Düz gəlib, düz gedən adam
Göyə baxmır ulduz görə, Yerə baxmır çiçək görə. Dönüb xalqa baxırmı ki, Gözü bir ağsaqqal seçə, Ya da bir ağbirçək görə, Düz gəlib, düz gedən adam.
Duruş saxta, görüş saxta, Yeriyir, saxta yeriyir. Təkəbbürü beş-on addım Ondan qabaqda yeriyir. Elə bil ki, adam deyil, Adamların arasında Sıyrılmış taxta yeriyir Düz gəlib, düz gedən adam.
Tökülən yaşa biganə, Atılan daşa biganə. Ağrı bilməz, acı bilməz, Qardaş bilməz, bacı bilməz Düz gəlib, düz gedən adam.
Əldən tutmaz, ələ gəlməz, Əli ancaq cibindədi. Sanki, qəlbi sinədə yox, Quyuların dibindədi. Bütün dünya təbdən çıxa, Yenə də öz təbindədi Düz gəlib, düz gedən adam.
Nə könlündə bir şairin Könül açan şeiri qaldı. Nə gözündə bir rəssamın Gözoxşayan seyri qaldı. Zahirdə düz yerisə də, İçəridən əyri qaldı Düz gəlib, düz gedən adam.
2002, 23 yanvar