir insanı yazmışam. Neçə ildi içərimdə nur çeşməsi qaynayır, Dastan mənə dayaq olub, mən dastanı yazmışam. Onu görüb, onu duyub, onu sevib həyatda Zəlimxanın içindəki Zəlimxanı yazmışam. Qoca dünya, qoca tarix öz işini görəcək, Ağılların, ilhamların meyvəsini dərəcək. Açılacaq aydın səhər, söküləcək qızıl dan, Oxunacaq! Oxunacaq! Oxunacaq bu dastan!!!
GÖYLƏRDƏN GÖNDƏRDİ YARADAN SƏNİ!
Sönən ocaqları alovlamağa, Başsız küləkləri cilovlamağa, Yatan taleləri oyandırmağa, Qardaş qırğınını dayandırmağa, Kini, küdurəti yığışdırmağa, Min qəlbi bir cana sığışdırmağa, Qidasız ruhlara qida verməyə,
Üşüyən əlləri oda verməyə, Xalqı xatalardan sovuşdurmağa, Yerləri göylərə qovuşdurmağa Allah səni seçdi, səni bəyəndi, Gözündən qoymadı bircə an səni, Göylərdən göndərdi Yaradan səni!
Bağlanan qolları açmaqdan ötrü, Nuru könüllərə saçmaqdan ötrü, Paslı qıfılları sındırmaq üçün, Ümid çırağını yandırmaq üçün, Buludun torpağa yağışı kimi, Günəşin üfüqdən doğuşu kimi, Yanan ürəklərə sərinlik kimi, Acı talelərə şirinlik kimi, Xəyala ucalıq, fikrə genişlik, Ağla, düşüncəyə dərinlik kimi, Xalq üçün həmişə oyaq olmağa, Yıxılan dağlara dayaq olmağa, Gördü gücü çatmır yerdəkilərin – Gördü hava sərtdi, uçurum dərin, Bildi dərdlilərə bir dərman səni, Göylərdən göndərdi Yaradan səni!
Yoxsa başbiləni, qədirbiləni, El rahat yaşamır, can rahat olmur. Ocaq alışmasa, təndir qızmasa, Xoş gün, xoş güzəran, xoş saat olmur. Hər kəs öz yerini tanımayanda İnsanın həyatı bir həyat olmur. Dövləti yoxdursa, millət də yoxdu, Dövlətdən, millətdən uzaq olana Yer olmur, göy olmur, kainat olmur. Günəşi, ulduzu, Ayı yerində, Gəldin ömrümüzə bir həyat kimi.
Əqrəbi qırılan, çarxı paslanan, Yerində dayanan vaxtı, zamanı Qurdun əllərinlə bir saat kimi. Hər şey nizamlandı, sahmana düşdü Yer kimi, göy kimi, kainat kimi. Basdı öz bağrına bu cahan səni, Göylərdən göndərdi Yaradan səni!
Atanın adında iki isim var, Biri Əlidirsə, biri Rzadı. Haqqı sevənlərin, sevilənlərin Önündə açılan geniş fəzadı. Səni duyanların haqqı məhəbbət, Səni dananların payı cəzadı. Əgər sən varsansa bu yer üzündə, Bütün arzuların üzü bahara, Bütün istəklərin üzü yazadı. İnandı gücünə, məhəbbətinə, İnandı Allaha sədaqətinə, Seçmədi bu ali sıradan səni, Peyğəmbər sifətli bir insan kimi, Göylərdən göndərdi Yaradan səni!
Yerin səddi də var, sərhədi də var, Sonsuz üfüqlərin ölçüsü yoxdur. Hələ ki Allahın bu yer üzündə Peyğəmbərdən sonra elçisi yoxdur. Hər kimi peyğəmbər seçirsə Allah, Ağrını, əzabı ona göndərir. Dünyanı nizama salmaqdan ötrü, Müqəddəs kitabı ona göndərir. Kəsəndə qarşını ağır suallar, Ən dürüst cavabı ona göndərir. Sözə baxmayanda qövmü, tayfası, Dərdi, iztirabı ona göndərir.
Yolunu azanda insan övladı Çəkilməz bu dərdlər, bu yüklər olur, Cılızlar dolaşır ələ, ayağa, Böyük dərdi çəkən böyüklər olur. Sayı çoxalanda ağır yasların, Gözləri qızanda ehtirasların, Suyun qabağını kəsəndə yağı, Yerdən üzüləndə haqqın ayağı, Gözləri sel kimi yaş aparanda, İnsan vəhşiləşib baş aparanda, Ürəyi dəmirlər qan axıdanda, Oğula, uşağa, gəncə baxmayıb, Yezidlər, şümürlər qan axıdanda, Gəldi, bu millətə yazığı gəldi, Dedi “qoy tanısın bu cahan səni”, Göylərdən göndərdi Yaradan səni! 20, 5 yanvar-2 dekabr