Düşübdü
Dünən bulaq üstə qızın, gəlinin, Toy-nişan barədə sözü düşübdü. Deyirlər təzə bəy olmaq istəyir, Aranın yaylağa gözü düşübdü.
Çəmənlər torpağa döşəyib xalı, Nişana hazırdır kərəsi, balı. Əlləri həsrətdən qalıb uzalı, Elçi dərələrin özü düşübdü.
Sığmayıb bu sevgi misraya, bəndə, Yayılıb sədası şəhərə, kəndə. Vətən torpağını toylu görəndə, Sinəmə sənətin közü düşübdü.