Əsas məzmuna keç

Heca şeiri

Düşünürəm

Zəlimxan Yaqub

1

İldə bir yol fürsət tapıb, “ana” – deyib kəndə dönən, Ana üçün, bacı üçün şərbət olan, qəndə dönən, Əzizlənən oğul mənəm! Dönə-dönə nağılını, dastanını dinlədiyim Bir insanın dodağında dastan mənəm, nağıl mənəm! Barmağıyla sığallanıb saçımdakı tumar mənim, Halal haqqı yaddan çıxsa, haqq gözümü yumar mənim! İldə bir yol getsəm belə Bəlkə ildə min bir dəfə mən anamı düşünürəm. Ürəyimdən keçənləri gözlərimdən duyanımı, Qıyılmayan canı belə bala üçün qıyanımı, Gecə-gündüz şölə çəkib yanan şamı düşünürəm! O qüdrəti, o hikməti, o inamı düşünürəm! Neyləyibsə gözlərimdə yaz da, qış da şeirə dönüb, O şairi, o laylanı, o ilhamı düşünürəm! Eh... nə çıxar düşünməkdən, Qaralan ki deyil daha saçlarımda gördüyüm dən!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.