Əsas məzmuna keç

Heca şeiri

Düşüncələr

Zəlimxan Yaqub

1

Gündüzlər düşünə bilmirəm demə, Gündüz düşüncədi, gecə düşüncə. Ağlına arxalan, fikrinə güvən, Yersiz zor işlədib gücə düşüncə.

Kövrək bir duyğunun nişanəsidir, Cavan bir alimin saçındakı dən. Ən böyük kitablar, ən böyük işlər, Yaranıb ən incə düşüncələrdən.

Baxışlar zərrədə bir aləm görər, Bölər bölünməzi min bir yerindən. Eşqimiz o qədər qalxar, ucalar, Fikrimiz nə qədər gəlsə dərindən.

İncə duyğulardan çox-çox uzaqdır Gülmək xatirinə gülünc olanlar. Aldı qüvvətini düşüncələrdən, Sözünün kəsəri qılınc olanlar.

Alanda qoynuna duyğular məni, Bir zəmi görmüşəm bircə dəndə mən. Haraydan, həşirdən heç nə çıxmadı, Tapdım gəzdiyimi düşünəndə mən.

İnsan düşünəndə, insan duyanda Ən çətin suala cavab tapılar. Ağlın qarşısında dayana bilməz, Taybatay açılar bağlı qapılar.

1974, 28 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.